Muxtar respublikada suvarma şəbəkələrinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin aparılması diqqət mərkəzindədir. Suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 9,6 kilometr magistral kanal, 22,7 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənmiş, 1,8 kilometr yeni suvarma xətti çəkilmişdir. Bu dövrdə su istifadəçilərinə 62 milyon kubmetr su verilmiş, bunun müqabilində 52 min 909 hektar torpaq sahəsi suvarılmışdır.
Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 15 kilometr uzunluğunda suvarma xətti çəkilmişdir.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün 730 metr istiqamətləndirici bənd salınmış, həmçinin 61,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən geniş istifadə olunur. Qeyd olunan dövrdə 96 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılmış, 1 kəhrizdə işlər başa çatdırılmış, 1 yeni subartezian quyusu istifadəyə verilmişdir.
Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması istiqamətində görülən işlər davam etdirilmişdir. Bu dövrdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm və Araz kəndlərində 2,5 kilometr su və 3,5 kilometr kanalizasiya, Sədərək rayonunda 5,4 kilometr su, 1,9 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 5,3 kilometr uzunluğunda su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti