Nüsnüs kəndi Ordubad rayonunun iri yaşayış məntəqələrindəndir. Öz qədimliyi və səfalı görünüşü ilə insanı heyran qoyan bu yaşayış məntəqəsində bir neçə aydır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inşaatçıları kompleks quruculuq işləri həyata keçirirlər. Belə ki, hazırda kənddə 414 şagird yerlik 3 mərtəbəli məktəb binası əsaslı surətdə yenidən qurulur, bir qədər aralıda isə kənd mərkəzinin inşası davam etdirilir.
Kənd məktəbinin binasında geniş və işıqlı 23 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 elektron lövhəli sinif, şahmat otağı, böyük kitabxana, müəllimlər otağı, bufet, idman zalı, açıq idman qurğuları olacaq, binada müasirtipli istilik sistemi quraşdırılacaq.
İnşaatçılar qısa zamanda daxili hörgü işlərini tamamlamış, binanın çardağını yeniləmiş, fasad divarlarını suvayaraq pəncərələri salmışlar.
Bir qədər aralıda isə 3 mərtəbəli kənd mərkəzi inşa olunur. Bu ünvanda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, ATS, poçt, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon ərazi ilk partiya təşkilatı, baytarlıq məntəqəsi, mədəniyyət evi, kitabxana, polis sahə məntəqəsi və həkim ambulatoriyası üçün hərtərəfli şərait yaradılacaq.
Hazırda sözügedən binada dəmir-beton işləri tamamlanıb, hörgü işləri davam etdirilir.
Rayonun Yuxarı Əndəmic kəndində isə 3 mərtəbəli kənd və xidmət mərkəzləri inşa olunur. Kənd mərkəzində dəmir-beton işləri tamamlanıb. Fasad və daxili divarların hörgüsü isə davam etdirilir. Xidmət mərkəzində isə hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub və fasad hissə suvanıb.
Abbas SEYİD