22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın saysız-hesabsız şəfalı bitki, giləmeyvə və meyvələrinin faydası, təbabətdə istifadəsi, müalicəvi xüsusiyyətləri insanlara çoxdan məlumdur. Bu üsullar zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onların əhəmiyyətini etiraf etməkdədir. Belə xüsusiyyətə malik bitkilərin əksəriyyəti diyarımızda ya yabanı halda bitir, ya da mədəni şəkildə insanlar tərəfindən xüsusi qulluq göstərilərək yetişdirilir. Bunlar arasında başqa yerlərdən gətirilərək yerli şəraitə uyğunlaşdırılan bitki növləri də vardır.

Bu gün dövlətimizin hər bir vətəndaşa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, insanlar müxtəlif sahibkarlıq subyektləri və ailə təsərrüfatlarında birləşərək öz dolanışıqlarını təmin etməklə yanaşı, həm də digər insanlara faydalı xidmət göstərirlər. Belə sahibkarlıq subyektlərindən biri də Şahbuz rayonunda yerləşən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Burada görülən işlər barədə daha ətraflı məlumat almaq üçün cəmiyyətin rəhbəri Yasin Babayevlə həmsöhbət olduq.

– Yasin müəllim, müəssisənin yaranma tarixi haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirik.
– Bildirmək istəyirəm ki, “Farma Şah” 2009-cu ildə təsis edilib, 2010-cu ilin sonlarından isə tam fəaliyyətə başlayıb. Burada 7 daimi, 1 müvəqqəti, 20 mövsümi işçi çalışır. İkimərtəbəli binada yerləşən və hərtərəfli şəraitə malik olan müəssisənin həyətyanı sahəsi də var. Biz həmin sahədə bəzi bitkiləri özümüz yetişdiririk. Qeyd etmək istəyirəm ki, ilk vaxtlar cəmi 4 adda bitkini əldə düzəldilən qablaşdırmada istehsal edirdik. İlbəil fəaliyyətimizi genişləndirərək İran, Rusiya, Hindistan istehsalı olan müxtəlif avadanlıqlar alaraq müəssisədə müasir iş şəraiti yaratdıq. Bundan sonra müəssisənin istehsal gücü də artırıldı, məhsullarımızın çeşidi də. Alınan bitkiləri əvvəlcə xüsusi aparatda yuyub quruduruq. Daha sonra isə doğrama, iri, narın, çox narın üyütmə, liptomlama, polietilen vurma, kapsul doldurma aparatları vasitəsilə qablaşdırırıq.
– Məhsullar üçün xammalı necə əldə edirsiniz?
– Müəssisəni əsas xammalla Şahbuz rayonunun Biçənək, Kükü, Keçili kəndlərinin sakinləri təmin edirlər. Ehtiyacımız olan məhsulları günün ayrı-ayrı vaxtlarında müxtəlif ərazilərdən toplayan sakinlər müəssisəyə təhvil verirlər. Elə bitkilər var ki, onlar bu rayonun ərazisində bitmədiyi və yaxud ehtiyatı az olduğu üçün onları muxtar respublikanın digər rayonlarının sakinlərindən qəbul edirik. Bitkilərin toplanması ilə bağlı da tədarükçülərə məsləhətlərimizi veririk. Bitkiləri, əsasən, qurudulmuş halda qəbul edirik. Çünki yaş halda onların həm daşınması çətinləşir, həm də daşındığı müddətdə tərkibində dəyişiklik yarana bilər. Bitkilərin qurudulması isə onların keyfiyyətinin qorunub-saxlanılmasına səbəb olur. Elə bitkilər də vardır ki, onları tədarükçünün qurutması çətin olur. Bunlara, əsasən, qabıqlar, meyvə və giləmeyvələr aiddir. Bu cür məhsulları biz yaş-yaş alıb özümüz qurudur, sonra emal edirik. Emal prosesi də bir neçə mərhələdən keçir. Yığım zamanı bitkiyə başqa otlar qarışdığından məhsul əvvəlcə çeşidlənməlidir. Daha sonra o üyüdülür. Elə bitki var ki, biz istehsal zamanı onu müəyyən qutulara yığırıq. İstifadəçi onu qaşıqla müəyyən olunmuş miqdarda götürə­rək istifadə edir. Elələri də var ki, onları birdəfəlik istifadə üçün lipton şəklində istehsal edirik. Bu zaman bitkiləri üyüdür, onun tozunu kənarlaşdırıb xüsusi aparatla filtir paketlərə doldururuq. Həmin paketlərə 1,5 qram məhsul yerləşdirilir.
Bizim məhsulların, demək olar ki, hamısının istifadə müddəti istehsal olunduğu vaxtdan iki il müddətinə qədərdir. İki ildən sonra isə həmin məhsul mütləq yandırılaraq istifadədən çıxarılmalıdır.
– Bəs müəssisədə neçə adda, neçə çeşiddə məhsul istehsal olunur?
– Əvvəllər istehsal etdiyimiz məhsullara maraq az idi. İllər keçdikcə, təbii bitkilərlə müalicəyə maraq artdıqca məhsullarımıza tələbat da çoxaldı. Əgər 2010-cu ildə cəmi 4 adda məhsulla fəaliyyətə başlamışdıqsa, bu gün 64 adda, 79 çeşiddə məhsul istehsal edirik. Yeni başlayanda məhsullarımız ancaq aptek şəbəkələrində satılardı. Artıq indi apteklərlə yanaşı, böyük marketlərdən də məhsullarımızı əldə etmək olar. Bildirim ki, istehsal etdiyimiz məhsullar sırf dərman vasitəsi deyil, həm də qidaya bioloji aktiv əlavələrdir. Bizim məhsullar dərmanlardan fərqli olaraq tam təbii tərkiblidir. Adi, limonlu, qızılgül ətirli kəklikotu, baldırğan, həmərsin çiçəklərindən, yemişanın, zirincin meyvələrindən hazırlanan çaylar insan orqanizmi üçün əvəzsizdir. Təbii minerallarla yanaşı, bir sıra vitaminlərlə zəngin olan bu çayların tərkibindəki antioksidant maddələr insan orqanizmində bədxassəli şişlərin yaranmasının qarşısını alır, xolesterolun miqdarını azaldır, artıq çəkinin yaranmasının qarşısını alır, beyin hüceyrələrini aktivləşdirir. Razyana və şüyüddən hazırladığımız bitki çayı mədə-bağırsaq problemlərinin həlli üçün böyük əhəmiyyətə malikdir. Qeyd edim ki, bu ildən istehsalına başladığımız yeni məhsulların sırasında olan gülümbahar və qaraqınıq bitkilərindən hazırlanan çayların, ürək, yuxarı tənəffüs yolları xəstəliklərində, soyuqdəymədə əvəzsiz faydası vardır.
Naxçıvanın səfalı dağlarında bitən bitkilərdən istehsal etdiyimiz hər bir qarışım sağlamlıq üçün faydalıdır. Yuxarıda qeyd etdiyim kimi, məhsullarımız qida əlavəsi olduğuna görə məsləhət görərdim ki, insanlar hər hansısa bir xəstəliyə tutulmamışdan əvvəl bu məhsullardan mütəmadi istifadə edərək immunitetlərini güclü saxlasınlar.
– İstehsal etdiyiniz məhsullara diyarımıza gələn qonaqlar necə maraq göstərirlər?
– Bildirim ki, muxtar respublikamız həm də turistlərin marağında olan bir məkandır. Gələn turistlər respublikamızın gəzməli-görməli yerləri ilə yanaşı, onun bitki aləmi ilə də maraqlanırlar. Bu günə qədər müəssisəmizdə Rusiya, İran, Almaniya və digər ölkələrdən qonaqlar, turistlər olub. Onlar qızılgül, limon ətirli kəklikotu çaylarından içdikdən sonra bu bitkilərə heyranlıqlarını gizlədə bilmirlər və istehsal etdiyimiz məhsulları öz ölkələrində görmək istəyənlər çox olur. Gələcəkdə məhsul ixracına nail ola bilməyimiz, heç şübhəsiz ki, həm iqtisadi, həm də muxtar respublikamızın təbii zənginliklərinin dünyəvi təbliği baxımından əhəmiyyətli olar. Türkiyə Respublikasında da məhsullarımıza böyük maraq var. Buna görə də yaxın gələcəkdə ixrac prosesinə başlamağa çalışacağıq.
Müsahibimlə sağollaşıb ayrılaraq öz-özümə düşünürəm: sağlamlıq böyük nemətdir. Onun qayğısına vaxtında qalmaq isə hər birimizin öz əlindədir. Gəlin bu təbii bitkilərlə həm özümüzün, həm də yaxınlarımızın sağlamlığını vaxtında qoruyaq ki, kimyəvi tərkibli dərmanlara ehtiyacımız olmasın.

- Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR