Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu dövlət siyasətinin tərkibində meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı ardıcıl olaraq qəbul edilmiş Dövlət proqramları da var. Məlumdur ki, qədim diyarımızda təsərrüfatçılıq ənənələri özünəməxsusluğu ilə tarixən seçilib və keçmişdən bu günədək hər iki sahə yerli əhalinin əsas məşğuliyyət sahələrindən olub. Buna görə də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları muxtar respublikada əhalinin ənənəvi əkinçilik sahələri ilə məşğulluğunun təmin edilməsini, eyni zamanda muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanmasının əsasını qoyub.
Qeyd edək ki, həm 2012-2015-ci, həm də 2016-2020-ci illəri əhatə edən proqramların icrası Naxçıvanda hər iki sahə üzrə ixtisaslaşmanın elmi şəkildə tətbiqini ön plana çıxarıb. Bu amil əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə ilə yanaşı, meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsində ənənəvi üsullara üstünlük verilməsinə və əkinçilikdə yeni metodların tətbiqinə də geniş imkanlar açıb. Nəticədə, muxtar respublikada ildən-ilə meyvəçilik və tərəvəzçilikdə dinamik inkişafın müşahidə edilməsi bu sahələrin iqtisadiyyatda rolunu artırır. Təbii ki, bu uğurlarda hər bir bölgənin öz payı var. Ordubad rayonu isə tarixən Naxçıvanda meyvəçiliyin əsas mərkəzi kimi tanınır. Burada yetişdirilən meyvələr hər zaman öz dad-tamı ilə seçilib, ölkə və xarici bazarlara çıxarılaraq satılıb. Rayonun bütün yaşayış məntəqələri üçün xarakterik olan meyvə tinglərinin əkilib-becərilməsinə ordubadlı bağbanlar xüsusi önəm veriblər. İldən-ilə bağ sahələri genişləndirilib, yerli meyvə sortlarının yaradılması diqqətdə saxlanılıb. Beləliklə, meyvəçilik rayona böyük şöhrət qazandırıb. Burada yetişdirilən məhsullara vaxtilə keçmiş SSRİ-nin müttəfiq respublikalarında da tələbat olub. Lakin, təəssüf ki, ötən əsrin 80-ci illərinin sonlarında baş verən məlum hadisələr Ordubadda meyvə bağlarının kökünə balta çalmış, hektarlarla meyvə bağları sıradan çıxmışdı. Bir neçə il sonra müstəqilliyimizin bərpası və muxtar respublikada bərqərar olunan ictimai-siyasi sabitlik, aparılan aqrar islahatlar nəticəsində qədim meyvəçilik yurdunda bu sahəyə maraq yenidən artmağa başladı. Yeni meyvə bağlarının salınması günün reallığına çevrildi.
Rayonda meyvəçiliyin və tərəvəzçiliyin inkişafında yeni mərhələ isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsindən sonra başlanıb. Həmin dövlət sənədi əhalinin bu ənənəvi təsərrüfat sahəsinə marağının artmasında mühüm rol oynayıb. Məlumat üçün qeyd edək ki, 2012-ci ildə rayon üzrə 679,31 hektar bağ mövcud olub, həmin bağlardan 2640,6 ton meyvə yığılıb. Həmin il rayonda “Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 624 nəfərə 654 min 200 manat, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 11 nəfərə 15 min 500 manat, o cümlədən meyvə bağı salınması üçün 7 nəfərə 98 min manat, limon istixanası üçün 4 nəfərə 57 min manat kredit verilib. Nəticədə, müxtəlif mənbələrdən verilən kreditlər hesabında 2013-cü ildə rayonda meyvə bağlarının ümumi sahəsi 682,31 hektara, 2014-cü ildə 693,31, çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da Ordubad rayonunda da uğurla davam etdirilir. Rayonun müxtəlif ərazilərində salınmış meyvə bağları hesabına 2019-cu ildə meyvə bağlarından 5616,5 ton meyvə tədarük edilib. Rayonun üzüm bağlarından isə ötən il 299 ton məhsul yığılıb. Birinci Dövlət proqramının icrası dövründə rayonda tutumu 150 ton və 100 ton olan iki soyuducu anbar yaradılıb. 2020-ci ilin yanvar ayına olan statistik məlumata görə, rayonda, ümumilikdə, 745 hektar meyvə bağı var ki, bunun da 721 hektarı barverəndir.
Proqramın icrası çərçivəsində təkcə bu ilin mart-aprel aylarında rayonda keçirilən yaz iməcilikləri zamanı 9 hektar ərazidə yeni bağ salınıb, 9,5 hektar bağda isə bərpa işləri aparılıb. Həmin vaxt 8700 meyvə tingi, 818 meyvə ağacı, 6960 gül kolu, 330 həmişəyaşıl ağac əkilib. Naxçıvan-Ordubad magistral avtomobil yolunun kənarlarındakı ərazilərdə, Gilançay vadisində, Sabirkənd, Baş Dizə, Vənənd, Əylis kəndlərində onlarla hektar, Şəhriyar qəsəbəsində isə 2 hektar sahədə meyvə bağı, Əylis düzü ərazisində 1 hektarda üzüm bağı salınıb. Onu da qeyd edək ki, Əylis düzü ərazisində yeni qızılgül sahəsi də yaradılıb.
Göründüyü kimi, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı istiqamətində görülən işlər ordubadlı torpaq mülkiyyətçiləri üçün yeni imkanlar açıb. Yuxarıda da qeyd etdiyimiz kimi, Ordubadın qədim meyvəçilik tarixi var. Meyvəçiliyin şöhrətinin geri qaytarılmasında, əhalinin daha yaxşı gəlir sahibi olmasında, insanların məşğulluğunda mühüm əhəmiyyət kəsb edən bu sahənin inkişafına yaradılan hərtərəfli şərait tezliklə daha böyük nəticələr əldə olunmasına imkan verəcək.
- Gülcamal TAHİROVA