Azərbaycanın incisi, Naxçıvanın dilbər guşəsi olan Ordubad qədim tarixi və mədəniyyəti, zəngin ənənələri ilə diqqəti cəlb edir. Bir dəfə bu füsunkar diyarda olarkən qocaman çinarların əhatə etdiyi qədim Qeysəriyyə binasına üz tutdum. Bildiyiniz kimi, bu tarixi tikilidə hazırda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Muzeydəki minlərlə tarix-mədəniyyət nümunələri sırasında bəzi eksponatlar bir çox cəhətdən diqqətimi cəlb etdi. Hansı ki indi onlardan biri haqqında sizə məlumat verəcəyik.
Bu bəmbəyaz, ipək kimi eksponat Ordubadda tarixən var olan qədim sənətkarlıq nümunəsi kimi gələn qonaqlarda xüsusi maraq oyadır. Bu, ipəkqurdlarının Ordubadın dillər əzbəri olan tut ağaclarının yarpağından hazırladığı baramadır. Həmin təbii məhsul geyimlərimizdə və məişətimizdə ən çox istifadə etdiyimiz ipək parçanın əsasını təşkil edir. Xatırladım ki, bir baramadan 800-1200 metr uzunluğunda sap almaq mümkündür. Bu saplardan isə sonradan ipək parça istehsal edilir.
Mənbələrə nəzər salsaq, görərik ki, baramaçılıq olduqca qədim tarixə malikdir. İpəkqurdundan ipəyin alınması hələ eramızdan əvvəl məlum olub. Arxeoloji qazıntılar bu sənətin, hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da deməyə əsas verir. Baramaçılıq həm də gəlirli məşğulluq növlərindən biri olub. Bu sahə ipəkçiliyin və xalçaçılığın inkişafında önəmli rol oynayıb. Azərbaycanda ipəkçilik VII əsrdən inkişafa qədəm qoyub. Ölkəmizin əlverişli ərazisi və iqlim şəraiti bu inkişafı təmin edib. Naxçıvan ərazisində günəşli günlərin daha çox olması tut ağaclarının geniş yayılmasına əlverişli şərait yaradır. Buna görə də ölkəmizin digər əraziləri kimi, Naxçıvanda da ipək istehsalı tarixən inkişaf edib. Əbəs yerə deyil ki, XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri, əsasən, Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovetlər İttifaqı dövründə isə ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatına göndərilirdi. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycanın 31 inzibatı rayonunda hər il orta hesabla 4-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə 2-ci yeri tuturdu. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə bu sahənin yenidən inkişafı istiqamətində işlər davam etdirilir.
Naxçıvanın bölgədə əsas ipək istehsalçılarından biri olması haqqında kifayət qədər tarixi mənbələr vardır. “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində də qeyd olunur ki, Naxçıvanın kənd təsərrüfatında vacib sahələrdən biri olan ipəkçiliyin əsas mərkəzi Ordubad sayılırdı. Ordubad İrəvan quberniyasında birinci yerdə dururdu. XIX əsrin 70-90-cı illərində bu əyalətin 46 kəndində baramaçılıq inkişaf etmişdi. Bu kəndlərin 41-də bilavasitə barama istehsalı ilə məşğul olurdular. Ordubad şəhəri, Aşağı və Yuxarı Əylis, Aza, Çənnəb, Vənənd, Əndəmic, Dırnıs, Gənzə, Dəstə, Biləv kəndləri bu sahədə daha çox fərqlənirdi. İpəkçiliyin inkişaf etdirilməsində, əsasən, üç təsərrüfat sahəsi – tut bağları, barama istehsalı və ipəkəyirmə bir-biri ilə vəhdət təşkil edirdi. 1850-ci ildə Ordubad dairəsinin Aşağı Əylis, Dəstə, Biləv, Çənnəb və Ordubad ərazilərində 70 pud 20 girvənkə xam ipək hazırlanmışdı. 1862-ci ilin məlumatına görə, bu ərazilərdən 20 min puda qədər barama hasil edilmişdi. 1885-ci ildə Tiflisdə keçirilən ipəkçilik sərgisində 10 yaxşı ipək məhsulu nümayiş etdirilmiş, ən layiqlilər, o cümlədən Ordubad ipəkçiləri də mükafatlandırılmışdır. 1870-ci ildə Ordubadda 931 pud barama istehsal olunmuşdursa, bu rəqəm 1900-cü ildə 5 min 400 puda çatdırılmışdı. Barama istehsalı başlıca olaraq müxtəlif iri sahibkarların (Məşədi Nəsir, Kazım bəy Əsgərxanov, Kərbəlayı Bağır və başqaları) əlində cəmləşdiyi üçün onlar kənd burjuaziyası kimi formalaşaraq nəinki mərkəzi Rusiyanın iri toxuculuq sənaye müəssisələri ilə, habelə İtaliya, Fransa, Avstriya-Macarıstan kimi Avropa dövlətləri, eləcə də Yaponiya, Rəşt, Xorasan kimi ipəkçilik sahəsində şöhrət tapmış iri ölkə və şəhərlərlə geniş ticarət əlaqələri yaratmışdılar.
