22 Dekabr 2024, Bazar

Muxtar respublikada cəmiyyətin normal fəaliyyətinin və davamlı inkişafının təmin olunmasında dayanıqlı və keyfiyyətli enerji təchizatı mühüm rol oynayır. Son illər bu sahənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, yeni güclər yaradılmış, infrastruktur yenilənmişdir. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirmişdir.

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm mərhələ kimi 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.
Muxtar respublikanın yerləşdiyi ərazi, alternativ və bərpa olunan enerji potensialının mövcudluğu burada yeni enerji növlərinin istehsalına şərait yaratmış, ötən dövr ərzində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə və Kəngərli rayonunda 2 meqavat gücündə Günəş elektrik stansiyaları istifadəyə verilmişdir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əvvəlki illərdə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən stansiya fəaliyyət göstərirdisə, 2019-cu ilin sonuna bu göstərici 9-a çatdırılmışdır. Ümumi stansiyaların 7-də alternativ və bərpa olunan enerji istehsal edilir ki, bu da iqtisadi cəhətdən daha rentabelli olmaqla yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında da mühüm rol oynayır.

İstehlakçıların elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq istiqamətində təkcə 2014-2019-cu illər ərzində muxtar respublikada 362,4 kilometr yeni elektrik xətləri çəkilmiş, 427,4 kilometr elektrik xətləri əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 196 yeni transformator quraşdırılmış, 701 transformator isə əsaslı təmir olunmuşdur.
2019-cu ildə muxtar respublikada 418 milyon 385 min 251 kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 186 milyon 695 min 982 kilovat-saatı və ya 44,6 faizi istilik elektrik stansiyalarında, 194 milyon 216 min 469 kilovat-saatı və ya 46,4 faizi su elektrik stansiyalarında, 37 milyon 472 min 800 kilovat-saatı və ya 9 faizi isə Günəş elektrik stansiyalarında istehsal edilmişdir. Alternativ və bərpa olunan elektrik enerjisi istehsalı ümumi istehsalın 55,4 faizini təşkil etmişdir.
2019-cu ildə ölkə üzrə Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,7 faizi muxtar respublikanın payına düşüb.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.

Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 2020-ci ilin yanvar-may aylarında Kəngərli rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Cari ilin yanvar-may aylarında istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində Şərur rayonunda 35/10 kilovoltluq “Çomaxtur” yarımstansiyası istifadəyə verilmiş, muxtar respublikada 29,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq, 3,6 kilometr uzunluğunda 35 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 16 müxtəlifgərginlikli transformator quraşdırılmışdır.
Naxçıvan şəhərində transformator binasının və Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi, Naxçıvan və Şərur şəhərlərində, həmçinin Babək qəsəbəsində smartkarttipli elektrik sayğaclarının quraşdırılması işləri hazırda davam etdirilir.
Muxtar respublikada enerji sahəsində görülən işlərin əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bu gün dayanıqlı elektrik enerjisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir”.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR