22 Dekabr 2024, Bazar

İndi Şərur rayonunun bir çox kəndlərində bu mənzərəyə rast gəlmək olar: bir yanda tikinti işləri gedir, bir yanda yol çəkilir, başqa tərəfdə isə içməli su xəttinin çəkilişinə və ya dəyişdirilməsinə, kanalizasiya şəbəkəsinin qurulmasına başlanılıb. Bir sözlə, dövlətin yüksək qayğısı sayəsində Şərurun da abadlığı, daha müasir görkəm alması, insanların daha rahat, firavan yaşaması üçün bütün gərəkli tədbirlər həyata keçirilir.

Muxtar respublikamızı, Şəruru əhatə edən quruculuq, yeniləşmə Xanlıqlar kəndini də ağuşuna alıb. Hazırda bu yaşayış məntəqəsi geniş tikinti meydançasını xatırladır.
Rayonun iri təhsil ocaqlarından biri Xanlıqlarda yerləşir. Məktəbin yaşı çoxdur. Binasının şəraiti heç də yaxşı deyildi. Zirzəmi ilə birlikdə üçmərtəbəli köhnə bina  yenidən qurulur. Təhsil ocağına daha bir korpus da artırılıb. 396 şagird yerlik məktəb binası bu ərazinin ən iri məktəblərindən biri olacaq.

