Bolmeyvəli bağları, təmiz havası, saf suyu, zəngin təbiəti, bərəkətli torpağı var yurdumun. Bunun fərqində olan zəhmətkeş insanlarımız ta qədimdən torpağa ruzi-bərəkət mənbəyi kimi baxıb, qarşısında baş əyərək alın tərini axıdıb, zəhmətlərinin qarşılığını artıqlaması ilə alıblar. Buna görə də deyiblər ki, torpaq bütün sərvətlərin ən qiymətlisidir. Əcdadlarımızın bizə miras qoyduğu kənd təsərrüfatı ənənələrini layiqincə yaşadan bu qədim diyarın insanları əkin-biçin işləri, heyvandarlıqla məşğul olmaqla gün-güzəranlarını daha da yaxşılaşdırıb, məhsul bolluğu yaradıblar. Yaradılan əlverişli şəraitdən yetərincə bəhrələnən zəhmətkeşlərdən biri də Babək rayon Naxışnərgiz kənd sakini, əkinçilik və heyvandarlıqla məşğul olan Qəzənfər Qurbanovdur. O öz təsərrüfatında əkinçiliklə yanaşı, 800-ə yaxın qoyun-quzu saxlayır.
Müsahibim deyir, elə ki yaylaq vaxtı gəldi, qışın soyuğundan yaxa qurtardıq, bizim üçün ilin qızğın işi o zaman başlayır. Ailəmlə birlikdə həm qoyun-quzunu yaylağa aparır, həm də əkin qayğıları ilə məşğul oluram.
Qəzənfər Qurbanov deyir: – Allah bütün ölənlərə rəhmət eləsin, mənim rəhmətlik babam bizə öyüd-nəsihət edən zaman deyərdi ki, ay oğul, kənddə yaşayırsansa, toyuq-cücən, malın-heyvanın olmalıdır. Əgər kənd həyatına uyğunlaşıb zəhəmətə qatlaşaraq öz işini qura bildinsə, bu artıq özünə gün-güzəran qurmusan deməkdir.
90-cı illərin ağır günləri yaxşı xatirimdədir. Həmvətənlərimiz öz ruzilərini başqa ölkələrdə axtarmağa məcbur olmuşdular. Ancaq müstəqillik əldə etdikdən sonra hər şey dəyişildi. Artıq zəhmət çəkib çörəkpulu qazanmaq üçün yaxın-uzaq ellərə də üz tutmağa gərək qalmayıb. Şükür Ulu Yaradana, bu gün dövlətimiz torpaq əkənə gübrəsini, suyunu, texnika və texnoloji avadanlığını verir, bir sözlə, qol-qanadından tutur, deyir, güzəranını qur. Özü də bu kömək, dəstək təkcə torpaq mülkiyyətçisinə yox, təsərrüfatın bütün qollarında çalışanlara aiddir. İndi zəhmətlə, işgüzarlıqla hər şeyə nail olmaq mümkündür. Dövlətimiz tərəfindən zəhmətsevər insanlara verilən dəstək bizi öz təsərrüfatımızı daha çox genişləndirməyə, işgüzarlığa sövq edir. Mən də bu dəstəkdən, köməkdən bəhrələnə bildim. 20 il bundan öncə təsərrüfatımı yaratmağa başladım. Bir neçə il bundan öncə isə tövlə yaxşı şəraitdə olmadığından qoyun-quzunun sayını artıra bilmirdim. Ötən il götürdüyüm kredit hesabına kəndimizdən kənarda böyük bir tövlə tikdim. Bu səbəbdən mal-qaranı xeyli artıra bildim. Artıq 800-ə yaxın xırdabuynuzlu və 6 baş iribuynuzlu heyvan saxlayıram.
Təsərrüfatında süni mayalanma yolu ilə artıq bir neçə baş buzovunun doğulduğunu bildirən təsərrüfatçı bu yolla doğulan hər buzova görə dövlətimiz tərəfindən 100 manat subsidiyanın verilməsindən də razılıq etdi. Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Müsahibim söyləyir ki, ailəm, uşaqlarım bir yerdə çalışaraq bu günlərə gəlib çıxmışıq. Hətta yaylaqdakı ərazidə şəxsi vəsaitim hesabına su quyusu da vurdurmuşam. Mövsümdə Ordubad, Culfa yaylaqlarına üz tuturuq. Şükür olsun, orada da yaxşı şəraitimiz var. Bizim iş elədir ki, gərək əziyyət çəkəsən, bəhrəsini də görəsən. Bu gün təsərrüfatımızda keyfiyyətli məhsul istehsal edərək daxili bazarın bolluğuna töhfə veririk. Əldə etdiyimiz süd, qatıq, yundan qohum-qonşuya da pay tutduqdan sonra tələbatdan artığını bazara çıxarıram. Ailə təsərrüfatçısı kimi mən də Naxçıvanda keçirilən yarmarkalarda, festivallarda iştirak edərək istehsal etdiyim məhsulları ürəyimcə satıb yaxşı gəlir əldə edə bilirəm.
Süd məhsullarına olan tələbatın çox olduğunu deyən təsərrüfat adamı söylədi ki, istehsal etdiyi süd, qatıq, pendiri Azərbaycanın digər bölgələrinə də göndərir. Bununla da adla deyilən Naxçıvan məhsullarına olan tələbatın ödənilməsinə qismən də olsa, köməklik etmiş olur, həm də dolanışığı xeyli yaxşılaşdırır. Bununla yanaşı, gələcəkdə Sahibkarlığın İnkişafı Fondundan dəstək alaraq yeni emal müəssisəsi yaratmaq, pendir, qatıq, ayran, şor istehsalına başlamaq fikrindədir.
Qəzənfər Qurbanov onu da deyir ki, heyvandarlıqla yanaşı, uzun illərdir ki, əkinçiliklə də məşğulam. Ümumiyyətlə, təsərrüfat sahələri bir-biri ilə bağlıdır. Əgər heyvandarlıq təsərrüfatın varsa, mütləq əkinçiliklə də məşğul olmalısan ki, qoyun-quzunun yemlə təmin edə biləsən.
Dövlət tərəfindən hər zaman əməyinə qiymət verildiyini, dəstək göstərildiyini bildirən müsahibim deyir ki. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin sədr müavini seçilib. Zəhmət adamı bütün bu sadaladıqlarından əməyə, insan amilinə verilən dəyər kimi minnətdarlıqla söz açır.
Qəzənfər Qurbanov ötən illərdə Naxışnərgiz bələdiyyəsinə məxsus vaxtilə “selov” olduğu üçün iri daş parçalarının yığışdığı bir ərazini təmizləyərək əkin dövriyyəsinə qatıb və fəaliyyətini bu gün də davam etdirir: “Təcrübəmə əsaslanaraq düşündüm ki, bu torpağı əkinəyararlı hala gətirmək heç də çətin deyil. Rayondan texnika dəstəyi alaraq daşları təmizləyib, burada 3 hektar sahədə taxıl əkini aparmışam. Heydər Əliyev Su Anbarının sol sahil kanalı başımızın üstündən keçir. İndi nəinki Naxışnərgiz, hətta ətraf kəndlərin torpaqları belə, bu kanaldan qidalanır”.
Müsahibim son olaraq qeyd etdi ki, bu gün qazancım hesabına uşaqlarıma gələcək qurmuşam, yaraşıqlı ev-eşik, avtomobil sahibiyəm. Bir yandan da sosial qayğılarımız uğurla həll olunub. Övladlarımız yaxşı şəraiti olan məktəbdə təhsil alırlar. Buna görə qurub-yaradanlar sağ olsunlar.
Bu gün muxtar respublikada göstərilən dövlət qayğısı nəticəsində bu isə özlüyündə bundan sonra da kiçik və orta sahibkarlığın inkişafına stimul verəcək.
- Pərviz HACILI