Azərbaycan vətəndaşları İstanbuldan Bakıya milli aviadaşıyıcının (AZAL) xüsusi reysi ilə yola salınıblar.
AZAL iyunun 17-si və 18-də Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirir. Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul edilir.
İstanbuldan Bakıya ilk reys iyunun 17-də saat 13:00-da (Türkiyə vaxtı ilə 12:00) həyata keçirilib.
Qeyd edək ki, satışına aviaşirkətin “www.azal.az” saytında iyunun 15-də başlanan İstanbul-Bakı istiqamətindəki biletlərin hamısının artıq alındığı bildirilib.
Xatırladaq ki, Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşamaq hüququ olan şəxslər), İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılır.
Hər iki istiqamətdə reyslərə COVID-19 testindən keçən və neqativ nəticə alan sərnişinlər buraxılır. Bu halda COVID-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysində səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar.
İstanbul-Bakı istiqamətində digər reysin iyunun 18-də həyata keçirilməsi nəzərdə tutulur.