Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur bu gün müasir Azərbaycan rayonudur. Rayon mərkəzi olan Şərur şəhəri, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Həmin ünvanlarda sahibkarlıq obyektləri fəaliyyətə başlayıb. Bu isə yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına imkan verib. Turizm potensialından düzgün istifadə üçün tədbirlər reallaşdırılıb. Həyatın bütün sahələrində qazanılan uğurlar getdikcə artmaqdadır.
Son 25 ildə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Təkcə 2020-ci ilin ötən dövründə inşası başa çatdırılan və hazırda davam etdirilən obyektlərə diqqət yetirmək kifayətdir ki, rayonda həyata keçirilən quruculuq tədbirlərinin coğrafiyası barədə təsəvvürə malik olasan. Belə ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2020-ci ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 166 min 300 manat həcmində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsait 6 milyon 932 min 100 manat təşkil edib.
Yaşayış məntəqələrinin abadlaşdırılması və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, həmçinin insanların sosial rifah halının yaxşılaşdırılması, əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər rayon sakinləri, idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir.
Onu da qeyd edək ki, əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2020-ci ilin birinci rübündə rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 7 min 460 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur.
Bəhs olunan dövrdə rayonda 13 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir edilib.
Aprel ayında rayon mərkəzində Mərasim evi və dini icma üçün iş otaqlarının, “Çomaxtur” elektrik yarımstansiyasının, may ayında isə Məmmədsabir kəndində kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, Muğancıq-Mehrabda kənd və xidmət mərkəzlərinin, tam orta məktəb binasının, feldşer-mama məntəqəsinin tikilib istifadəyə verilməsi şərurlularda böyük sevinc hissi yaradıb.
Hazırda 20-dək ünvanda müxtəlif istiqamətli tikinti və ya yenidənqurma işləri həyata keçirilir.
Onlardan biri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən bölgədə inşası aparılan Sənaye Məhəlləsidir. Məlumat üçün bildirək ki, ötən il dekabr ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şərur Sənaye Məhəlləsinin yaradıldığı əraziyə gəlib, görülən işlərlə tanış olub, tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.
Qeyd edək ki, Sənaye Məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələri yaradılacaq. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti işlərinin keyfiyyətlə aparılması, obyektlərin vaxtlı-vaxtında təhvil verilməsi üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İnşaat işləri başlanandan əhalinin məşğulluğunun artırılmasına da imkan yaranıb.
Sənaye Məhəlləsində yerli tikinti materiallarından istifadəyə üstünlük verilir. Qısa müddət ərzində həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, obyektlərin tikintisi nəzərdə tutulmuş vaxtda başa çatdırılacaq.
Şərur şəhərinin bir neçə ünvanında istirahət guşələrinin yenidən qurulması və genişləndirilməsi şərurlular tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin sahə rəisi Mirabdulla Seyidovdan aldığımız məlumata görə, rayon mərkəzinin dəmiryol stansiyası ərazisində 6250, inşası aparılan bazar ərazisində 3080, şəhər univermağının yaxınlığında 1369, Təqaüdçülər klubu ərazisində 2350 kvadratmetr ərazidə həmin tədbirlər davam etdirilir. Onu da qeyd edək ki, Təqaüdçülər klubunun qarşısında musiqili fəvvarə də inşa olunur. İnşaatçılara yaradılmış şərait, onların fəallığı belə deməyə əsas verir ki, yaxın vaxtlarda şərurluların müxtəlif ünvanlarda istirahət etmək imkanları daha da genişlənəcək.
Rayondakı inşaat obyektləri müxtəlif təyinatlıdır. Belə ki, “N” hərbi hissə üçün infrastruktur obyektlərinin “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, Şərur şəhərində zirzəmisi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Dizə kəndi ərazisində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 ədəd su anbarının, rayon mədəniyyət sarayının, Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının, Avtovağzal binasının tikintisi, 7 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda yolda inşaat işləri davam etdirilir.
Cəlilkənddə içməli su xəttinin, Şərur şəhəri ilə Naxçıvan-Sədərək magistral yolunu birləşdirən avtomobil yolunun çəkilişi aparılır. Şərur şəhərinin Nizami küçəsində isə 35/10 kilovoltluq “Subartezian” yarımstansiyasının qurulması rayonun quruculuq xəritəsini daha da genişləndirib.
Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarı ilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Belə davamlı qayğı şərurlulara həyatın bütün sahələrində böyük uğurlar qazanılmasına imkan verib. Bunu cari ilin ilk 5 ayının timsalında bütün çalarları ilə görmək mümkündür.
- Muxtar MƏMMƏDOV