Naxçıvanda tarixən yaxşı gəlir gətirən özünəməxsus məşğulluq sahələrindən biri hesab olunan duz çıxarma ənənəsini müasir dövrümüzdə standartlara əsaslanan istehsal prosesi əvəzləyib.
Artan tələbat, eyni zamanda ixrac imkanları nəzərə alınaraq ötən ildən etibarən Duzdağda 15 milyon ton duz ehtiyatı olan yeni şaxtanın tikintisinə başlanılıb, artıq müəyyən olunmuş duz layına qədər çəkiləcək 390 metr uzunluğunda tuneldə işlər yekunlaşmaq üzrədir. Şaxta əvvəlkilərdən fərqli olaraq tam standartlara uyğun texnoloji vasitələrlə inşa edilir, burada 3 metr eni, 73 metr hündürlüyündə havalandırma sistemi quraşdırılacaq ki, bu da içəridə yarana biləcək tozun çölə sorulmasına, həmçinin duzun nəmişlik çəkməməsinə imkan verəcək. Həmçinin tektonik hərəkətlər zamanı hər hansı xoşagəlməz halların qarşısını almaq üçün 10 metr uzunluğunda qəlib də quraşdırılacaq. Texniki təhlükəsiz qaydalarına tam cavab verəcək yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya biləcək ki, bu həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək.
Bundan başqa şaxtadan təxminən 3 kilometrlik məsafədə duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları artıq istehsal obyektinin təməl atma işlərini həyata keçiriblər. Müasir avadanlıqlarla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaq. Layihəyə əsasən 4580 kvadratmetr ərazini əhatə edəcək zavodda daş duz, hazır məhsul anbarı, qırıcı və ayırma bölməsi, 4 mərhələni əhatə edəcək istehsal sahəsi, eləcə də məhsulun yuyulması üçün hovuzlar, paketləmə material anbarı, işçilərin rahatlığını təmin edəcək yeməkxana və mətbəx fəaliyyət göstərəcək. Şaxtadan çıxarılan məhsul müəssisənin “daş duz” adlanan hissəsinə yığılacaq, daha sonra qırıcı və ayırma zonasında müxtəlif ölçülərə bölünərək istehsal sahəsinə ötürüləcək. Burada duzun yuyularaq tam nəfis şəklə salınması üçün hovuzlar da quraşdırılacaq ki, bu da hazır məhsulun keyfiyyətinə böyük mənada zəmanət verəcək.
Qeyd edək ki, yeni müəssisədə müasir üsullarla istehsal olunacaq Naxçıvan duzunun gələcəkdə ölkədaxilini təmin etməklə yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulub.
Nail Əsgərov