Mühüm strateji məhsul olan taxıl istehsalının həcmi Kəngərli rayonunda da ildən-ilə artırılır. Cari ilin məhsulu üçün rayonda 3 min 250 hektar sahədə payızlıq buğda, 2 min 597 hektarda isə payızlıq arpa, bu ilin yazında isə 58 hektarda yazlıq arpa əkilib. Beləliklə, 2020-ci ildə biçin keçiriləcək taxıl zəmiləri 5 min 905 hektara çatdırılıb. Bu isə cari ildə buğda və arpa istehsalının ötən ildəkindən daha çox olacağına zəmanət verir. Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə, sahələrdə bol məhsul yetişdirilib.
Artıq bir neçə gündür ki, rayonda taxıl biçininə başlanılıb. Taxılın optimal müddətdə və gecikdirmədən biçilib-döyülməsi və daşınması üçün əvvəlcədən bütün tədbirlər görülüb. Əkinçilər yaxşı bilirlər ki, yığım kampaniyasının mütəşəkkil keçirilməsi məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də zəmilərə çıxarılan 18 kombayn və kifayət qədər taxıldaşıyan maşının gücündən səmərəli istifadə olunur.
Bu günədək 698 hektar sahənin taxılı biçilib, hər hektardan orta hesabla 21,1 sentner, ümumilikdə, 1474 ton məhsul əldə edilib. Hazırda rayonun Qıvraq qəsəbə, Böyükdüz, Xok, Yeni Kərki, Xıncab, Yurdçu, Qabıllı və Şahtaxtı kəndlərində biçin sürətlə aparılır.
Qeyd edək ki, taxıl yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün rayonda əvvəlcədən bütün hazırlıq tədbirləri görülüb. Bu məqsədlə rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb və bu qərargah biçinin gedişini gündəlik nəzarətdə saxlayır. Kənd əməkçilərinə və fermerlərə hərtərəfli köməklik göstərir. Biçinin optimal müddətdə keçirilməsi və məhsulun itkisiz toplanması üçün kifayət qədər kombayn vardır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının kombaynları, eləcə də məhsulun sahələrdən daşınması, küləşin kiplənib götürülməsi üçün nəzərdə tutulan texnikalar baxışdan keçirilib, zəruri ehtiyac duyulan maşın və mexanizmlər təmir olunaraq saz hala gətirilib, kifayət qədər ehtiyat hissə və yanacaq tədarükü görülüb. Bu da belə deməyə əsas verir ki, elin sərvəti sayılan taxılın tədarükü mütəşəkkilliklə həyata keçiriləcək.
Babək İSMAYILOV