22 Dekabr 2024, Bazar

Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında regionlarda sahibkarlığın inkişafı təmin edilmiş, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olunmuşdur. 

Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin milli-iqtisadi təhlükəsizliyinin təmin edilməsinin başlıca, ilkin şərtlərindən biri kimi çıxış edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublika rəhbəri tərəfindən ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafın müvəffəqiyyətini təmin etmiş, eyni zamanda muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılmışdır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, ictimai həyatın bütün fəaliyyət istiqamətlərində əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir. 

Ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı özünəməxsusluğu ilə fərqlənir. İşğalçı Ermənistan Respublikasının Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir. Sosial-iqtisadi inkişaf sahəsində muxtar respublikamızda irimiqyaslı müvəffəqiyyətlər əldə edilmişdir. Bütün bunlar iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulun artımında öz ifadəsini tapmışdır. Belə ki, 2020-ci il yanvar-mart aylarında ümumi daxili məhsulun istehsalı 548 milyon manatdan çox olmuş, onun adambaşına düşən həcmi isə 1192,1 manat təşkil etmişdir.
Muxtar respublika iqtisadiyyatının səmərəli strukturunun formalaşdırılması məqsədilə elmi əsaslara söykənən idxal-ixrac siyasətinin həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkar­lığın inkişafına, son məhsul istehsalının artırılmasına, daxili bazarın, əsasən, yerli istehsal məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə əsasında istehsal potensialının gücləndirilməsinə iqtisadi stimul yaradılmışdır. Nəticə etibarilə, 2020-ci ilin ilk rübündə muxtar respublikada ötən ildəki dövrə nisbətən artım müşahidə edilmiş, 251 milyon 769 min 600 manat dəyərində məhsul istehsal olunmuş, 41 milyon ABŞ dollarından çox sənaye məhsulu ixrac olunmuşdur.
Naxçıvanda sənaye sahəsində həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsullarının artan istehsalının təşkilindən, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur.
Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul olunan dövlət proqramları, həyata keçirilən iqtisadi islahatlar kənd təsərrüfatının bütün sahələrinin dinamik inkişafına təkan vermişdir. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyaların, güzəştli kreditlərin verilməsi, damazlıq heyvanların gətirilməsi və fermerlərə 50 faiz güzəştli qiymətlə satılması, müxtəlif növ kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların lizinq yolu ilə təklif olunması bu sahədə həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Bütün bunlar ərzaq məhsullarının istehsalında artıma və hər bir vətəndaşın keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradır. Qeyd olunanlar sosial-iqtisadi inkişafı xarakterizə edən rəqəmlərdə də öz əksini tapmışdır. Belə ki, muxtar respublikada 2020-ci ilin ilk rübündə öncəki ilə nisbətən yenə artım müşahidə edilmiş, 29 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları isə ixrac olunmuşdur.
Müvəffəqiyyətlə reallaşdırılan iqtisadi siyasət qısa tarixi dövr ərzində diyarımızda makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın artım dinamikasına təkan vermiş, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Sənaye müəssisələrinin fəaliyyəti bərpa edilmiş, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılması ciddi şəkildə təşviq olunmuş, sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulması prosesi gücləndirilmiş, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyəti müntəzəm əsasda dəstəklənmiş, sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulmuş, satış problemlərinin həlli üçün sistemli tədbirlər görülmüş, yerli və xarici bazarlara çıxış imkanları sadələşdirilmiş, dövlət strukturlarının sənaye, xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarına olan tələbatının ödənilməsi prosesi üzrə dövlət sifarişləri, ilk növbədə, yerli sənaye mallarına yönəldilmiş, elektroenergetika və təbii qaz infrastrukturu tamamilə yenilənmişdir.
Sosial-iqtisadi inkişafa bu cür kombinə edilmiş yanaşma və irimiqyaslı quruculuq proseslərinin nəticələri muxtar respublika iqtisadiyyatında və sosial sahədə əldə edilmiş uğurlara yenilərinin əlavə olunmasına təminat verir. Həyata keçirilən məqsədyönlü tədbirlər, elmi nəzəriyyəyə və təcrübəyə söykənən konsepsiya əsasında aparılan köklü iqtisadi islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı gələcəkdə də öz dinamikasını artan templə qoruyub saxlayacaqdır.

Əşrəf Ələkbərov
Naxçıvan Dövlət Universitetinin dosenti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR