Naxçıvan Dövlət Texniki Kollecində “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Rəşad Əliyev çıxış edərək bildirib ki, nağdsız ödənişlər nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız hesablaşmaların ödəniş kartları, bank köçürmələri, çeklər və sair kimi müxtəlif növləri mövcuddur. Onlardan ödəniş kartlarını xüsusilə qeyd etmək lazımdır.
Bildirilib ki, nağd hesablaşma ilə müqayisədə ödəniş kartı vasitəsilə aparılan əməliyyatların çoxsaylı üstünlükləri vardır. İnkişaf etmiş ölkələrdə ödəniş kartları gündəlik həyatda əvəzedilməz alətdir və öz sahibləri üçün rahatlıq, səmərəlilik, eyni zamanda təhlükəsizlik simvoluna çevrilib. Muxtar respublikada ödəniş kartlarından istifadə göstəriciləri gündən-günə artmaqdadır. Muxtar respublika iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların əsas məqsədlərinə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barədə maarifləndirilməsi, alğı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyasının həyata keçirilməsi də daxildir.
Sonra elektron lövhə vasitəsilə nağdsız hesablaşmaların üstünlüklərindən bəhs edən reklam çarxı nümayiş etdirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbərlər şöbəsi