22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlar təbəqəsi güclənməlidir. Çünki bu, ölkəmizin gələcəyidir”  fikirləri hazırda muxtar respublikamızda həyata keçirilən iqtisadi tədbirlərin ana xəttini təşkil edir. Özəl sektora dövlət dəstəyinin nəticəsidir ki, müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışı asanlaşdırılıb, investisiya mühiti üçün münbit şərait yaranıb. Təkcə bu ilin ötən 5 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 49 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 6 milyon 879 min manatdan çox kredit vəsaiti verilib. Görülən işlərin nəticəsidir ki, qeyd olunan dövrdə muxtar respublikada 71 istehsal və xidmət sahəsi istifadəyə verilib.

Təbii ki, muxtar respublikada istehsal müəssisələri ilə yanaşı, xidmət sahələri də əhalinin artan tələbatının ödənilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, son illərdə yeni xidmət sahələri ilə bərabər, ənənəvi sahələrin də fəaliyyətində dövrün çağırışlarına uyğun şəraitin təmin edilməsi, müştərilərə yüksək xidmət göstərilməsi ön planda dayanır. Texnoloji yeniliklərin tətbiqi ildən-ilə genişləndiyindən müvafiq xidmət sahələri də müştəri məmnuniyyətini təmin etmək üçün bu prosesdən kənarda qalmır. Belə müəssisələrdən biri də artıq 2010-cu ildən Naxçıvan şəhərində fəaliyyətə başlamış “Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

Bu cəmiyyətin fəaliyyəti əhaliyə təmizlik xidməti üzərində fokuslanıb. Xalça, yataq və geyim dəstləri, divan və oturacaqlar, həmçinin avtomobil oturacaqlarının müasir təmizlik sistemləri və vasitələri ilə təmizlənməsi buradakı fəaliyyətin əsasını təşkil edir. Elə bu günlərdə adıçəkilən ünvanda olduq və müəssisənin fəaliyyəti ilə yaxından maraqlandıq.
Cəmiyyətin rəhbəri Zamin Abbasov bizimlə söhbətində ilk olaraq xidmətin yaradılması zərurəti haqqında danışdı. Bildirdi ki, 10 il bundan əvvəl işə başlayanda düşündük ki, əhalinin daha çox cəmləşdiyi Naxçıvan şəhərində belə bir sahənin yaradılmasına tələbat var. Bunu ilk olaraq özümüz hiss edirdik və bununla bağlı müəyyən problemlər yaşayırdıq. Onu da deyək ki, o dövrdə bu işi kənd yerlərində insanlar daha çox özləri etsələr də, şəhər yerində böyük çətinliklər var idi. Xalça, palaz və bunun kimi digər vasitələri fərdi olaraq yumaq həm xeyli su sərfiyyatına başa gəlir, həm də onları qurutmaq əlavə çətinliklər yaradırdı. Ona görə də qərara aldıq ki, sektordakı bu boşluğu özümüz dolduraq. Dövlət tərəfindən də bizə böyük dəstək oldu, xidmət üçün bina ayrıldı. Hazırda 1300 kvadratmetrlik sahədə fəaliyyət göstəririk. 2016-cı ildə müəssisəyə müəyyən avadanlıqlar alsaq da, bu il daha müasir və işi daha çevik görə biləcək avadanlıqlar alıb gətirərək quraşdırdıq. İtaliya və Türkiyə istehsalı olan bu təmizlik avadanlıqları seqmentinə görə hazırda ən müasirləri sayılır.

Təmizlik prosesi ilə maraqlanırıq. Həmsöhbətimiz bildirir ki, hazırda xidmət müəssisəsində quru təmizləmə, camaşırxana, ütüləmə, boyama, dəri və parçadan olan geyimlərin təmizlənməsi həyata keçirilir. Quru təmizləmə, əsasən, müxtəlif geyim növləri üçün əlverişlidir. Çünki bu üsulun tətbiqi ilə geyim əzilmir, həm də istifadə olunan müvafiq təmizləmə vasitələri insan sağlamlığı üçün zərərsizdir. Digər məişət əşyalarının (xalça, palaz, yataq dəstləri, divan-kreslo örtükləri və sair) təmizliyinə gəldikdə isə proses bu ardıcıllıqla aparılır. Əşyalar gətirildiyi zaman ilk olaraq kodlaşdırma prosesi həyata keçirilir. Belə ki, müştəri haqqında məlumatlar su keçirməyən kiçik parçalarda əks olunaraq əşyanın üzərinə tikilir. Sonra həmin əşyalar buradakı təmizlik (çırpma) avadanlığının köməyi ilə tozdan təmizlənir və yuyulma prosesini həyata keçirən növbəti avadanlığa göndərilir. Müasir dizayna malik bu avadanlıq müxtəlif­ölçülü fırçalarla təmizləyici vasitəni avtomatik olaraq əşyanın üzərində paylamaqla onu yuyur, xalçalarda xovları düzünə və əks-istiqamətdə darayır və sonda təmiz su ilə durulayır. Bütün bu proseslər avtomatik olaraq, əl dəymədən edilir. Növbəti mərhələdə isə yuyulan əşyalar sıxılma prosesinin həyata keçirildiyi digər avadanlığa verilir. Bu avadanlıq yüksək fırlanma gücünə malik kompressor vasitəsilə suyu sıxır. Hətta sıxılma prosesi o həddə çatır ki, nəmlik 4-5 faiz qalır. Sonra isə yuyulmuş əşyanın digər bir avadanlığın üzərinə sərilərək işıq şüası altında təmizliyinə nəzarət olunur və onların tam quruması üçün ayrılmış sahəyə göndərilir. Nəhayət, qurudulmuş əşyalar polietilen torbaya salınaraq ünvanına çatdırılır.
Zamin Abbasovun sözlərinə görə, hazırda burada avtomobillərin dəri və parça oturacaqlarının, plastik hissələrinin quru təmizlənməsi də həyata keçirilir ki, bu da avtomobillərin həmin hissələrinin qısa zamanda, həm də yüksək keyfiyyətlə təmizlənməsinə imkan verir.
Müəssisə rəhbəri bildirir ki, müştəri məmnuniyyəti hər zaman onlar üçün əsas hədəf olub. Xidmət üçün müştərinin, sadəcə, zəng etməsi kifayətdir. Mənzillərdən əşyaların götürülməsi və təmizləndikdən sonra çatdırılması isə pulsuzdur. Buna görədir ki, sosial şəbəkələr vasitəsilə də bu ünvana müraciət edənlərin sayı hər keçən gün artır.
Beləliklə, “Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə keyfiyyətli xidmət göstərməklə sakinlərin rahatlığına və vaxt itkisinin aradan qaldırılmasına öz töhfəsini verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR