Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin may ayında da diqqətdə saxlanılmışdır. Torpaqların elektron uçotunun aparılması məqsədilə Sədərək rayonunda planaalma işləri davam etdirilmiş, ay ərzində 1273 daşınmaz əmlak obyekti plana alınmışdır. Şərur rayonunun 23 bələdiyyəsinin xəritəsi və yerquruluşu sənədlər qovluğu hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Duzdağ duz mədənlərinin ərazisi xəritələşdirilmiş, hazırlanmış xəritə və planlar nəşr olunmuşdur. Muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri hazırlanmışdır. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Cəhri kəndində monitorinqlər davam etdirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində iş aparılmışdır.
May ayında 415 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 370 texniki sənəd hazırlanmış, yeni yaranmış 13 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 43 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 7 yaşayış məntəqəsində 47 vətəndaşın müraciətinə baxılmışdır. 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti