22 Dekabr 2024, Bazar

25-30 il bundan öncə muxtar respublikamızdakı ticarət səviyyəsi və ticarət mədəniyyəti heç də ürək­açan deyildi. Bir vaxtlar bəxtiyarlar ölkəsi kimi zehnimizə yeridilən sovetlər dövründə sərvətlərimiz talan edilir, insanlarımız qul kimi işlədilir, əvəzində aldığımız məvacibə isə nə müxtəlif çeşidli əyin-baş, nə də ki yemək-içmək ala bilirdik. Nə indiki kimi gözəl evlər inşa edə, nə də içərisinə rahat əşyalar yığa bilirdik. Gəlin köçürüb, oğul evləndirmək istəyənlər isə “qardaş” respublikalara üz tutmaq məcburiyyətində qalır, mebeli də, cehizlik əşyaları da oradan alıb gətirməli olurdular. Keçmiş Sovetlər İttifaqında istehsal olunan şablon, yeknəsəq məhsullar hesabına ağ-qara rəngdən ibarət dünyaya dönmüşdü həyatımız…

Yaxşı yadımdadır, hər dəfə qonşuluqda yaşayan bir alverçi qadın kəndimizə gələr, “xarici istehsaldır, ancaq tapıb gətirmişəm bunları, vur-tut bircə dənədir”, – deyə kiminsə köməkliyi ilə aldığı əşyaları beşqat qiymətə satardı. Həmin malları isə kolxozda günün altında günlərlə işləyib alın tərini torpağa qatanların almaq imkanı olmazdı. Çünki, necə deyərlər, bu məhsulların “öz xiridarları, sahibləri” var idi… İndi həmin günləri xatırlayanda müasirlərimizə həsəd aparıram. Bu gün muxtar respublikamızda yaşayan hər bir sakin istədiyi kimi ev inşa edir, içərisinə zövqünə uyğun mebeli alır, bağ-bağçasında könlündən keçən kimi gözəllik, istirahət guşəsi yarada bilir. Bir sözlə, zəhmətlə işləyib qazanırıqsa, səfasını da görürük. Sevindirici hal odur ki, bütün bunların əksəriyyətinə yerli istehsalın hesabına nail oluruq. İndi uzağa getməyə ehtiyac qalmayıb. Diyarımızda həm çoxsaylı ticarət obyektləri, yerli və xarici brend məhsulların satışı ilə məşğul olan mağazalar, həm də yüksək ticarət mədəniyyəti və alıcılıq qabiliyyəti formalaşıb. Necə deyərlər, evimizin içində istədiyimiz hər məhsula əlimiz çatır. “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, bu yaxınlarda istifadəyə verilən “Decoria” Alış-Veriş Mərkəzi də istənilən tikinti məhsullarını, məişət avadanlıqlarını, ev əşyalarını ala biləcəyimiz ünvanlardan biridir.

Fəaliyyətə başladığı qısa zamanda müştərilərin rəğbətini qazanan alış-veriş mərkəzində satış müdiri Nizami Babayevlə həmsöhbət olur, onunla birlikdə mərkəzin bir-birindən zəngin guşələrini gəzirik. O, 4000 kvadratmetrlik ərazidə yerləşən mərkəzdə muxtar respublika əhalisinin tələbatına uyğun olan, keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən bütün növ məişət əşyalarının, elektrik materialları və avadanlıqlarının, müxtəlif növ mebellərin, avtomobil aksesuarlarının satışı bölmələri, anbar və digər xidmət sahələri ilə bizi əyani şəkildə tanış edir. Nizami Babayev qeyd edir ki, mərkəzin 3000 kvadratmetri satış bölməsinin, 1000 kvadratmetri anbar və ofis bölmələrinin payına düşür. Yerli məhsullarla yanaşı, çeşid bolluğuna nail olmaq və alıcı tələbatını yetərincə ödəmək üçün Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan, ümumilikdə, 8500 çeşiddən çox məhsulun satışı həyata keçirilir. Hədəfimiz məhsul sayını 17 min çeşidə çatdırmaqdır.
Mərkəzlə tanışlıq zamanı şahidi olduq ki, mətbəx, yemək dəstlərini, elektrik materialları və avadanlıqlarını, xırdavat, təmir-tikinti alətlərini, plastik boruları, divar kağızlarını, yataq və bağça mebel dəstlərini, taxta və seyf qapılarını, hədiyyəlik əşyaları, məişət texnikalarını, dəftərxana ləvazimatlarını, təmizlik məmulatlarını, təhlükəsizlik vasitələri və geyimlərini, boya və izolyasiya məhsullarını, hamam və avtomobil aksesuarlarını və digər malları buradan sərfəli qiymətə əldə etmək mümkündür.
Burada Kredit şöbəsi də fəaliyyət göstərir. Mərkəzin kredit mütəxəssisi Nurlana Məmmədova ilə həmsöhbət oluruq. O deyir ki, müvafiq sənədləri təqdim etməklə 3 aydan 6 ayadək kreditlə məhsul almaq olar.

Naxçıvan şəhər sakini, uzun illərdir, təmir-tikinti işləri ilə məşğul olan Nurəli Rzayev mərkəzdə hər cür materialın olduğunu bildirərək, həm də onların sərfəli qiymətlərlə satıldığını vurğulayır. Onun sözlərinə görə, bu materiallarla yanaşı, tikintidə, təmirdə istifadə etdiyimiz avadanlıqları da buradan almaq olar. O, alış-veriş mərkəzinə yeni inşa etdiyi evin hamamı və həyəti üçün bəzi materialları almağa gəlib. Həyət üçün çox gözəl döşəmə daşlar seçib. Müsahibim deyir ki, bu daşların hamısı öz məhsulumuzdur. “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan bir-birindən gözəl məhsulların çeşidliliyi insana ürəyi istədiyini seçməyə imkan verir. İllər öncə, baxmayaraq ki, həmin yeraltı sərvətlərimiz, elə işgüzar insanlarımız da var idi, belə nəfis material və əşyaları almaq üçün, necə deyərlər, gərək lap dünyanın o başına gedib çıxa idin. İndi, şükür Allaha, hər cür şərait yaradılıb. Belə ticarət ünvanlarının olması istehsal edəni də, alanı da, elə satanı da – hər kəsi sevindirir. Bir sözlə, qurub-yaradan dövlətimiz var olsun.
Mərkəzin Mebel satışı şöbəsində ev əşyaları seçən Şərur şəhər sakini Qətibə Əliyevaya yaxınlaşıb onunla da həmsöhbət oluruq. Nənənin 70-ə yaxın yaşı olduğunu öyrənirik. O deyir:
– Qızım, bu gün buraya nişanlı nəvəm üçün cehizlik əşyalar seçməyə gəlmişik. İstədiyim hər cür ev əşyasının satışının bir yerdə təşkil edilməsi çox yaxşıdır. Belə olanda insan şəhəri dükanbadükan gəzməli olmur, hər nə almaq lazımdır bir yerdən alıb rahatlıqla gedir evinə. Mebellərin Naxçıvanda yığıldığını öyrənəndə çox sevindim. Ay bala, bizim vaxtımızda belə gözəl əşyaları evin içindəcə almaq olardı? İndi, şükür Allaha, bolluqdur, nə istəyirsən al, apar. Mətbəx, qonaq, yataq otağı üçün mebelləri, məişət avadanlıqlarını da buradan aldım. Hələ, üstəlik, yeni dünyaya gələn nəticəmin beşiyini də. Aldığım əşyaların bir qismini kreditlə götürdük. Xeyir iş elədir ki, gərək xeyli xərc çəkəsən, ələlxüsus da qız köçürəndə. Burada Kredit şöbəsinin fəaliyyət göstərməsi bizə böyük köməkdir.
Şəhər sakini Gülnarə Əliyeva bağ evi üçün olan əşyaların çox gözəl olduğunu deyərək söhbətimizə qoşulur:
– Deyirlər ki, “min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Neçə gündür, bu mərkəzin açıldığını eşitmişdim, amma iş-gücdən fürsət tapıb gələ bilmirdim. Bu gün, nəhayət, zaman ayırıb buraya baş çəkməyi düşündüm. Yaxşı ki, gəldim, çünki alış-veriş həm insanın ruhunu təzələyir, həm də evinə lazım olanları almaq imkanın olur. Burada istədiyin əşyanı tapa bilərsən. Bir evə nə lazımdırsa, hamısı var. Mən də bağ evimiz üçün əşyalar, əkin sahəmizdə istifadə etmək üçün otbiçən, dərmansəpən, odunkəsən alətlər aldım. Yaradılan şərait ürəyimizcədir.
Siması hər ötən saat dəyişən, günü-gündən gözəlləşən qədim Naxçıvanımızda bir-birindən yaraşıqlı mədəniyyət obyektlərinin, təhsil ocaqlarının, yaşayış binalarının inşa edilməsi ilə yanaşı, bu cür ticarət mərkəzlərinin də açılması sakinlərin yaşayışına öz müsbət təsirini göstərir. Çünki yaradılan bu şərait həm vaxtımıza və büdcəmizə qənaət, həm alıcı tələbatını yerli məhsullar hesabına layiqincə ödəmək, ürəyimiz istəyən mənzil şəraiti yaratmaq deməkdir, həm də məşğulluğun təmin edilməsi baxımından təqdirəlayiqdir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR