Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Ərazinin ekoloji baxımdan əlverişli olması və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik müxtəlif meyvə sortlarının becərilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikasında bu sahənin inkişafı məqsədilə kompleks tədbirlər həyata keçirilir, meyvəçilik və tərəvəzçiliklə məşğul olanlara güzəştli kreditlər verilir, meliorativ tədbirlər görülür, məhsulların satışı üçün yarmarkalar təşkil olunur. Qazanılan nailiyyətlərin əsasında “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icra olunması dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının əsas məqsədi muxtar respublikanın meyvə və tərəvəzə olan tələbatının yerli istehsal hesabına ödənilməsi, kənardan gətirilən sort meyvə tinglərinin, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılması, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, kənd əhalisinin məşğulluğunun artırılması, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Proqramda 28 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. 2016-2017-ci illər üçün nəzərdə tutulmuş Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağının salınması, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi laboratoriyasının fəaliyyətinin gücləndirilməsi və müasir avadanlıqlarla təmin edilməsi ilə bağlı tapşırıqların icrası başa çatdırılmışdır.
2020-ci ilin yanvar-mart aylarında dövlət proqramının icrası istiqamətində Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün tədqiqat işləri davam etdirilmiş, həmin sahələrdə becərilən kənd təsərrüfatı bitkilərindən nəzərdə tutulan məhsuldarlığın alınması üçün üzvi və mineral gübrə normaları müəyyənləşdirilmiş, Kəngərli rayonunun Böyükdüz, Xok bələdiyyələrinin və “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş torpaqların qida maddələri ilə təminolunma kartoqramları hazırlanmışdır. Eyni zamanda Şərur rayonunun Axura, Dizə, Gümüşlü, Həmzəli, Şahbuz rayonunun Aşağı Qışlaq, Biçənək və Yuxarı Qışlaq bələdiyyələri üzrə hazırlanan işçi planlar torpaq analizlərinin aparılması üçün “Araz” Elm-İstehsalat Birliyinə təhvil verilmişdir. Yüksək məhsuldarlığa malik meyvə-tərəvəz sortları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi əməkdaşlarının 3 elmi məqaləsi xarici jurnallarda çap edilmiş, 6 məqaləsi isə kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Əkin sahələrinin genişləndirilməsi məhsuldarlığın artırılmasına səbəb olan əsas amillərdəndir. Əkinçilərin hər hansı məhsulu rüsum ödəmədən muxtar respublikaya gətirmələrinə şərait yaradılması bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu, bir daha sübut edir ki, kənd əhalisinin məşğulluğunun artırılması, meyvə və tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və aqrar sektorun davamlı inkişafı dövlət tərəfindən diqqət yetirilən başlıca sahələrdəndir. 2020-ci ilin yanvar-mart aylarında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 188 əkinçiyə məxsus 1680 ton toxumluq kartofu idxal rüsumu ödəmədən muxtar respublikaya gətirmələrinə köməklik göstərilmişdir.
Kənd təsərrüfatında əsas hədəf məhsuldarlığın yüksəldilməsidir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramında torpaqların su ilə təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə qeyd olunan dövrdə Şərur rayonunda 33,4, Babək rayonunda 106,4, Sədərək rayonunda 2,2 hektar olmaqla, ümumilikdə, 142 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 127 kilometr uzunluğundakı kanallarda və 10 kilometr kollektorda lildən təmizlənmə, hidrotexniki qurğularda isə təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunun İbadulla kəndində əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq üçün 1 subartezian quyusu qazılaraq istifadəyə verilmiş, Şahbuz rayonunun Külüs kəndində 400 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün nasos stansiyasının və yüksəktəzyiqli boru xəttinin tikintisi davam etdirilmiş, Babək rayonunun Kültəpə, Şahbuz rayonunun Türkeş kəndlərinin hər birində 1 subartezian quyusu təmir edilərək balansa alınmışdır. Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni əkin sahələrinin suvarma suyu ilə təminatı üçün 850 metr suvarma boru xətti quraşdırılmış, 3 subartezian quyusu bərpa olunmuşdur.
Muxtar respublikada ərzаq təhlükəsizliyinin təmin оlunmаsındа, əhalinin ərzаq məhsullаrınа оlаn tələbаtının ödənilməsində, еmаl müəssisələrinin хаmmаllа təchiz edilməsində kənd təsərrüfаtı məhsullаrı istеhsаlının mühüm əhəmiyyəti vardır. Ona görə də аqrаr sеktоrun inkişаfına ciddi önəm verilir, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfаtı məhsullаrı istеhsаlının həcmi ilbəil artır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də tədarük edilən məhsulların saxlanılması üçün soyuducu anbarların tikintisidir. Çünki soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılmasında mühüm rol oynayır. Muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların ilboyu yüksək keyfiyyətlə saxlanılması və bazara təklif olunmasına xidmət edən soyuducu anbarların yaradılması da diqqət mərkəzindədir. Birinci rübdə bu məqsədlə işlər davam etdirilmiş, Şərur rayonunun Yuxarı Aralıq kəndində dövlət maliyyə dəstəyi hesabına 1 fiziki şəxs tərəfindən soyuducu anbarın genişləndirilərək 300 tona çatdırılması, Babək rayonunun Nehrəm kəndində özəl investisiya qoyuluşu hesabına “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tutumu 2500 ton olan soyuducu anbarın yaradılması yekunlaşmışdır. Eyni zamanda Şərur rayonunun Düdəngə kəndində dövlət maliyyə dəstəyi hesabına 1 fiziki şəxs tərəfindən tutumu 200 ton, Culfa rayonunun Yaycı kəndində özəl investisiya qoyuluşu hesabına 1 fiziki şəxs tərəfindən tutumu 35 ton olan soyuducu anbarların yaradılması davam etdirilmişdir. Hazırda muxtar respublikada tutumu 18 min 740 ton olan 39 soyuducu anbar vardır.
Aqrar sahədə istehsal olunan məhsulların keyfiyyəti onların satış qabiliyyətini xarakterizə edən ən mühüm amillərdəndir. Dövlət proqramının icrası məqsədilə həyata keçirilən monitorinqlər vasitəsilə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyəti nəzarətdə saxlanılır. 2020-ci ilin ötən dövründə, ümumilikdə, meyvə-tərəvəz məhsullarının 160 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmış, nəticələrin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmiş, 5 məhsul sertifikatlaşdırılmışdır.
Proqrama uyğun olaraq ötən dövrdə sağlam rəqabət mühitinin yaradılması və daxili bazarın qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı dövründə həmin məhsulların qonşu ölkələrdən idxalının qarşısı alınmış, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırmalarına şərait yaradılması üçün hər həftənin şənbə-bazar günləri və Novruz bayramı ərəfəsində yarmarkalar təşkil оlunmuşdur. Bayram günlərində keçirilən yarmarkalara muxtar respublikada fəaliyyət göstərən 360 ailə təsərrüfatı subyekti dəvət edilmişdir.
Ötən dövrdə meyvə və tərəvəzçilik təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmış, dövlət maliyyə dəstəyi hesabına Tumbul kəndində meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, Şərur rayonunun Ələkli kəndində istixana təsərrüfatının, Babək rayonunun Nehrəm kəndində meyvə-tərəvəz məhsullarının qablaşdırılması və meyvə araqlarının hazırlanması sahəsinin, Culfa rayonunun Milax kəndində tingçilik sahəsinin yaradılması, Babək rayonunun Məzrə kəndində 1 hektar ərazidə salınmış üzüm bağının fəaliyyətinin stimullaşdırılması başa çatdırılmışdır. Şərur rayonunun Muğanlı kəndində meyvə-tərəvəz məhsullarının qablaşdırılması, Oğlanqala kəndində istixana təsərrüfatının fəaliyyətinin bərpası, Danyeri kəndində bağçılıq təsərrüfatının, Babək rayonunun Xəlilli kəndində 12 hektar torpaq sahəsində qarğıdalı və bostan bitkiləri əkininin, Sirab kəndində 6 hektarda bağçılıq təsərrüfatının yaradılması, Şahbuz rayonunun Kolanı kəndində bağçılıq təsərrüfatının fəaliyyətinin stimullaşdırılması, Gömür kəndində müxtəlif çeşidli meyvə araqlarının hazırlanması, Sədərək rayonunun Sədərək kəndində meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahəsinin yaradılması davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikada kənd təsərrüfatı yönümlü 32 layihənin maliyyələşdirilməsinə 416 min 500 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublikada Arazboyu düzənlik ərazilərdə, Naxçıvançay, Əlincəçay, Gilançay çayları boyunca meyvə bağlarının salınması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, üzümçülüyün inkişafı, şoranlaşmış və ya eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə daxil edilməsi, yeni suvarma metodlarının tətbiqi, kiçikhəcmli meyvəqurutma istehsalı sahəsinin, kənd təsərrüfatı cəmiyyətləri və birliklərinin yaradılması ilə bağlı fermer və sahibkarlar arasında maarifləndirmə tədbirləri həyata keçirilmişdir. 2020-ci ilin yanvar-mart aylarında çay vadilərində suvarma imkanları olan ərazilərdə, ümumilikdə, 3,5 hektar sahədə yeni meyvə bağları salınmış, 9 hektar sahədə meyvə və giləmeyvə toxumlarından istifadə edilməklə toxumla əkin, 3,7 hektar sahədə müxtəlif meyvə tingləri ilə bərpa işləri aparılmışdır. Kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində, əsasən, dağlıq və dağətəyi zonalarda, relyefi mürəkkəb olan ərazilərdə və kənd təsərrüfatı üçün yararsız olan torpaqlarda meyvə və giləmeyvə toxumlarından istifadə olunmaqla, 33 hektar sahədə 165 kiloqram toxumla əkin işləri həyata keçirilmişdir. Ötən dövrdə tingçilik sahələrində 1,1 hektardan çox ərazidə müxtəlif növ meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələm kökləndirmə sahələri yaradılmış, 13 min 500 ədəd üzüm, 410 ədəd qovaq qələmi əkilmiş, 4 min 820 dibçəkdə müxtəlif növ meyvə tingi yetişdirilmiş, Ordubad Milli Parkı ərazisində 400 müxtəlif cır meyvə ağacına calaq vurulmuşdur. Ümumiyyətlə, yanvar-mart aylarında dövlət proqramının icrası istiqamətində muxtar respublikada 3,8 hektarı üzüm bağı olmaqla, 44,4 hektar sahədə yeni meyvə bağları salınmış, 30,9 hektar sahədə meyvə tingləri ilə bərpa işləri aparılmış, 47 min 176 müxtəlif növ meyvə tingi, 6 min 675 üzüm kolu əkilmişdir.
Geni dəyişdirilmiş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısının alınması məqsədilə həmin məhsulların siyahısı hazırlanaraq gömrük sərhəd-buraxılış məntəqələrinə təqdim edilmiş, muxtar respublikaya idxal olunan qida məhsullarının markalanmasına nəzarət gücləndirilmişdir.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. Yeni istixana komplekslərinin yaradılması ilin istənilən fəslində daxili bazarın tələbatının ödənilməsinə imkan verir. Dövlət maliyyə dəstəyi hesabına Şərur və Ordubad rayonlarında 1 limon istixana təsərrüfatının yaradılması başa çatdırılmış, Şərur rayonunda 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası davam etdirilmişdir.
Meyvə-tərəvəz sahələrinə investisiyaların cəlb edilməsi diqqətdə saxlanılmış, Şərur rayonunda 1 layihə üzrə bağçılıq təsərrüfatının yaradılmasına 5 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Əkin atlaslarına uyğun əkin aparılması məqsədilə Babək rayonunun Kərimbəyli və Kəngərli rayonunun Çalxanqala kəndlərində müvafiq rayon İcra Hakimiyyəti başçılarının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir. Torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar müvafiq bələdiyyə sədrlərinə təqdim olunmuş, onlara kartoqramlardan istifadə qaydaları izah edilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tapşırıqların vaxtında icra olunması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması, meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və kənd əhalisinin məşğulluğunun artırılması sahəsində yeni imkanlar yaradacaqdır.
“Şərq qapısı”