Bərəkətli və məhsuldar torpaq sahələri olan Culfa rayonunda torpaq mülkiyyətçiləri yenə də böyük həvəslə sahələrə çıxıblar. Artıq Culfa rayonunun aran kəndlərində yaz-tarla işləri aparılıb, dağ kəndlərində isə əkin işləri davam etdirilir.
Culfa Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 31 may tarixədək bölgədə 431,2 hektarda şum qaldırılıb, 399,9 hektar sahədə yazlıq əkin keçirilib. 42,2 hektarda tərəvəz əkilib ki, bunun da 6,4 hektarı soğan, 0,2 hektarı sarımsaq, 35,6 hektarı digər bitkilərdir. Bundan əlavə, 120,5 hektarda yazlıq arpa, 100,1 hektarda çoxillik otlar, 1 hektarda noxud, 12,5 hektarda kartof, 0,4 hektar sahədə yerfıstığı, 1,1 hektarda isə lobya əkilib. Culfa rayonunda bostan bitkilərinin əkini də diqqətdə saxlanılıb. Aldığımız məlumata görə, hələlik 118,7 hektar sahədə tərəvəz əkilib.
Məlumatda bildirilir ki, hazırda Culfa rayonunun təsərrüfatçıları əkin sahələrində suvarma işlərini davam etdirirlər.
Əvvəlki illərdə olduğu kimi, bu il də rayonun taxılçılıqla məşğul olan təsərrüfat adamları yerli şəraitə uyğun məhsuldar buğda sortlarının əkininə üstünlük verirlər. Torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək mövsümü uğurla başa vurmağa çalışırlar. Bütün bunlar belə deməyə əsas verir ki, rayonda yaz əkinləri optimal müddətdə başa çatdırılacaq və yüksək məhsul üçün zəmin yaradılacaqdır.
Pərviz HACILI