Mütəxəssislər “Boeing 737 MAX” təyyarələrinin sistemindəki qüsurları aradan qaldırıb və sertifikasiya prosesi uğurla davam edir.
Bunu “Boeing” korporasiyasının rəhbəri Devid Kelhun deyib.
“Mən MAX təyyarələrindən əminəm. Federal Aviasiya İdarəsinin sertifikatlaşma üzrə işləri əvvəlkilərə nisbətən daha dəqiq aparılıb. Biz sınaq proqramında vəziyyətin istənilən inkişaf variantını nəzərdən keçirmişik. Hər şey əladır”, - deyə “Boeing” korporasiyasının rəhbəri bildirib.
Devid Kelhun, həmçinin təyyarə hazırlanan zaman qüsurlara yol verildiyini də etiraf edib. “Çox çətin və gərgin anda pilotun reaksiyasına dair ehtimallarımız düzgün olmayıb. Lakin hesab edirəm ki, qüsurlar aradan götürülüb”, - deyə o əlavə edib.
Xatırladaq ki, “Boeing 737-MAX 8” təyyarələrinin istismarı ard-arda baş vermiş iki qəzadan sonra dayandırılmışdı. 2019-cu il martın 10-da “Ethiopian Airlines” aviakompaniyasına məxsus təyyarə qəzaya uğramışdı. Nəticədə 157 sərnişin və ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
“Boeing” kompaniyası qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf etmişdi. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə təhlükəsizlik səbəbindən bu tip təyyarələrin istifadəsinə qadağa qoymuşdu.