Uzun illər bu sahə ilə məşğul olmuş 86 yaşlı Zərri Məmmədova qeyd edir ki, ipəkçilik, barama istehsalı bizim tərəflərin dədə-baba məşğuliyyətləri sırasında olub. Bu, çox gəlirli sahə idi. Hətta ipəyin dəyərini qızıla bərabər hesab edirdilər. Buna görə də tutun atlaz yarpaqlarından ipək sapın hazırlanması əhalinin güzəranı üçün gəlirli sahəyə çevrilmişdi. Vaxtilə ev şəraitində ipək saplar hazırlayıb, hətta parça da toxuyarmışlar. Bu parçalar milli geyimlərimiz, müxtəlif baş örtükləri, örpək, kəlağayı, xalça, cecim və sair sənət nümunələrinə çevrilirdi. İpək və atlaz parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. Lakin iş bununla kifayətlənmirdi. İpək parçalarımız Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvanda karvanların əsas yükü olaraq xarici ölkələrə də göndərilirdi.
Sonralar bu gəlirli sahə daha da inkişaf etdirildi. 1865-ci ildə Ordubad şəhərində ipək fabriki yaradılıb və uzun müddət fəaliyyət göstərib. 1935-ci ildə baramaaçan fabriki yenidən qurulub. 1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişindən sonra fabrik tamamilə yenidən qurulub və yeni binada yüksək iş şəraiti yaradılıb. Burada 24 ədəd avtomat baramaaçan dəzgah quraşdırılıb, işçi qüvvəsi və istehsal gücü daha da artırılıb. Məsələn, 1970-ci ildə fabrikdə 860 nəfər işçi çalışıb. Bir il sonra fabrikdə toxucu sexi açılıb. Hər il istehsalı daha da artan bu fabrik 1985-ci ilədək fəaliyyət göstərib. Fabrikin fəaliyyəti kəndlərdə tut ağaclarının sayının da artmasına öz mühüm təsirini göstərmişdi. O illərdə yüzlərlə hektar ərazidə tut bağları salınmışdı.
İpəkçilik ötən əsrin 90-cı illərinin böhranında ən çox tənəzzülə uğrayan ənənəvi təsərrüfat sahələrindən biri oldu. Baramaçılıq və ipək istehsalı unudulmaqda idi. Nəticədə, olduqca qiymətli və sağlamlıq cəhətdən tam keyfiyyətli yerli ipək məhsullarının yerinə mənşəyi bəlli olmayan süni məhsulların idxalı artmağa başladı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra əhalinin əsas məşğuliyyəti hesab olunan gəlirli sahələrin yenidən inkişafına diqqət artırıldı. Xüsusilə son illər atılan mühüm addımlar nəticəsində Azərbaycanda ipəkçilik, eləcə də baramaçılıq yenidən inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2017-ci il noyabrın 27-də təsdiqlənən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulub.
İndi muzeydə maraqlı məhsulun nə üçün mühüm eksponatlar sırasında öz yerini alması tam ifadəsi ilə aydın olur. Deməli, baramaçılıq, ipək istehsalı qədim Ordubadın daha bir şöhrəti imiş. Bu şöhrətin özünə qaytarılması istiqamətində müvafiq işlər görülür. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da baramaçılığın inkişaf etdirilməsi də öz yerini aldı və bu istiqamətdə müvafiq işlər görüldü. Uğurla davam etdirilən növbəti dövlət proqramının icrasında da bu sahədə görüləcək işlər müəyyənləşdirilib.
Qeyd etdiyimiz kimi, baramaçılıq birbaşa tut ağaclarının yarpaqları üzərində qurulur. Buna görə də bu sahənin inkişafında tutluq sahələrin genişləndirilməsi də mühüm məsələdir. Bu baxımdan qeyd edə bilərik ki, bu gün muxtar respublikada baramaçılıqla məşğul olmaq üçün hərtərəfli şərait mövcuddur. Diyarımızda aparılan ağacəkmə kampaniyaları, yaşıllaşdırma siyasəti nəticəsində minlərlə hektar əkinəyararsız ərazilərdə, yol kənarlarında geniş meyvə bağları salınır. Bu ağaclar sırasında tut əkininə də geniş yer verilir. Belə sahələr, xüsusilə Ordubad, eləcə də Babək və Şərur rayonlarında daha çoxdur. Bu da baramaçılıq üçün əsas xammaldır.
Sonda bir məqamı xatırlatmaq istərdim. Dünya bazarında baramanın bir tonu 9-10 min dollara, başqa sözlə, 15-16 min manata satılır. İpək parçanın qiyməti isə bundan, təxminən, 2 dəfə bahadır. Bu isə həm də yüksək ixrac deməkdir. Deməli, baramaqurdunu bəsləməklə təkcə atlaz yox, həm də yüksək gəlir əldə edə, ipək ixracatçısına çevrilə bilərik.
Gülcamal TAHİROVA