Artıq obyektdə hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub, qapı-pəncərələr salınıb, elektrik, rabitə, su, istilik xətləri çəkilib. İndi fasad hissədə nəzərdə tutulmuş yerlərə milli naxışlarla bəzədilmiş və cilalanmış travertin üzlüklər vurulur, mərtəbələrarası pilləkənlərə və dəhlizlərə üzlük döşənir, divarlar rənglənir, həyətdə abadlıq işləri görülür, yaşıllıq zolaqları salınır, qazanxana, elektrik avadanlıqları və qızdırıcılar quraşdırılır. İş icraçısı Ərrəhman İmanov dedi ki, işə təzə başlayanda burada Xanlıqların özündən və ətraf kənd­lərdən olan xeyli işçi qüvvəsi var idi. Hazırda isə 15-20 nəfər çalışır ki, onlar da, əsasən, təcrübəli ustalardır. Bütün fəhlə və quraşdırıcılara xüsusi geyimlər verilib, onların işə gəlib-getməsi üçün nəqliyyat vasitəsi ayrılıb, hər biri texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb. Obyektdə işçi qüvvəsi, mal-material və texnika sarıdan heç bir problem yoxdur. Bütün bunlara görə də iş əvvəldən öz ahəngi ilə davam edir. Hər kəsin gördüyü iş günün sonunda ölçülüb müəyyənləşdirilir və buna müvafiq zəhməthaqqı hesablanır. Ona görə də hamı çalışır, daha çox, həm də keyfiyyətli iş görsün ki, aldığı məvacib də artıq olsun.
İnsanın sağlamlığı cəmiyyətin sağlamlığıdır. Yalnız sağlam olanlar xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Ona görə də tibbi xidmətin müasir standartlar səviyyəsində qurulması, vətəndaşların sağlamlğının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq modernləşdirilməsi Azərbaycan dövlətinin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Odur ki, Xanlıqlarda ikimərtəbəli həkim ambulatoriyası da ucaldılıb.
Yerlərdə qurulan kənd mərkəzləri əhalinin bir iş üçün bir neçə ünvana üz tutmaması, istəyini bir binanın daxilində yerləşən müxtəlif təşkilatlarda həyata keçirməsi baxımından çox sərfəlidir. Bu məqsədlə Xanlıqlarda tikilən ikimərtəbəli kənd mərkəzində də hər cür şərait yaradılır. Yeni binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı, rabitə evi, klub, kitabxana, baytarlıq məntəqəsi və digər təşkilatlar fəaliyyət göstərəcək.
İkimərtəbəli, yaraşıqlı xidmət mərkəzində kənd sakinləri və qonaqlar ərzaq, sənaye və təsərrüfat malları mağazalarının, ət satışı dükanının, qadın gözəllik salonunun, bərbər, dərzi və ayaqqabı təmiri ustalarının xidmətlərindən yararlanacaqlar. Bu binalar da qış aylarında mərkəzləşdirilmiş qazanxana sistemi ilə qızdırılacaqdır. Həyətlərdə yaşıllıqlar salınacaq, su xətti çəkiləcək, piyada yolları düzəldiləcək, oturacaqlar qoyulacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları obyektlərdə son tamamlama işləri görürlər. Yeri gəlmişkən onu da deyək ki, onlar kənddə yol boyu yerləşən şəxsi həyətlərə divar çəkilməsi, suvanması və rənglənməsi işlərini də həyata keçiriblər.
Şərur Rayon Yol-Təmir Tikinti İdarəsinin kollektivi tərəfindən Xanlıqlar kəndinin daxilində 2,5 kilometrlik yol yenidən qurulub.     Xanlıqlar kəndinin sakinləri ilə də görüşüb söhbət etdik. Onların üzündən sevinc yağırdı, sonsuz qürur, iftixar hissi keçirirdilər. Kənd ağsaqqalı, yaşı səksəni haqlamış İsmayıl Səfərovun dediklərindən:
– Müstəqil dövlətimizdə həyata keçirilən bütün tədbirlər ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Onun əsas amalı, əsas məqsədi həyatı boyu xalqına xidmət etmək olubdur. Bu gün eyni siyasət Azərbaycanımızın hər yerində, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Bunun bariz nümunəsini artıq şəhər görkəmi almış rayonumuzun əksər yaşayış məntəqələrinin timsalında aydın görürük. “Heydər Əliyev ili”ndə isə yaşadığım doğma Xanlıqlar kəndi də yeniləşən kəndlərimizin sırasına daxil olur. Budur müstəqilliyimizin təntənəsi, budur Heydər Əliyev ideyalarının bəhrələri. Bu yaşadək Xanlıqlarda belə əzəmətli tikinti-quruculuq işlərini görməmişəm. İndi ürək necə sevinməsin, fərəhlə döyünməsin? Yeniliklər könül açır axı. Sağ olsunlar təşəbbüskarları, təşkilatçıları, 2013-cü ildə yaddaşımıza silinməz izlər saldılar, bizi çox sevindirdilər.
Xanlıqlar kənd sakini, təqaüdçü müəllim Məhəmmədəli Cəlilov da fikirlərini böyük həvəslə bizimlə bölüşdü:
– Kəndimizdə bu cür geniş abadlıq-quruculuq işlərinin aparılması ürəyimizi dağa döndərir. Uşaqlarımız istifadəyə veriləcək yeni məktəbdə oxuyacaq, mükəmməl təhsil alacaqlar. Bir neçə ildən sonra kəndimizdən çıxan ziyalıların sayı da artacaq. “Ziyalı” sözünü əbəs yerə demədim. O, bir nurdu, işıqdı. Elə bir işıq ki, insanları öz ətrafına toplaya bilir, gücü, qüvvəni birləşdirir və faydalı istiqamətə yönəldir. Mən savadlı və savadsızlığın nə demək olduğunu, onların fərqini çox yaxşı başa düşürəm. Ona görə də kəndimizdə bu cür müasir məktəbin istifadəyə veriləcəyi məni çox sevindirir. İnşa olunan həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri də az əhəmiyyət daşımır. Dövlətimiz bunları yaradır ki, yaşayış səviyyəmiz yaxşılaşsın, mədəni cəhətdən öndə gedək. Təbii ki, göstərilən diqqət və qayğıdan mənəvi rahatlıq tapırıq. Ən əsası isə dövlətimizə və sabahımıza olan inamımız artır. İnsanı həyata bağlayan, onu yaşadan da elə inam deyilmi?

...Səhərdir. Günəş hələ üfüqdən boylanmamış Xanlıqlarda yeni həyat başlayır. Kimi kartof yığımına, kimi bostan-tərəvəz sahələrinə tələsir, kimi də mal-heyvan sürülərini qabağına qatıb örüşə aparır. Çöllərdən şum traktorlarının, kəndin mərkəzində isə ekskavatorların, asfaltyayan texnikaların səsi eşidilir. Bu, Xanlıqların daha xoş, abad və yaraşıqlı günlərinin sədasıdır.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR