22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda qədim yurd yerləri kifayət qədərdir. Bu ərazilərin əksəriyyəti əcdadlarımız üçün mühüm əhəmiyyət daşımış, zaman keçdikcə mövcud təbii şərait həmin yerlərin kənd yaşayış yerlərinə çevrilməsində böyük rol oynamışdır. Təbii ki, müasir dövrdə yaşamaq üçün, sadəcə, təbii şərait yetərli deyil. Müasir dövrdə insanların elə müasir də tələbatları olur. Bu tələbatların ödənilməsi isə böyük zəhmət, əzmkarlıq və mütərəqqi ideyaların tətbiqini tələb edir. Muxtar respublikamızın kənd yaşayış yerləri ildən-ilə insanların daha çox bağlandığı, yaşamaq, işləmək, istirahət etmək istədiyi ünvanlara çevrilir. Belə kəndlərdən biri də Culfa rayonunun Kırna kəndidir.
Kırna kəndi rayon mərkəzindən 30 kilometr şimalda, Haça dağın ətəyində yerləşir. Əhalisi 1541 nəfər olan kənddə təsərrüfat sayı 447-yə çatır. Kəndin təbii-coğrafi mövqeyi burada əkinçilik və heyvandarlığın inkişafı üçün gözəl şərait yaradır. Elə buna görə də kənd camaatı uzaq keçmişdən günümüzədək bu sahələri inkişaf etdirməyə çalışıblar.

...Nədənsə Haça dağın ətəyində yerləşən kəndlərdə səhərin açılmasını, xüsusilə Günəşin doğmasını seyr etməyi çox istəmişəm. Bilirsiniz niyə? Adətən, səhər Günəş doğan zaman, daha doğrusu, şəfəqlərini ətrafa saçma­mışdan əvvəl havada gözəl bir səhər qoxusu olur. Bu qoxunu doyunca ciyərlərinə çəkmək istəyirsən. Ancaq bu, o qədər də uzun sürmür. Çünki Günəş şüaları nə qədər xeyirli olsa da, bu gözəl qoxunu aparır. Mənimsə hər zaman düşüncəmə belə bir fikir hakim kəsilir ki, Haça dağın ətəklərində yerləşən kəndlərdə bu cür havanı daha çox qəbul etmək olur. Əzəmətli dağ Günəşin səhər qısqanclığının önünü müəyyən qədər kəsərək buna daha artıq imkan yaradır. Budəfəki səfərimizdə isə bu düşündüklərimi çoxdan “unutmuşdum”. Ona görə ki, axşamdan yağan çiskin yağış hələ də ara verməmişdi. Bu yerlər sanki yenidən yuyularaq təmizliyi ilə göz oxşayırdı. Bu təmizliyin fonunda isə bir neçə gün bundan əvvəl kənddə istifadəyə verilmiş quruculuq ünvanları, yeni çəkilmiş kənddaxili asfalt yollar daha parlaq və gözəl görünürdü...
Kənddə hamı iş başındadır. Kimisi təsərrüfatı ilə, kimisi məktəbdə, kimisi xidmət təşkilatlarında öz işi ilə məşğuldur. Gəlişimizdən bir saat əvvəl zəngləşib danışdığımız kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Bayramovla sıra ilə düzülmüş yeni obyektlərin qarşısında yenidən salamlaşırıq. Yağış yenicə kəsib. Yan-yörəsində nümayəndəliyə hər hansısa müraciət üçün gəlmiş kənd sakinlərindən də var. Yaşı 70-i haqlamış Yaşar Ağayev kənddə istifadəyə verilmiş yeni quruculuq işləri haqqında ağızdolusu danışır: “Sovet dövründən kənddə təsərrüfatla məşğul olmuşam, sovxozda işləmişəm. Kəndimizdə belə bir şərait yaradılacağını heç zaman ağlıma gətirə bilməmişəm. Düzdür, televiziyada görürdük ki, rayonumuzda, başqa yerlərdə böyük tikinti işləri aparılır, yeni məktəblər tikilir, yollar salınır. Ancaq fikirləşirdim ki, bəlkə, bizim kənddə quruculuq işlərinin aparılmasını görə bilmədik. Şükürlər olsun, bizim də kəndimizdə belə gözəl şərait yaradıldı. Əvvəlki vaxt olsaydı, bu yağışdan sonra bura belə təmiz gəlib çıxa bilməzdik”, – deyib əli ilə ayaqqabılarını göstərir. Digər kənd sakini Əkbər Hüseynov da ürəyindən keçənləri gizlətmir: “Uşaqlarımız palçıqlı yollarla məktəbə gedib-gəlincə çox əziyyət çəkirdilər. İndi düz məktəbə qədər yollar asfaltlanıb. Hələ məktəbin keçmiş vəziyyətini demirəm”. Sonra bir az da mənə tərəf yaxınlaşaraq: “Bu məktəbin yerləşdiyi yer açıqlıqda olduğu üçün bura daim küləkli olur. Köhnə məktəbdə qış fəslində uşaqlar əziyyət çəkirdilər. Sobanı yandırırdılar, çox vaxt külək imkan vermirdi, tüstü siniflərə dolurdu. Uşaqlar tez-tez xəstələnirdilər. Allah dövlətimizi daha güclü eləsin ki, belə məktəblərimiz hər yerdə tikilsin”.
Burada bir haşiyə çıxaraq deyim ki, kənddə yeni istifadəyə verilmiş  obyektlər hər kəsin qəlbini sevinc hissi ilə doldurub. Yaraşıqlı ikimərtəbəli kənd mərkəzində işləyənlər üçün burada hərtərəfli şərait yaradılıb. Binanın birinci mərtəbəsində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana yerləşir. İkinci mərtəbədə isə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi fəaliyyət göstərir. Digər yeni ünvan isə kənd həkim ambulatoriyasıdır. İkimərtəbəli ambu­latoriya binasında kənd sakinlərinin sağlamlığının qorunması üçün hərtərəfli şərait yaradılıb. Yeni məktəb haqqında düşüncələrimizə isə bir azdan qayıdacağıq...
Üzümü yenidən Yaşar kişiyə tərəf tutaraq təsərrüfatla maraqlanıram, bu yerlərin yaxşı üzüm yetişdirdiyini deyirəm. Həmsöhbətim deyir ki, sovet dövründə sovxozda üzümçülüklə məşğul olmuşam. Bu yerlərin torpaqları üzümçülük üçün çox münbitdir. Bir zamanlar burada 100 hektardan çox üzüm sahələri olub. Sonralar hamısı dağıdılıb. Kəndimizdə yetişdirilən ağ üzüm, hənəqırna, sarı-qırmızı kişmişi, mərməri sortları dillər əzbəri olub. İcra nümayəndəsi söhbətə qoşulub deyir ki, kənddə üzümçülüyə diqqət son vaxtlar artırılıb. Hazırda üzüm sahələri 20 hektara çatır. Tofiq müəllim digər əkin növləri haqqında da məlumat verir. Qeyd edir ki, hazırda kəndin 145 hektar sututar sahələri var, 200 hektarı isə dəmyə ərazilər təşkil edir. Bu il eyni ərazi dairəsinə aid olan Qızılca kəndi ilə bərabər, 250 hektar sahədə taxıl əkilib ki, həmin sahələrdən 4611 ton məhsul götürülüb.
Bizimlə söhbətə qoşulan və adını soruşmadığım bir neçə  digər sakinlə də söhbətimizdə aydın oldu ki, son illər kənddə yaradılan istehsal sahələrində xeyli kənd sakini işlə təmin olunub. Məsələn, sahibkar İkram İskəndərovun 2011-ci ildə yaratdığı quşçuluq təsərrüfatında 10 nəfər işləyir. Kəsim dövründə əlavə 18 nəfər də işə cəlb edilir. Səbzəli Məmməd­ovun sahibkarlıq fəaliyyəti göstərdiyi çörək sexində isə 4 nəfər çalışır. Maraqlı məlumatlardan biri də odur ki, kənddə fəaliyyət göstərən su dəyirmanı keyfiyyətli və orqanizmə daha faydalı olan un istehsalını həyata keçirir. Bu cür dəyirmanda üyüdülmüş unun faydasını bilən müştərilər sırasında kənar yerlərdən gələnlər də az olmur. Söhbətimiz burada maraqlı keçsə də, yeni istifadəyə verilmiş məktəbi də ziyarət etməli olduğumuzu müsahiblərimizin diqqətinə çatdırırıq.
Əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmiş məktəb binası zirzəmi ilə birlikdə dördmərtəbəli, 306 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, bufet, idman zalı fəaliyyət göstərir. Fizika laboratoriyasında və 2 sinif otağında elektron lövhə quraşdırılıb, 5198 latın qrafikalı dərslik və 3155 bədii ədəbiyyatdan ibarət kitabxana yaradılıb. Təhsil ocağında 23 kompüter olmaqla, tədris üçün hərtərəfli şərait təmin edilib. Məktəbin direktoru Cəlil Əliyev qeyd etdi ki, hazırda məktəbdə 135 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Ötən tədris ilində məktəbin 20 nəfər məzunu olub ki, onlardan 11-i ali məktəblərə, 2-si orta ixtisas məktəblərinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Artıq kənddən ayrılmaq vaxtı gəlib çatmışdı. Bir həqiqəti xüsusilə qeyd edim ki, həmsöhbət olduğumuz kənd sakinləri bütün yaradılanları böyük sevinc və qürur hissi ilə qarşılayır, bu hissləri mən soruşmadan belə, bölüşməyə, paylaşmağa çalışırdılar. Həm də səmimi və təbii olaraq... Elə Haça dağın Günəşin qısqanclığından gizlətdiyi səhər qoxusu kimi...

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR