Babək rayonunda əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizati və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir.
Hazırda bu işlər muxtar respublikanın ən böyük kəndlərindən olan rayonun Nehrəm kəndində aparılır. Araz kəndində isə bu işlər yekunlaşdırılıb. İşlər başa çatdırıldıqdan sonra hər iki kəndin əhalisi fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində Babək qəsəbəsinin 6 min sakini içməli su ilə təmin olunub. Qəsəbədə kanalizasiya sistemi də qurulub. Qəsəbədə ana xətt və ev birləşmələri daxil olmaqla müxtəlif diametrli borularla 84 kilometr içməli su, 7 min 300 kilometr isə kanalizasiya xəttləri çəkilib. 1200 ev kanalizasiya xəttinə qoşulub. Su xəttləri çəkilən evlərdə sayğaclar quraşdırılıb, vətəndaşlarla müqavilələr bağlanılıb. Sakinlər fasiləsiz olaraq içməli su ilə təmin olunub.