22 Dekabr 2024, Bazar

Bu gün dünyada hamılıqla qəbul olunan fakt ondan ibarətdir ki, baytarlıq xidməti çoxşaxəli, iqtisadi, istehsal və biotəhlükəsizlik sistemidir. Çünki əhalinin ərzaq təminatının, təhlükəsizliyinin çox vacib və mühüm məsələləri məhz burada öz həllini tapır. Sağlam, keyfiyyətli ət və süd məhsulları ilə təminatda mühüm əhəmiyyətə malik olan baytarlıq xidmətinin təşkilinə muxtar respublikamızda da xüsusi diqqət yetirilir. Bunu sürətlə inkişaf edən bölgələrimizdən olan Babək rayonunda son illər ərzində bu sahədə həyata keçirilən və artıq öz bəhrələrini verən kompleks tədbirlər də bir daha təsdiq edir.

 Bu istiqamətdə görülən işlərlə bağlı ətraflı məlumat almaq üçün Babək Rayon Baytarlıq İdarəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Cəlal Həsənovla həmsöhbət olduq. O qeyd etdi ki, bu gün dövlət qayğısı sayəsində Dövlət Baytarlıq Xidmətinin bütün yerli qurumları kimi, Babək Rayon Baytarlıq İdarəsi də güclü maddi-texniki bazaya malikdir. Görülən tədbirlər çərçivəsində Babək qəsəbəsində Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunaraq istifadəyə verilməsi əməkdaşların iş şəraitini daha da yaxşılaşdırıb. Həmçinin müxtəlif müayinə analizləri aparmaq üçün müasir avadanlıqların quraşdırıldığı laboratoriyalar da fəaliyyət göstərir ki, bu da xidmətin düzgün və səmərəli təşkilində mühüm rol oynayır. Eyni zamanda yaşayış məntəqələrindəki müasir kənd mərkəzlərində baytar həkimlər üçün ayrıca iş otaqları ayrılıb, lazımi dərman preparatları ilə təmin olunub. 

Ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən Süni Mayalanma Mərkəzinin tikintisinə 3 milyon manat vəsait ayrılıb və bu istiqamətdə həyata keçirilən işlər yaxın gələcəkdə Naxçıvanda heyvandarlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Beləliklə də müvafiq məntəqələrdə görülən işlər vahid mərkəzdən mütəşəkkil şəkildə idarə olunmaqla, müsbət nəticələrə yol açacaq. Bununla heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi daha da sürətləndiriləcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcək.
Müsahibim bildirdi ki, muxtar respublikamızın zəngin təbiəti, diyarımızın yerləşdiyi coğrafi mövqe heyvanların, quşların, arı ailələrinin sayının artırılmasına geniş imkanlar açır. Baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi isə dövlətimizin daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il fevral ayının 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da bu məsələnin həllinə istiqamətlənmiş mühüm dövlət sənədidir. Sərəncamda baytarlıq sahəsində dövlət nəzarətinin tənzimlənməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi, muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması kimi zəruri məsələlər əksini tapıb. Bu dövlət sənədi həmin sahənin mütəxəssisləri olan biz baytarların qarşısına yeni heyvan, quş və balıq cinslərinin yetişdirilməsi, yerli arı genofondunun mühafizəsi, onlardan yüksək keyfiyyətli məhsul götürülməsi üçün zoobaytar qaydalarına əməl edilməsi işlərinin daha da təkmilləşdirilməsi kimi ümdə vəzifələr qoyur. Onu da qeyd edim ki, dövlət tərəfindən pulsuz verilən vaksinlər, preparatlar, aparılan peyvəndləmə tədbirləri nəticəsində rayon ərazisindəki heyvanlar arasında heç bir təhlükəli xəstəliyə rast gəlinmir. Ötən il ərzində bruselyoz xəstəliyinin müayinəsi məqsədilə 6490 baş iribuynuzlu mal-qaradan qan nümunələri götürülüb və heç bir infeksion xəstəlik aşkarlanmayıb. Qarayara xəstəliyinə görə isə 15 min 28 baş iribuynuzlu, 614 baş təkdırnaqlı heyvanda profilaktik müayinələr aparılıb. 2020-ci il ərzində də Babək Rayon Baytarlıq İdarəsi tərəfindən Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birgə peyvəndləmə tədbirlərinin aparılması, infeksion xəstəliklərə qarşı vaksinlər vurulması nəzərdə tutulub.
Cəlal həkim dedi ki, dövlətimiz tərəfindən peşəkar kadr hazırlığı da daim diqqətdə saxlanılır. Belə ki, son illərdə Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti kafedrasının yaradılması, kafedra üçün yeni binanın istifadəyə verilməsi və lazımi vəsait­lərlə təmin olunması bu sahədə tədrisin keyfiyyətinə böyük mənada təsir göstərib. Burada yüksəkixtisaslı baytar kadrlar hazırlanır, onlar qardaş Türkiyə Respublikasının universitetləri ilə əməkdaşlıq edərək kliniki təcrübə və dərslərdə iştirak edirlər. Bundan başqa, Naxçıvan Dövlət Texniki Kollecində də Baytarlıq təbabəti ixtisası fəaliyyət göstərir. Tələbələr tez-tez rayonlardakı iri fermer təsərrüfatlarında təcrübə keçirlər. Bu istiqamətdə görülən tədbirlər tələbələrin peşəkarlığını daha da artırmaqla baytarlıq sahəsinin gələcək inkişafını təmin edir.
Həmsöhbətim onu da bildirdi ki, heyvandarlığın inkişafında mühüm faktorlardan biri də süni mayalanma tədbirlərinin aparılmasıdır. Müqayisə üçün, demək olar ki, əgər yerli inək sortları kəsim zamanı 100-120 kiloqram ət verirsə, süni mayalanmadan doğulanlardan 250-300 kiloqrama qədər ət, eləcə də 15-20 litrə qədər süd almaq mümkündür. Ölkə başçısı cənab İlham Əliyevin 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım da müəyyən edilib ki, bu da təsərrüfat sahiblərinin süni mayalanmaya olan marağını artırıb. Rayonda da bu sahəyə xüsusi diqqət yetirilir. Əldə olunan statistik göstəricilər də müsbət fikirlər söyləməyə əsas verir. Belə ki, ötən ilin ilk ayı ərzində süni mayalanmadan 171 baş sağlam buzov doğulmuşdusa, bu ilin müvafiq dövründə bu rəqəm 182 olub.
Son illərdə qəbul olunan dövlət proqramları, imzalanan sənədlər Babək rayonunda arıçılığın inkişafına da müsbət təsir göstərib. Bu sahədə baytarlıq tədbirlərinin görülməsi də diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabrda imzaladığı Sərəncamla təsdiq olunan “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” ənənəvi arı cins­lərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına geniş şərait yaradır. Rayon Baytarlıq İdarəsinin əməkdaşları da vətəndaşların müraciətləri əsasında tez-tez təsərrüfatlarda olur, qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq maarifləndirici məsləhətlər verirlər. Həmçinin dövlətimizin maddi dəstəyi də arıçıların bu sahənin inkişafında səy göstərmələrinə yol açır. Belə ki, ötən il ərzində dövlət tərəfindən, ümumilikdə, 8100 arı ailəsinə pulsuz müxtəlif dərman preparatları verilib. Bundan başqa, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya da ödənilir ki, bu da arıçıların marağını daha da artırır.
Apardığımız söhbətdən də məlum oldu ki, Babək Rayon Baytarlıq İdarəsi öz işini günün tələbləri çərçivəsində qurur, əhalini sağlam, keyfiyyətli ət və süd məhsulları ilə təmin etmək üçün heyvandarlıqda, quşçuluqda baş verə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə kompleks tədbirlər həyata keçirir. Əminliklə qeyd etmək olar ki, idarə əməkdaşları yaradılan şəraitdən istifadə edərək baytarlıq xidmətinin keyfiyyətini daha da yüksəldəcək, muxtar respublikamızda ərzaq təhlükəsizliyinin davamlı şəkildə təmin olunmasına öz töhfələrini verəcəklər.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR