Şərur rayonunun Xanlıqlar kəndində kompleks quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərdən biri təhsilin səviyyəsini yüksəltmək üçün 200 şagirdin oxuduğu mövcud məktəb binasının yenidən qurulmasıdır. Binaya daha bir korpus artırılıb. Yeni məktəb binası 396 şagird yerlik olacaq.
Məktəb 23 sinif otağından, 3 laboratoriyadan, hərbi kabinədən, kompüter otağından, elektron lövhəli siniflərdən, kitabxana və idman zalından ibarətdir.
İnsanın sağlamlığı cəmiyyətin sağlamlığıdır. Yalnız sağlam olanlar xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Xanlıqlarda ucaldılan ikimərtəbəli, 14 otaqlı həkim ambulatoriyası da bu məqsədə xidmət edir. Burada əczaxana, uşaq həkimi, stomatoloq, ginekoloq, doğuş, müayinə, manipulyasiya otaqları var. Yeni səhiyyə ocağında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün hər cür şərait yaradılacaq.
Yeni obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı, rabitə evi, klub, kitabxana, iclas zalı, baytarlıq məntəqəsi və sair üçün otaqlar hazırlanır.
İkimərtəbəli, yaraşıqlı məişət evində kənd sakinləri və qonaqlar ərzaq, sənaye və təsərrüfat malları mağazalarının, ət satışı dükanının, qadın gözəllik salonunun, bərbər, dərzi və ayaqqabı təmiri ustalarının xidmətlərindən yararlanacaqlar. Həyətlərdə yaşıllıqlar salınacaq, su xətti çəkiləcək, piyada yolları düzəldiləcək, oturacaqlar qoyulacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları artıq obyektlərdə son tamamlama işləri aparırlar. Yeri gəlmişkən onu da deyək ki, onlar kənddə yol boyu yerləşən şəxsi həyətlərə divar çəkilməsi, suvanması və rənglənməsi işlərini də həyata keçirmişlər.
Şərur Rayon Yol Təmir-Tikinti İdarəsinin kollektivi isə kəndin içərisində 2,5 kilometrlik yolun yenidən qurulması işlərini davam etdirir.
Xəbərlər şöbəsi