2012-ci il ərzində gömrük orqanları tərəfindən muxtar respublikaya idxal istiqamətində gətirilən malların keyfiyyətinə nəzarət olunmaqla əhalinin sağlamlığının qorunması, istehlakçıların və istehsalçıların hüquqlarının müdafiəsi, bütün hallarda malların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmişdir. Bu məqsədlə gömrük sərhədindən keçirilən ərzaq və qida məhsullarının tərkibinə, sağlamlığına, qablaşdırılma standartına, daşınma şəraitinə xüsusi fikir verilmiş, istehlakçıların hüquqlarına zidd olan və tələblərə cavab verməyən mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülmüşdür.
Müvafiq standart və normalara cavab vermədiyindən gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılaraq geri göndərilməsi təmin olunan, tez xarab olduğundan vaxtaşırı olaraq barəsində müvafiq tədbirlər görülən mallardan başqa ilin ikinci yarımili ərzində müvəqqəti saxlanc anbarlarında yığılıb qalmış mallar hər ilin sonunda olduğu kimi yandırılaraq məhv edilmişdir. Dekabr ayının 28-də yaşayış məntəqələrindən kənar ərazidə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məhv edilən mallar, əsasən, müxtəlif səbəblərdən idxalı və mülki dövriyyəsi məhdudlaşdırıldığından və ya istifadəyə yararsız olduğundan gömrük orqanları tərəfindən saxlanılmışdır. Həmin gün yandırılaraq məhv edilən ərzaq və qida məhsulları, əsasən, müxtəlif markalı biskvit, cipsi, kofe, meyvə sirkəsi, limon suyu, üzüm sirkəsi, pivə və sairdən ibarət olmuşdur. Keyfiyyəti tələblərə cavab verməyən, üzərində istehsal və istehlak müddəti göstərilməyən, vaxtı ötmüş, əmtəə görünüşü pozulmuş mallar arasında uşaq yeməkləri, daha çox uşaqların istifadə etdiyi ərzaq və qida məhsulları, həmçinin uşaq oyuncaqları üstünlük təşkil etmişdir.
Milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin, intellektual mülkiyyət obyektlərinin, ətraf mühitin və istehlakçıların mənafeyinin qorunması tədbirləri nəticəsində qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının predmeti olmuş mallar da yandırılmışdır. Bu istiqamətdə saxlanılan mallar, əsasən, xeyli sayda beşbarmaq, bıçaq, qılınc, partlayıcı fişəng və digər pirotexniki vasitələr, gözyaşardıcı qaz, 30 kiloqram sellafon torba, 45 kiloqram əkinəyararlı çətənə toxumu, icazə sənədi olmadığından 94 min ədəd müxtəlif dərman preparatları və sairdən ibarət olmuşdur.
İlin ikinci yarımili ərzində kontrafakt mallara qarşı mübarizə tədbirləri nəticəsində dünyanın tanınmış firmalarına məxsus 51 kiloqram saxta etiket saxlanılmış, 40 kiloqram istifadə olunmuş geyim əşyası müsadirə olunmuşdur.
2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunması ilə bağlı gömrük orqanları tərəfindən milli mentalitetə mənfi təsir göstərən ədəbiyyat və vasitələrin muxtar respublikaya gətirilməsinə qarşı mübarizəyə diqqət artırılmış, 5 adda 868 ədəd müxtəlif CD, kitab, jurnal və broşürlər saxlanılmışdır. Əxlaq qaydalarına zidd olan CD və jurnalların sayı isə, ümumilikdə, 241 olmuşdur.
Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru