Muxtar respublikada pandemiyadan zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 4 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 1983 vergiödəyicisinə 2 milyon 205 min 438 manat vəsaitin həmin sahibkarların bank hesabına köçürülməsi təmin edilib.
Qeyd edək ki, təsdiq edilmiş müraciətlərə uyğun olaraq maliyyə dəstəyinin göstərilməsi haqqında mütəmadi məlumat veriləcək. Həmçinin maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (vergi.nakhchivan.az) elektron kabinetlərinə göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.
Maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi
Xidmətinin mətbuat xidməti