Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda planaalma işləri aparılır.
Xidmətdən bildirilib ki, artıq rayonun Heydərabad qəsəbəsində və Qaraağac kəndində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb. Plana alınmış 2 minə yaxın daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları xidmətin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb.
Hazırda planaalma işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.