22 Dekabr 2024, Bazar

Kartofçu Ədalət əmi kimi özünü onsuz təsəvvür edə bilmirsən


Ədalət Həsənov Şahbuz rayonunun Ağbulaq kəndindəndir, kənd baytarlıq məntəqəsinin müdiri işləyir. Fəal ictimaiyyətçidir. Həm də rayonun bacarıqlı kartof istehsalçılarından biridir. Ədalət əmi ilə tanışlığım da elə ən yaxşı kartofçu ilə maraqlanıb onun zəhmətini işıqlandırmaq, tövsiyə və məsləhətlərini kənd təsərrüfatının bu sahəsi ilə məşğul olan insanlara – oxucularımıza çatdırmaq istəyim nəticəsində oldu...

Ölkəmizdə müstəqillik illərində uğurla aparılan torpaq islahatı illərlə həyətyanı sahəsində əkinçiliklə məşğul olan bu zəhmət adamının da imkanlarını xeyli genişləndirdi. O, pay torpağı aldı və elə həmin vaxtdan – 1994-1995-ci illərdən kartofçuluqla məşğul olmağa başladı. Ədalət əmi bu barədə fikirlərini bölüşdü: – Torpağa bağlandınsa, bu, zamanla bir vərdişə çevriləcək. Bir daha ondan ayrıla bilməyəcəksən. O səni özünə çəkəcək, sən özünü onsuz təsəvvür etməyəcəksən. Üstəgəl, ailənin dolanışığının da birbaşa torpaqla, zəhmətlə, əməklə bağlı olduğunu dərk edəndə, torpaq sənin arxan, dayağın olur. Üz tutduğun, əl açdığın, kömək istədiyin, ümid etdiyin ən yaxşı “dostuna” çevrilir.
Onun söylədiyi bu sözlərin həssas qəlbinin, zəhmətə qatlaşan varlığının, ailəyə olan bağlılıq hisslərinin ifadəsi olmasına, səmimiliyinə əmin oldum. Bu kəlmələri dilə gətirən adamın təkcə yaxşı zəhmət adamı deyil, haradasa digər müsbət xüsusiyyətləri olduğuna da məndə şübhə yeri qalmadı. Elə bunun üçün də məni düşündürən sualları ona verdim ki, bu zəhmətkeş insanı daha yaxından tanıyam.
O da məlum oldu ki, sən demə, Ədalət əmini iş vaxtından sonra da evində tapmaq müşkül məsələ imiş. Baytar həkim olduğu üçün böyük bir kəndin mal-heyvanında, ev quşlarında hər hansı bir problem yarandıqda tez-tez onları müayinə etmək üçün çağırılır. O isə əlindəki işini yarımçıq qoyub dərhal həmin çağırışlara yollanır. Əlindən gələni etməklə qonşusunun, kəndlisinin min bir əziyyətlə saxladığı mal-heyvana, toyuq-cücəyə bir xətərin toxunmasının qarşısını almağa çalışan insandır. Buna görə də kənddə hər kəs onun hörmətini saxlayır.
Ədalət əmi həm də qonaqpərvərliyi ilə tanınır. Qohum-əqrəba, bacı-qardaşları onun evinə illərdir ki, hörmətlə gəlib, izzətlə gedirlər. Onun yetişdirdiyi tonlarla kartof, tərəvəzdən, həyətindəki cəviz ağaclarından yığdığı meyvədən, heyvandarlıq məhsullarından hər il bacı-qardaşa, yaxın qohumlara da pay tutulur. Bunları öyrəndikdən sonra bir zəhmət adamının simasında həm də həssaslıq, qayğıkeşlik kimi gözəl insani keyfiyyətləri gördüm.
Kartofçuluqla bağlı söhbət zamanı təsərrüfatçı bu sahənin inkişafı üçün Ağbulaqda münbit şəraitin olduğunu, yaxşı məhsul əldə etmək üçün bu sahənin “dilini” bilməyin vacibliyini vurğuladı. Dövlətin kənd təsərrüfatını inkişaf etdirmək istəyən adamlara göstərdiyi qayğıdan ağızdolusu danışan Ədalət əmi ötən illərlə bu günü müqayisə edərək əkinçilərə verilən kreditləri, yardımları yüksək dəyərləndirdiyini bildirdi. Özünün də ötən ilin iyul ayında kredit götürdüyünü, elə fərdi təsərrüfatını da kredit hesabına genişləndirdiyini qeyd etdi.
