22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikamızda hər bir kənd adamı öz pay torpaq sahəsində istədiyi məhsulu yetişdirə bilər. Bunun üçün torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Muxtar respublikaya kənd təsərrüfatı texnikalarının gətirilməsi, genişmiqyaslı meliorasiya- irriqasiya tədbirlərinin həyata keçirilməsi, torpaq sahiblərinin yüksək məhsuldarlığa malik toxumlarla təchiz olunması və digər məqsədyönlü tədbirlər kənd adamlarını torpağa sıx tellərlə bağlayıb. Bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsində təcrübəli əkinçilər, fermerlər, sahibkarlar var. Onlar müxtəlif əkinçilik sahələri ilə məşğul olur, həm öz güzəranlarını yaxşılaşdırır, həm də daxili bazara töhfələrini verirlər.

Strateji məhsul olan taxılın əkilib-becərilməsinə son illərdə muxtar respublikamızda daha çox diqqət yetirilir. Hər bir torpaq adamı “Öz təknəm, öz taxılım!” prinsipi ilə çalışaraq ilbəil əkin sahələrini artırır.
Qeyd edək ki, bu ilin məhsulu üçün muxtar respublikada 36 min 879 hektar sahədə taxıl əkilib. Diyarımızın torpaq-iqlim şəraiti həm də dəmyə sahələrdə əkin keçirməyə imkan verir. Əkilmiş taxılın 7 min 282 hektarının dəmyə sahələrdə olması bunu bir daha sübut edir. Sahələrdə bol məhsul yetişdirilməsi isə çəkilən zəhmətin bəhrəsidir. Hər il olduğu kimi, bu il də taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib, hazırlıq işləri görülüb. Belə ki, 107 taxılbiçən kombayn, 295 qoşqu, 301 kipvuran, 81 özüboşaldan avtomaşın, 602 traktor, 38 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilib. Onu da qeyd edək ki, 2019-cu ildə və bu ilin ötən dövründə muxtar respublikada 18 kombayn lizinq yolu ilə fiziki şəxslərə satılıb. Hazırda biçinə cəlb olunan “Dominator Klass”, “New Holland” və “Sampo” markalı müasir kombaynların 93-ü fiziki şəxslərə, 7-si “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə, 6-sı isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Məhsul tədarükünün mütəşəkkil həyata keçirildiyi muxtar respublikada taxıl əkini daha çox Babək rayonunda aparılıb. Bölgənin taxılçıları 11 min 767 hektar sahədə taxıl yetişdiriblər. Ən yüksək məhsuldarlıq isə hələlik Sədərək rayonuna məxsusdur. Belə ki, bölgədə 6 iyul 2020-ci il tarixə məhsuldarlıq 36,4 sentner təşkil edib. Ümumilikdə, adıçəkilən tarixə 21 min 450 hektar sahədən 65 min 546 ton məhsul tədarük olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR