Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçirilən quruculuq tədbirləri hər bir naxçıvanlını qəlbən sevindirir. Belə quruculuq ünvanlarından biri də Culfa rayonudur. Görülən işlərin nəticəsidir ki, rayonun kənd yaşayış məntəqələri ilə yanaşı, Culfa şəhəri də xeyli gözəlləşib, mühüm infrastruktur layihələri həyata keçirilib. Aparılan kompleks quruculuq tədbirləri sırasında inzibati binaların tikintisi və əsaslı şəkildə təmirini xüsusilə qeyd etmək yerinə düşər.
Rayonun yeni quruculuq ünvanlarından biri Heydər Əliyev prospektində inşa edilən Təhsil Şöbəsinin inzibati binasıdır. Tikintisinə ötən il noyabr ayının ikinci yarısından başlanan inzibati bina 2 mərtəbədən və 3 korpusdan ibarət olacaq.
Birinci mərtəbədə rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəbdənkənar müəssisələr, texniki yaradıcılıq və uşaq yaradıcılıq mərkəzləri, ikinci mərtəbədə isə Təhsil Şöbəsinin iş otaqları yerləşəcək.
Hazırda binanın dam örtüyü vurulub. Elektrik, istilik sistemi və suvaq işləri yekunlaşıb. Binada son tamamlama işləri görülür, həyətyanı sahədə abadlıq işləri aparılır. Bundan əlavə, binanın həyətində də digər yardımçı binalar tikilib. Həmçinin burada işıqlandırma sistemi, yaşıllıq zolağı və gülkarlıq yaradılır. Tikintidə, əsasən, yerli materiallardan istifadə olunur. Obyekt həmin materiallar ilə vaxtlı-vaxtında təmin olunur. İnşaatçılar obyekti nəzərdə tutulmuş vaxtda başa çatdırmaq üçün səylə çalışırlar.
Rayonda digər quruculuq ünvanlarından biri də “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa Yük və Sərnişindaşımaları İdarəsidir. Rayonun dəmiryol təşkilatlarını birləşdirən bu idarədə vaqon təmiri sexi və həmin sexin inzibati binası “Naxçıvan Dəmir Yolları” MMC-nin Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən əsaslı şəkildə yenidən qurulur. İdarənin iş icraçısı Aydın Mərdanovdan aldığımız məlumata görə, lokomotiv deposu üçün hər birinin uzunluğu 66 metr olan iki dəmir yolu xətti yenilənir. Burada təkər cütü sexi və mexanik üçün otaq nəzərdə tutulub. Hazırda burada konstruksiyaların rəngləndirilməsi və döşəməyə betonun verilməsi işi həyata keçirilir. Təmir sexində vaqon təmiri üçün qaldırıcı kranlar quraşdırılıb, elektrik xətləri yenilənib, sexin işıqlandırılması işləri yekunlaşdırılıb. Tezliklə inşası başa çatacaq təmir sexində yük və sərnişin vaqonları təmir olunaraq istismara buraxılacaq.
Onu da qeyd edək ki, sexdə gündəlik olaraq 4 sərnişin və ya 6 yük vaqonu təmir edilə bilər.
Eyni zamanda burada iki mərtəbədən ibarət olacaq vaqon təmiri sexinin inzibati binası da inşa olunur. Binada sahə rəisinin otağı, mexaniklər, mühafizəçi, çilingərlər, digər işçilər üçün otaqlar, istirahət otaqları yerləşəcək. Hazırda obyektin daxilində işlər davam etdirilir. Binanın fasadında üzləmə işləri aparılır. Tikintidə, əsasən, yerli tikinti materiallarından istifadə edilir.
Alim AĞAYEV