22 Dekabr 2024, Bazar

Artıq dondurma mövsümü başlayıb. Daha çox uşaqların sevdiyi dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında, əsasən, süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici, stabilləşdirici və sair maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibi süd yağı, zülallar, mineral maddələr və vitaminlərlə zəngindir. Hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutan, sərinləmək üçün yediyimiz dondurmanın insan sağlamlığında da əhəmiyyətli rolu vardır.

Dondurmaların bir çox növləri vardır ki, bunlardan ən çox əhali arasında istehlak olunanları südlü, qaymaqlı, plombir, meyvə-giləmeyvəli və şokoladlıdır. Bunların hər birinin əlavələrindən asılı olaraq müxtəlif çeşidləri istehsal edilir. Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq keyfiyyətini tez itirə bilər. Bu gün muxtar respublikamızdakı, demək olar, bütün marketlərdə yerli istehsalla yanaşı, idxal olunan dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə – istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Ona görə də dondurma alarkən, ilk növbədə, onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlanma müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir vermək lazımdır. Məhsulun üzərində onun istehsalçısı barədə məlumat, adı, qida əlavələri daxil olmaqla, tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərilməlidir.
Ədədlə satılan dondurmalar vafli, qapaqlı polistirol və parafinlənmiş karton stəkanlarda, laminirlənmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır.
Açıq şəkildə çəki ilə satılan dondurmalar daxildən qalaylanmış qapağı möhkəm örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud perqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər.
Dondurma növündən asılı olaraq topdansatış və pərakəndə ticarət məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 18oC-dən yüksək olmayan temperaturda aşağıdakı müddətlərdə saxlanıla bilər:
- südlü dondurmalar 1 ay;
- meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay;
- plombir dondurması 2 ay.
Dondurma etiketdə qeyd edilmiş temperaturda saxlanılmalıdır. Normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı olan belə məhsullar istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim edilməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməli, açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalı, üzərinə birbaşa günəş şüaları düşməməlidir.
Dondurmaların digər qida məhsulları (toyuq, balıq məhsulları və sair) ilə eyni soyuducuda saxlanılması yolverilməzdir. Bu, məhsulun keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına da səbəb ola bilər.
İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlanma müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18±2)oC -dən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər.
Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, kif iyi və acı tam verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur.
Qeyd edək ki, bu gün muxtar respublikada 10 çeşiddə dondurma istehsal olunur. Yerli istehsal məhsullarımız ekoloji təmiz, əlavə kimyəvi qatqılar vurulmadan hazırlandığına görə daha dadlı və keyfiyyətlidir. Belə dondurmalar düzgün qablaşdırıldığına, üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla, tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərildiyinə görə qida təhlükəsizliyi baxımından daha etibarlıdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR