Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür.
Azərbaycan mülki aviasiyasının tarixini bir neçə mərhələyə bölmək olar. İlk mərhələdə Bakıdan Moskva, Xarkov, Tbilisi, Həştərxan şəhərlərinə hava xətləri açılıb, sərnişinlərin və poçtun təyyarə ilə daşınmasının təməli qoyulub.
Böyük Vətən müharibəsi dövründə bir çox sahələr kimi, mülki aviasiya sahəsi də “Hər şey cəbhə üçün!” şüarı ilə fəaliyyət göstərib. Müharibədən sonrakı illərdə mülki aviasiya yeni mərhələyə qədəm qoyub. Belə ki, “İL-14”, “İL-18” sərnişin təyyarələri, xüsusi təyinatlı aviasiya üçün “An-2” təyyarələri, “Mi-1” və “Mi-4” vertolyotları istismara daxil olub. Bu dövr 1970-ci illərə qədər davam edib.
1970-1980-ci illər ölkədaxili hava xətlərinin inkişaf mərhələsi olub. Məhz bu dövrdə Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilib, paytaxt Bakı ilə bu şəhərlər arasında hava əlaqəsi yaradılıb.
XX əsrin 90-cı illərinin əvvəllərində milli müstəqilliyini bərpa etmiş Azərbaycanın mülki aviasiyasında, onun inkişafında yaranmış boşluq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb.
Ulu Öndərin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar aviasiya tarixində yeni mərhələ açıb, onun yeni sürətli inkişaf dövrü başlanıb. Mülki aviasiyaya böyük investisiyalar qoyulub və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıq alınaraq respublikaya gətirilib.
Ölkədə 7 aeroport tikilib, onların 6-sı beynəlxalq aeroportdur
Avropa ilə Asiya arasında hava nəqliyyatında mühüm məntəqələrdən olan Bakıda müasir beynəlxalq aerovağzal kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və fövqəladə səyləri nəticəsində 1999-cu ildə öz qapılarını dünyaya açıb. Bir il sonra isə Bakı hava limanına ilk “Boeing” təyyarəsi enib. 2004-cü ildə bu hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adı ilə aviasiya tariximizə düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı aeroport elan edilib, aeroport sənayesi üçün ən nüfuzlu hesab olunan “Skytrax World Airport” mükafatlarına layiq görülüb. “Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən yüksək “5 ulduz”la təltif edib. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur. Aeroport inqilabi müasirləşdirilmə nəticəsində postsovet məkanında və Şərqi Avropa ölkələrində bir nömrəli aeroport hesab olunur.
Peşəkar milli kadrlara olan tələbat nəzərə alınaraq, 1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb, yerli kadrların yetişməsində onun əvəzsiz rolu var.
Mülki aviasiyanın yenidən qurulması layihələri üzrə Naxçıvan beynəlxalq hava limanı, Zabrat hava limanında yeni aerovağzal binası, Qəbələ, Lənkəran, Zaqatala hava limanları, Gəncə beynəlxalq hava limanı tikilib başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.
Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycanda mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini həyata keçirən və tənzimləyən mərkəzi icra orqanıdır. O, mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir. Agentlik öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq qurur, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir. Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir, Azərbaycan Respublikası mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.
Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, “Azərbaycan Hava Yolları” QSC (AZAL) mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları”nın və onun tabeliyindəki aşağıbüdcəli “Buta Airways”in təyyarə parkında bu gün yetərincə “Airbus”, “Boeing”, “Embraer” kimi ən müasir avialaynerlər var. Bu tipli təyyarələrlə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşlar həyata keçirmək mümkündür. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, həm də Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. “Azərbaycan Hava Yolları”nın ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Nəhəng aviaşirkətə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir.
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Şərqlə-Qərbin qovuşuğunda yerləşən respublikamızda hava nəqliyyatının xüsusi önəmi var. Dünya hava nəqliyyatına uğurla inteqrasiya edən müasir müstəqil Azərbaycanın aviasiyası inkişafının yeni dövrünü yaşamaqdadır.