O, ötən il 200 kiloqram kartof əkib, 1,5 tona yaxın məhsul əldə edib. Cari ilin aprel ayında növbəti əkini həyata keçirib. Kartof sərini, rütubəti sevdiyindən havaların yağıntılı keçməsi, suvarma suyu sarıdan heç bir probleminin olmaması təsərrüfat adamını sevindirib. Deyir ki, sahəyə hər il olduğu kimi aqrotexniki qulluq göstərir, suvarmanı vaxtlı-vaxtında aparır və bu mövsümdə də yaxşı məhsul əldə edəcəyinə əmindir.
Ədalət əmi kartofun becərilməsi haqqında da danışaraq bildirir ki, hər il yığımdan sonra sahə şumlanır, torpağa təbii gübrə verilir. Növbəti əkində cərgələri əllə çəkmişəm. Çünki maşınla çəkərkən cərgələr uzun olur, bu başdan o başa su çatmır. Ona görə də bunu əllə etmək daha sərfəlidir. Ancaq əkini maşın vasitəsilə də edirəm. Sonrakı becərmə işlərini isə mərhələ-mərhələ həyata keçirirəm. Bu proses beş ay ərzində başa çatır və sonra məhsul yığımı başlayır.
Təsərrüfat adamı sahəsindən ötən il topladığı məhsulun satışı zamanı da yaxşı gəlir əldə edib. Bu barədə maraqlananda dedi ki, məhsulu həm bazara çıxarır, həm də artıq neçə illərdir, daimi alıcıları var ki, elə qapısından gəlib aparırlar. Ondan ailə üçün nə qədər kartof saxladığını soruşdum. 200-250 kiloqramın onları bu kartof yığımından növbəti yığımadək gördüyünü söylədi.
Ədalət əmi həyətində 25 iribuynuzlu, 100 xırdabuynuzlu heyvan, 50-dən artıq quş saxlayır. Kartofla yanaşı, soğan, kələm, pomidor, xiyar və digər tərəvəzlər də əkib-becərir, cəviz, badam, alma ağaclarına qulluq göstərir, tədarük etdiyi məhsullardan bazara çıxarır.
Bir zəhmət adamı ilə söhbətimin nəticəsi bu oldu ki, mən onun simasında təkcə axtardığım ən yaxşı kartofçu müsahibimi yox, həm də qədim qohumluq bağlarını yaşadan, ailə dəyərlərini qoruyan, kəndlilər arasında hörmət sahibi olan bir insanı gördüm. Ona son sualım isə belə oldu: bu qədər qonaq-qaralı ev, bu qədər çox iş. Üzərinizə çox iş götürdüyünüz üçün yorulub usanmırsınız ki? Yəqin, bu qayğıkeşliyinizə, zəhmətkeşliyinizə görə qohumlarınızın və həmkəndlilərinizin sizə hörməti böyükdür.
O belə cavab verdi: – Bəli, düz deyirsiniz, çoxları bu qədər zəhmətə dözməzdi. Amma bütün bunlar mənim üçün çox xoşdur. Qaldı qohumlarımın və kəndlilərimin mənə olan hörmətinə, həmişə çalışmışam ki, elə yerdə oturum ki, gəlib deməsinlər ki, dur, bura sənin yerin deyil.
Bəli, torpaq belədir. O, insanı tərbiyə edir. O, insanı zəhmətkeşə çevirir. Təbii ki, gününü zəhmətlə, əməklə keçirən insan nankorluqla, pis əməllərlə məşğul ola bilməz. O, torpağı sevib yurduna daha ürəkdən bağlandıqca ata-anasını, bacı-qardaşını, qohum-əqrəbasını, ümumilikdə, Vətənini, adət-ənənələrimizi, milli dəyərlərimizi də sevib, onu yaşadacaq. Ağbulaqlı Ədalət əmi kimi...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR