22 Dekabr 2024, Bazar

Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin gömrük nəzarəti zonasında Naxçıvan Muxtar Respublikasında ilk rüsumsuz ticarət mağazası xüsusi lisenziya əsasında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən təsis edilib. Bu fəaliyyət növünün qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin etməkdən ötrü Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin gömrük nəzarəti zonasında xüsusi bina inşa olunub. Rüsumsuz ticarət mağazası dinamik sosial-iqtisadi inkişafı, sabitliyi, iqtisadi əlaqələrin genişləndiyini, yeni ticarət sahələrinin formalaşdığını göstərir.
Muxtar respublikada rüsumsuz ticarət mağazasının fəaliyyət göstərməsi burada eyniadlı gömrük prosedurunun tətbiqinə şərait yaradır. Bu isə, öz növbəsində, sosial-iqtisadi, ticarət və mədəni sahədə daha bir yenilikdir.

Mağazada müxtəlif adda məhsullar satışa çıxarılır. Satış yeri bölmələrə ayrılıb. Vitrindəki ətriyyatlar, müxtəlif növ şirniyyatlar, geyim və içkilər dünyanın bu sahələrdə ən məşhur brend və markalarını təmsil edir. Milli aksesuarlar bölməsində isə xalqımızın və regionun qədim tarix və mədəniyyətini, milli dəyərlərimizi əks etdirən əşyalar, əl işi nümunələri və milli geyimlər satılır.
Qeyd edək ki, gömrük qa­nunverici­liyinə əsasən, rüsumsuz ticarət mağazasında yerləşdirilən malların satışı zamanı gömrük rüsumları və vergilər alınmır. Həmin malların satışı isə gömrük nəzarəti altında həyata keçirilir. Bu mağazanın xidmətindən yalnız gömrük sərhədini keçən fiziki şəxslər istifadə edə bilirlər. Pərakəndə şəkildə satışa çıxarılan mallardan gömrük rüsumları və vergilərinin alınmaması onların bazar qiymətlərindən ucuz satılmasına zəmin yaradır.
Rüsumsuz ticarət mağazası əhaliyə dünya standartları səviyyəsində göstərilən xidmətin yeni bir növü və nümunəsidir.  Burada dünyanın ən məşhur markalarına aid keyfiyyətli məhsulların  sərfəli qiymətlərlə satışı təşkil olunur. Bununla da, gömrük sərhədini keçən şəxslər həm də Avropa və dünyada istehsal olunan müxtəlif növ məhsullarla tanış olmaq, onları əldə etmək imkanı qazanırlar. Muxtar respublikamızda rüsumsuz ticarət mağazasının fəaliyyət göstərməsi, öz növbəsində, gömrük fəaliyyətinin genişlənməsinə də şərait yaradır.
Dünyanın yüzdən çox tanınmış şirkətinin istehsal etdiyi məhsulların satışını reallaşdıran  rüsumsuz ticarət mağazası ikinövbəli iş rejimində səhər saat 8-dən axşam saat 24-dək fəaliyyət göstərir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR