Standartlaşdırma müasir iqtisadiyyatın açarıdır
14 oktyabr – Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün hər il Azərbaycanda da “Ümumdünya Standartlaşdırma Günü” kimi qeyd edilir.
Standartlaşdırma iqtisadiyyatın idarə olunmasının başlıca vasitələrindən biridir. O, bilavasitə ictimai istehsalın səmərəliliyini və istehsal olunan məhsulun keyfiyyətini nizamlayır. Azərbaycanda istehlakçı hüquqlarının qorunması, əhalinin standartların tələbinə uyğun keyfiyyətli mal və məhsullarla təminatı ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimizin 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi fəaliyyətə başlamış, sonrakı dövrlərdə “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir. Bu gün Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Standartlaşdırma Təşkilatının və Türkdilli Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin üzvüdür.
Ölkəmizdə milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir dünyanın tələbləri ilə səsləşən yeni milli standartların qəbulu və tətbiqi prosesi uğurla icra olunmaqdadır. Başlıca məqsəd ölkədə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun təkmilləşdirilməsidir. Çünki standartlaşdırmanın təkmilləşdirilməsi ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin dünya standartlarına cavab verən maddi-texniki baza ilə təchiz olunması həm də beynəlxalq tələblər səviyyəsində qəbul edilən yeni standartların tətbiqinə geniş imkanlar açmışdır. Muxtar respublikada istehsal olunan məhsulların yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran prioritet vəzifələrdəndir. Məqsəd istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olmaq, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir. Bu isə standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə mümkündür.
Muxtar respublikamızda standartlaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, yerli məhsulların xarici bazarlara çıxışının təmin edilməsini fəaliyyətində əsas istiqamət kimi götürür. Təkcə bu ilin ötən 9 ayı ərzində komitəyə 5640 dövlətlərarası standart, 42 milli standart, 50 türk standartı, 1 təsnifat daxil edilmiş, 8 texniki şərtin ekspertizası aparılmış və dövlət qeydiyyatına alınmışdır. Bu dövrdə sahibkarlıq subyektləri ilə abonent xidməti üzrə 203 müqavilə bağlanmışdır. Hazırda komitədə Azərbaycan Respublikasında qüvvədə olan 718 milli standart, 14 min 347 dövlətlərarası standart, 299 türk standartı, 23 beynəlxalq standart, 16 texniki şərt, 37 təsnifat, 1143 rəhbəredici sənəd, 173 ədəd metodik sənəd, 2 ədəd təlimat, 1 ədəd texniki tələb olmaqla, ümumilikdə, 16 min 759 texniki normativ-hüquqi akt toplanmışdır.
Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların keyfiyyətinə, müasir standartlara cavab verməsinə və rəqabət qabiliyyətinə malik olmasına ciddi diqqət yetirilir. Bu məqsədlə istehsalçılar, xüsusilə də sahibkarlar arasında maarifləndirici söhbətlər aparılır, müəssisələrdə yoxlamalar keçirilir, məhsulların keyfiyyət göstəricisi nəzarətdə saxlanılır. 2013-cü ildə də bu məsələ diqqət mərkəzində olmuş, ümumilikdə, 597 təsərrüfat subyektinə müasir standartların tətbiqi ilə bağlı maarifləndirici məktublar göndərilmiş, ticarət obyektlərindən 138 min 594 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsul aşkar edilərək satışının qarşısı alınmışdır. İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün nəzərdə tutulmuş Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi, geni dəyişdirilmiş və ya genetik modifikasiya olunmuş məhsulların, eləcə də süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının da qarşısı alınmışdır. Bütün bunlar daxili bazarın keyfiyyətli məhsullarla təminatına, istehlakçı hüquqlarının qorunmasına hesablanmış tədbirlərdir.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası üçün komitə tərəfindən ardıcıl tədbirlər görülür. Kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən 33 müəssisə rəhbərinin iştirakı ilə görüşlər keçirilmiş, 2 müəssisəyə İSO 9001 beynəlxalq idarəetmə sertifikatı, uşaq yeməyi istehsal edən bir müəssisəyə isə uyğunluq sertifikatı verilmişdir. Yeyinti məhsullarının istehsalı, emalı, daşınması, saxlanması və satılması zamanı məhsulların keyfiyyəti ilə bağlı qanunvericiliyin pozulması hallarına qarşı mübarizə məqsədilə 6 təsərrüfat subyektində dövlət nəzarəti aparılmışdır. Ərzaq məhsullarının əmtəə nişanlarının saxtalaşdırılması hallarının aradan qaldırılması məqsədilə istehsal və xidmət sahələrində 3 dəfə monitorinq keçirilərək 9 müəssisənin istehsal etdiyi 42 məhsulun etiketlərində mövcud olan nöqsanlar aradan qaldırılmışdır. Bununla yanaşı, 46 konserv məhsuluna sertifikat verilmişdir.
İxracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 43 avadanlıq sertifikatlaşdırılmışdır. Cari ilin 9 ayı ərzində 589 ədədi ərzaq, 4110 ədədi qeyri-ərzaq məhsulu olmaqla, cəmi 4699 ədəd uyğunluq sertifikatı verilmişdir. Sertifikatların 283 ədədi milli, 385 ədədi dövlətlərarası, 3781 ədədi beynəlxalq standartlara, 231 ədədi təhlükəsizlik göstəricilərinə, 16 ədədi müəssisələr tərəfindən hazırlanmış texniki şərtlərə və 3 ədədi yoxlama metodikasına uyğun olaraq verilmişdir. 86 istehsal müəssisəsinin istehsal etdiyi 149 adda məhsula AZS Milli Uyğunluq Nişanı ilə nişanlamaq hüququ verilmişdir.
Muxtar respublikamızda əhalinin sağlamlığının və istehlakçı hüquqlarının qorunması üçün standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti