22 Dekabr 2024, Bazar

Naxçıvanın enerji təhlükəsizliyinə yeni töhfə olacaq

Modern dünyanın elə bir başqa bölgəsini tapmaq çətindir ki, burada yaşayan insanlar yaxın keçmişdə Naxçıvanda olduğu kimi çətin enerji çatışmazlığı sınağı versinlər. İndiki gənclər belə çətin günləri görməsələr də ötən 90-cı illərin əvvəllərində Naxçıvanda yaşayan hər kəs həmin qaranlıq gecələri yaxşı xatırlayır. O zaman enerji qıtlığından qışın soyuq, yayın qaynar isti günlərini yaşayan insanların həyat şəraiti, boş dayanmış sənaye müəssisələri, suvarılmayan əkin sahələri, fasilələrlə işləyən rabitə, nəqliyyat infrastrukturu şəbəkəsi, təhsil və səhiyyə müəssisələrində, ümumilikdə, iflic vəziyyətinə düşmüş iqtisadiyyatın bütün sahələrindəki vəziyyət hamını narahat edirdi. Odur ki, yaşanmış bütün bu tarix və sonrakı dövrlərdə dünya iqtisadiyyatında baş verən ümumi proseslər enerji təhlükəsizliyi problemini qabarıq olaraq gündəmə gətirdi. 

Enerji təhlükəsizliyi məsələsi sahib olduğu enerjidaşıyıcılarının növü və həcmindən asılı olmayaraq, əslində, hər bir ölkə üçün zəruridir. Hətta müasir dünyada zəngin karbohidrogen, yaxud nüvə və hidro potensiala malik olan ölkələrdə belə, enerji mənbələrinin şaxələndirilməsi və mümkün alternativ resurslar hesabına enerji təminatının zəmanət altına alınması üçün çox ciddi siyasət aparılır. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda enerji təhlükəsizliyi sahəsində həyata keçirilən strategiya bu vacib sahədə tam təhlükəsizliyə nail olmağı özündə ehtiva edir. Xüsusən blokada ucbatından ölkəmizdən birbaşa olaraq elektrik enerjisi nəqli imkanları olmayan Naxçıvan Muxtar Respublikası üçün bu olduqca həyativacib məsələ kimi həmişə diqqət mərkəzində saxlanılıb. Bununla da ötən müddət ərzində həyata keçirilən bütün işlərin nəticəsində artıq Naxçıvan elektrik enerjisi idxalınan asılı olan bir regiondan onun ixracatçısı mövqeyinə gəlib çatıb. Ordubad rayon ərazisində tikiləcək Tivi Su Elektrik Stansiyası isə bu potensialın daha da artırılması istiqamətində mühüm bir töhfə olacaqdır. 

Muxtar respublikanın enerji təhlükəsizliyi həmişə dövlətimizin diqqət mərkəzində olub. Hazırda Naxçıvanda enerji təhlükəsizliyi daha çox alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin olunur. Belə ki, diyarımızda illik elektrik enerjisi tələbatı 450 milyon kilovat-saata yaxındır ki, bunun da 230 milyon kilovat-saatdan çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunur. Bu gün muxtar respublikada fəaliyyət göstərən elektrik stansiyaları arasında ən güclü Naxçıvan Modul Elektrik Stansiyası ilə yanaşı böyük layihə olan Günəş Elektrik Stansiyası və daha 5 su elektrik stansiyası da vardır. Yeni tikiləcək Tivi Su Elektrik Stansiyası isə derivasiyatipli olacaq. Bu stansiya 15,6 meqavat gücündə layihələndirilib. Stansiyada illik 47 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir ki, bu da tələbatın 9-10 faizinə bərabərdir. Stansiya istifadəyə verildikdən sonra muxtar respublikanın illik enerji tələbatının 70 faizə yaxını bərpa olunan enerji mənbələri hesabına ödəniləcəkdir.
Tivi Su Elektrik Stansiyasının tikilməsi həm də Naxçıvanın sahib olduğu hidropotensialın iqtisadi potensiala çevrilməsinin ən yaxşı nümunələrindən biri olacaqdır. Belə ki, derivasiyatipli belə elektrik stansiyaları mürəkkəb relyef quruluşuna malik olan ərazilərdə enerji istehsal etmək üçün ən yaxşı ideyadır. Dünyada da geniş tətbiq olunan bu tip layihələrdə digər hidroqurğulara nisbətən daha az miqdarda ətraf mühitə təsir edilir ki, bu da layihənin ekoloji və sosial səmərəsini artıran amillərdəndir. Digər bir tərəfdən ucqar ərazilərdə tikilən elektrik stansiyaları burada uzunmüddətli investisiyalar üçün ilkin əsas daşımaqla çox mühüm əhəmiyyət kəsb edir ki, bu da ərazidə əlavə sosial effektlərin yaranmasına səbəb olur. Bütün bunlarla yanaşı, derivasiyatipli su elektrik stansiyaları möhtəşəm mühəndislik qurğuları kimi ümumi inkişafdan xəbər verir ki, bu da, ümumən, regionun investisiya cazibədarlığını artırır. Odur ki, diyazrımızda tikilməsinə başlanılmış Tivi Su Elektrik Stansiyası bundan əvvəl Naxçıvanda istifadəyə verilmiş möhtəşəm enerji layihələrinin uğurlu davamı olacaqdır.

- Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR