Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir, Naxçıvan şəhərindən, rayon mərkəzlərindən tutmuş ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələrində inzibati və sosial obyektlər tikilib istifadəyə verilir. Təbii ki, tikinti-quraşdırma işlərinin sürətlə aparılmasında, inşaat işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasında mühüm rol oynayan beton qarışığı və beton məmulatları istehsal edən müəssisələrin yaradılması da diqqət mərkəzində saxlanılmış, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla müxtəlif gücə malik zavodlar tikilib istifadəyə verilmişdir. Beton məmulatları istehsal edən müəssisələr istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan əsas inşaat materialları – beton primitiv üsullarla hazırlanır, qum istehsalı ekologiyaya zərərli, kortəbii şəraitdə həyata keçirilirdi. Obyektlərdə istifadə olunan digər beton məmulatları isə qonşu ölkələrdən gətirilirdi. Bu müəssisələrin işə salınması ilə həmin problemlər aradan qaldırılmış, yerli xammaldan səmərəli istifadə olunmaqla yüksəkkeyfiyyətli beton və beton məmulatları istehsalına başlanılmışdır.
Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından və yaradılan əlverişli biznes mühitindən bəhrələnərək fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı ərzaq məhsulları ilə yanaşı, tikinti materialları istehsal edən zavod və fabriklərin yaradılmasına da nail olmuşdur. Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yaxından iştirak edən, daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən müəssisələrdən biri də 2013-cü ilin aprel ayından fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan İnşaat” Sənaye Kompleksidir.
Babək rayonunun Araz kəndi yaxınlığında, Naxçıvançayın sahilində tikilib istifadəyə verilən “Cahan İnşaat” Sənaye Kompleksi muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına artan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır. Ümumi sahəsi 8 hektar olan kompleksdə Beton Məmulatları İstehsalı Zavodu, daşqırma və qumələmə sahəsi yaradılmış, Türkiyənin bu sahədə qabaqcıl təcrübəyə malik “Pİ Makina” şirkətinin istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
Gücü saatda 150 kubmetr olan daşqırma və qumələmə sahəsində 4 çeşiddə məhsul istehsal olunur.
Müasir tələblər səviyyəsində qurulan Beton Məmulatları İstehsalı Zavodunda yerli xammaldan istifadə edilərək yüksəkkeyfiyyətli beton istehsal edilir. Zavodun istehsal gücü saatda 120 kubmetrdir. İstehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. İstehsal sahələrində fasiləsiz iş rejiminin təmin olunmasında mühüm rol oynayan maşın-mexanizmlərə texniki xidmətin təşkili və onların istismar müddətinin uzadılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, cari ilin aprel ayında kompleksin ərazisində Maşın-Mexanizmlər İdarəsi üçün yeni binanın və maşın-mexanizmlərə texniki baxış sahəsinin tikilməsinə başlanılmışdır. Obyektdə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. 5 bölməli texniki xidmət sahəsində son tamamlama işləri görülür. Xidmət sahəsində pultla idarə edilən 5 tonluq körpü-kran, avtomatik qapılar quraşdırılmışdır. Həmçinin ağırtonnajlı yük avtomobillərinə texniki xidmət göstərilməsi üçün Türkiyə Respublikasından müasir texnoloji avadanlıqlar alınıb gətirilmişdir. Onu da qeyd edək ki, yaxın vaxtlarda istifadəyə veriləcək maşın-mexanizmlərə texniki baxış sahəsində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının texnikaları ilə yanaşı, digər idarə, müəssisə və təşkilatların da yük avtomobillərinə texniki xidmət göstəriləcəkdir. Texniki xidmət sahəsinin fəaliyyətə başlaması məşğulluğun təmin olunmasında da mühüm rol oynayacaq, 20-yə yaxın mütəxəssis daimi işlə təmin olunacaqdır.
Kərəm HƏSƏNOV