Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 389 milyon 789 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,9 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,7 faiz artaraq 3233,6 manata (4121,3 ABŞ dollarına) çatmışdır.
* * *
2013-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 623 milyon 211 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,8 faiz üstələmişdir.
* * *
Bu ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 698 milyon 902 min 400 manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 9,7 faiz artmışdır.
* * *
Qeyd olunan dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 30 milyon 433 min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 25 milyon 992 min 500 manat olmaqla, bir il öncəki göstəricini 6,6 faiz üstələmişdir.
* * *
Cari ilin yanvar-avqust aylarında muxtar respublikada 214 milyon 539 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,8 faiz üstələmişdir. Həmin dövrdə muxtar respublikada 11,8 min ton ət (diri çəkidə), 59,8 min ton süd, 54 milyon 709 min ədəd yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 4,1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 2,4 faiz artmışdır.
* * *
2013-cü ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 1 milyard 59 milyon 682 min 900 manat, onun hər bir nəfərə düşən həcmi isə 3,7 faiz yüksələrək 2463 manat təşkil etmişdir.
* * *
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-avqust aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 375,4 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artmışdır.
* * *
1 sentyabr 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 23064-ə çatmışdır ki, bunun da 20122-si və ya 87,2 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-avqust ayları ərzində açılmış 6238 bank hesabının 6183-ü və ya 99,1 faizi aktiv hesablardır.
* * *
2013-cü ilin yanvar-avqust aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 332 milyon 244 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 6,5 faiz artaraq 246 milyon 490 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 160 milyon 736 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.
* * *
Bu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 29 milyon 281 min manat həcmində kreditlər verilmişdir.
* * *
1 sentyabr 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 9023 nəfər və ya 2,1 faiz artaraq 433252 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-avqust aylarında 7082 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 144 nəfər çoxdur.
Xəbərlər şöbəsi