22 Dekabr 2024, Bazar

Artıq may ayının ilk günlərini yaşayırıq. Qışın soyuğu öz yerini baharın günəşli günlərinə verib. Sanki Günəş öz isti nəfəsi ilə hər bir kənd zəhmətkeşini fəal olmağa, əkib-becərmək əzmini artırmağa səsləyir.  Kəndli də yaxşı bilir ki, torpaqda işləmək, onu həvəslə əkib-becərmək, gəlir əldə etmək firavan yaşamaq deməkdir. Əgər torpağını əkmirsənsə, öz ailənə lazım olan məhsulları yetişdirmirsənsə, onda xoş günləri arzulamaq da əbəsdir. Gərək zəhmətə qatlaşıb, əkib-becərəsən ki, faydasını da görəsən. 

Hər mövsüm özünün müxtəlif fəaliyyət sahələri ilə fərqləndiyi kimi, qida rasionu ilə də fərqlənir. İlin müxtəlif dövrlərində mövsümi qidalar qəbul etmək sağlam yaşamağın ilkin şərtlərindəndir. Elə pandemiya ilə mübarizədə də immun sistemini qorumaq ən vacib amillərdən biridir. May ayı da müxtəlif bitkilərin toplandığı, meyvə-tərəvəzlərin çiçək dövrünü yaşadığı bir zamandır. Bu dövrdə, əsasən, C vitamini ilə zəngin olan çiyələk də artıq çiçək açmağa başlayıb. 

Biz də yurdumuzun bu şəfalı meyvəsini əkib-becərənlərlə görüşmək üçün üz tutduq Şahbuz rayonunun ən ucqar yaşayış məntəqələrindən biri olan Keçili kəndinə. Bu sahə ilə məşğul olanlardan biri Şakir Məmmədovdur. O bizi elə öz həyətyanı sahəsində qarşıladı. Artıq 10 ildir, çiyələk əkini ilə məşğul olan həmsöhbətim əvvəlcə torpağın səxavətindən danışdı. Onun insan həyatında əvəzsiz rolunu xüsusi vurğuladı. Qeyd etdi ki, ömrü-günü açıq havada, alaçıqda keçən, illərin izlərini nurlu çöhrələrindəki qırışlarda yaşadan ağbirçəklərimiz, ağsaqqallarımız, beləcə, yaranışdan torpaqla yaxın təmasda olublar. Alın tərini torpağa qarışdıran, əllərinin qabarını torpaqla ovxalayan, onu əzən, əzizləyənlər torpağın barı ilə övladlarını doyurub, dolandırıblar. Sağlamlığın da, uzun­ömürlülüyün də əlacını işdə, zəhmətdə, torpaqla ünsiyyətdə görüblər. “İş insanın cövhəridir”, – deyib, el adət-ənənələrimizi qoruyub yaşadan da elə əliqabarlı babalarımız, nənələrimiz olub.
Çiyələyin bu kənddə necə yetişdirilməsi ilə bağlı Şakir dayı bildirdi ki, kənd sakinləri həyətyanı sahələrində bu bitkinin becərilməsinə xüsusi əhəmiyyət verirlər. Öyrəndik ki, çiyələyin yaxşı məhsul verməsi üçün ona xüsusi diqqət göstərmək lazımdır. Çiyələk çoxyönlü bitkidir, o, yaxşı suvarıla bilən torpağa əkilməlidir. Əvvəllər kartof, pomidor kimi bitkilər əkilən torpağa çiyələk əkilməsi məsləhət deyil. Çiyələk torpağa cərgə şəklində əkilməlidir. Bitkinin suvarılmasına da xüsusi fikir verilməlidir. Hava şəraitindən asılı olaraq kolları vaxt­aşırı su ilə təmin etmək lazımdır. Məhsuldarlığı artırmaq üçün payızın əvvəlində hər kvadratmetrə 50 qram miqdarında gübrə vermək olar. Alaq otlarından, bitkini qurumuş, xəstəlik tutmuş yarpaqlarından təmizlədikdə daha çox məhsul götürmək olar. Çiyələyi məhsuldarlığa təsir göstərən xəstəliklərdən, həşəratlardan qorumaq da vacibdir. Belə ki, kollarının tez xarab olması, quşlar, həşəratlar ona çox zərər verir. Günəş işığı lazımlı olsa da, o, nisbətən sərin yerlərdə əkilməli, torpağı nəm saxlanmalıdır. Belə olan halda yarpaqları daha təravətli, sağlam qalacaq. Müsahibim bildirdi ki, ötən il bu aqrotexniki qaydalara əməl etməklə məhsuldarlığa nail olub, əkdiyi sahədən bir ton çiyələk toplayıb, yaxşı qazanc əldə edib. Elə buna görə də bu il də 2 put sahədə yenidən çiyələk əkini həyata keçirib.
Kənd sakini ilə söhbətimizdən sonra mütəxəssislərlə də görüşdük. Onlar bizə çiyələyin faydaları haqqında məlumat verdilər. Öyrəndik ki, qida rasionumuzda çiyələkdən vaxtaşırı istifadə olunması xolesterolu aşağı salır, damar tutulmasının qarşısını alır, həzm sistemini nizamlayır. Qanı təmizləməklə yanaşı, diş ətini, immuniteti və yaddaşı gücləndirir, dəriyə gözəllik verir.
Çox yaxşı bir antioksidant olan çiyələk sakitləşdirici təsiri ilə təzyiqi nizamlayır və stresi azaldır, hərarəti salır. Revmatizm və qaraciyər xəstəliklərinin profilaktikasında effektiv təsir göstərir. Şəkər xəstəliyinin aradan qaldırılmasına köməkçi olur. Çiyələk həm də xərçəngə qarşı təsirli bir qidadır. Sümüklərin güclənməsi üçün lazımlı kalium, maqnezium və digər mineralları ehtiva edir. Fol turşusu, B5 və B6 vitaminləri ilə zəngin olduğu üçün saçların tökülməsinin qarşısını alır.
Bu yaz yağıntının normaya uyğun olması, havaların əlverişli keçməsi torpağa bağlı insanların üzünü güldürür. Bu isə o deməkdir ki, bərəkətli Naxçıvan torpağında bu il də digər nemətlər kimi, süfrələrimizin bəzəyi olan çiyələk də bol olacaq.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR