Müasir mərhələdə ölkədə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda stabilliyin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilib. Bu məqsədlə ölkədə nağdsız ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Ölkəmizdə nağdsız ödəniş sahəsində görülən işlər...
Dünyanın inkişaf etmiş ölkələrinin maliyyə bazarında nağdsız ödəniş sistemi geniş yayıldığından adi əməliyyat mexanizminə çevrilib. Nağdsız ödəniş - pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin formasıdır.
Son illər respublikamızda da nağdsız ödəniş sisteminin inkişafı məqsədilə müvafiq addımlar atılır.
Bu sistemin genişləndirilməsi məqsədilə 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər Dövlət Proqramı” nı təsdiq edib, 2005-ci ildə isə “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkminləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıbdır. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə nağdsız ödənişlərin həcmini artırılması sonralar da dövlət başçısının diqqətində olubdur. Belə ki, 2016-cı ildə qəbul olunmuş “Nağdsız hesablaşmalar haqqında” Qanunun və eləcə də 2018-ci ildə təsdiq olunmuş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiqi buna əyani sübutdur. Qəbul olunan qanunların, Dövlət Proqramlarının, sərəncamların və görülən işlərin nəticəsində Azərbaycan Respublikasında nağdsız ödənişlərin həcminin ilbəil müsbət dinamika ilə artımı müşahidə olunur.
Nağdsız ödəniş sisteminin müsbət əhəmiyyəti
Nağdsız ödəniş sistemi birbaşa əhalinin yaşam tərzinin asanlaşdırılmasına yönəlibdir. Bundan əlavə, nağdsız ödənişlərə keçid xərcləri izləməyə və büdcənizə nəzarət etmək imkanı verir. Təhlükəsizlik baxımından isə nağd puldan imtina etmək vəsaitlərinizin fiziki oğurlanmasının qarşısını alır.
Beynəlxalq təcrübəyə uyğun olaraq, nağdsız ödənişlərinin göstərdiyi müsbət təsir, ölkə iqtisadiyyatı, ödəniş xidməti təchizatçısı və istifadəçisi baxımından qruplaşdırılır. Belə ki:
Ölkə iqtisadiyyatına təsiri baxımından:
-Şəffaflıq təmin olunur, dövlət büdcəsi gəlirlərinin həcmi artır;
-Pul dövriyyəsi üzrə əməliyyatların qeydiyyatı aparıldığından pul kütləsinin idarə edilməsi asanlaşır;
-Nağd pulun idarə olunması üzrə xərclər azalır;
-Əhalinin maliyyə savadlılığı və banklara çıxış kanalları artır.
Ödəniş xidməti təchizatçısı (banklar, ödəniş təşkilatları və s) baxımından:
-Dövriyyədən kənar pul vəsaitləri cəlb edildiyindən banklarda pul kütləsinin həcmi artır;
-Əhalinin əksər hissəsi banklarda hesab açır, müştərilərin sayı artır və aparılan əməliyyatlara görə banklar xidmət haqqı şəkilində gəlir əldə edir;
-Pul kütləsi banklarda toplanır və bankların investisiya potensialı genişlənir;
-Banklar yeni innovativ texnoloji avadanlıqların tətbiqinə can atır və bank sektoru inkişaf edir.
İstifadəçi baxımından:
- Səmərəlik-vaxta qənaət edilir, fiziki olaraq banka getmək, növbə gözləmək və nəticədə vaxt itkisi ilə üzləşmək kimi bir sıra problemlər aradan qaldırılır;
- fərqli odənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi;
- vergilərin, rusumların və digər büdcə ödənişlərinin, kommunal xərclərin (işıq, qaz, su, telefon və s.) internet vasitəsilə ödənilməsi;
- avia biletlərin və digər mal və xidmətlərin internet vasitəsi ilə alışı;
- ödəniş kartının itməsi və ya oğurlanması zamanı bankı vaxtında məlumatlandırmaqla pul vəsaitlərindən istifadənin qarşısının alınması;
- və sair.
Muxtar Respublikamızda da nağdsız hesablaşmaların əhatə dairəsi genişlənir..
Beynəlxalq təcrübə göstərir ki, nağdsız ödənişlər iqtisadi artıma o zaman effektiv təsir göstərə bilər ki, ölkədə müəyyən ödəniş infrastrukturu, istifadə bacarıqları, institusional mühit yaradılsın.
Məhz bu faktorları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyat həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-2015-ci illəri əhatə edən Tədbirlər Planı, “2016-2018 və 2019-2022-ci illəri əhatə edən Proqramların tətbiqi bu sahədə mühüm irəliləyişlərin əldə edilməsinə səbəb olubdur.
Belə ki, 01 yanvar 2014- cü il tarixə qədər muxtar respublika ərazisində 248 POS-terminal aparat quraşdırılıbdırsa, 01 aprel 2020-ci il tarixə POS-terminalların sayı 1278-ə çatdırılıbdır. Ödəniş kartlarının sayı isə 01 yanvar 2014-cü il tarixlə müqayisədə 01 aprel 2020-ci il tarixə 87711 ədəd artımla 270783 ədəd təşkil edibdir. Bundan əlavə olaraq iri ticarət mərkəzlərində, əhalinin daha çox sıx toplaşdığı və buna oxşar digər ərazilərdə kommunal xərclərin və digər xidmət haqlarının ödənilməsi məqsədilə 63 ədəd ödəniş terminallarının quraşdırılması təmin edilibdir.
Nağdsız ödənişlərin inkişafı üçün yaradılan lazımi infrastruktur və maarifləndirici, həvəsləndirici tədbirlərin həyata keçirilməsi əhalinin elektron ödənişlərdən daha aktiv istifadəyə sövq edibdir. Bunun nəticəsidir ki, internet və POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi muxtar respublika üzrə 2013-cü ilin dekabr ayında 218.605 manat təşkil edirdisə, 2020-ci ilin mart ayında bu göstərici 36 dəfədən çox artaraq 7.876.608 manata çatıb.
Muxtar Respublika ərazisində POS-terminallların tətbiqi mərhələli şəkildə həyata keçirilməsi nəzərə alınarkən əsasən vətəndaşlarımızın daha çox üz tutduqları iri ticarət obyektlərində, yanacaq doldurma məntəqlərində, iaşə və digər xidmət sahələrində o cümlədən sığorta haqqlarının ödənilməsi üçün Sığorta Agentliklərində, inzibati cərimələri ödəmək üçün Dövlət Yol Polisi şöbələrində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində, şəxsiyyət vəsiqələrinin və xarici pasportlara ödənilən rüsum haqqlarının ödənilməsi üçün Daxili İşlər Nazirliyinin pasport qeydiyyat şöbələrində quraşdırılması təmin edilibdir.
Kənd mərkəzlərində yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə bilavasitə kənd mərkəzlərində fəaliyyət göstərən ticarət və eləcə də müasir şəraitdə tikilib istifadəyə verilən xidmət mərkəzlərinin böyük əksəriyyətində nağdsız ödənişlərin aparılması üçün POS-terminal aparatlar quraşdırılıbdır. Buda ona əsas verir ki, həmin kənd sakinləri daha uzaq məsafə qət etmədən, yəni şəhər və rayon mərkəzinə getmədən öz vəsaitini bankomat aparatlarında nağdlaşdırılmasına ehtiyac qalmadan, biləvasitə ticarət və xidmət mərkəzlərində ona göstərilən xidmətin dəyərinin POS-terminal aparatı vasitəsilə ödənilməsini həyata keçirsin.
Kağız pulların gigiyenik olmaması nağdsız ödənişləri aktual edir...
Nağdsız ödənişlərin bir sıra üstünlükləri ilə yanaşı sağlamlıq cəhətdən üstünlüyünü də xüsusilə qeyd etmək istərdim.
Bu gün dünyada yayılmış koronovirus(COVİD-19) infeksiyası yayıldığı bir şəraitdə insanların nağd pula olan tələbatının artığı müşahidə olunmaqdadır. Bunun obyektiv və psixoloji səbəbləri olsa da hazırki vəziyyətdə kağız pulların insan sağlamlığına təhlükə yaratma riski olduqca yüksəkdir. Pulların mikroblarla, viruslarla, göbələklərlə çirklənmə təhlükəsi çoxdur. Pulların dövriyyəsi zamanı onların əldən-ələ keçməsi insanların yoluxucu xəstəliyə yoluxma ehtimalını daha da artırır.
Məhz bu baxımdan da, yolxucu xəstəliklərin kağız əksinazlarla yayılmasının mümkünlüyünü nəzərə alaraq ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminal aparatlar, kommunal, mobil telefon və digər ödənişlərin isə internet üzərindən və ya bankların təqdim etdiyi mobil və internet bankçılıq xidmətləri vasitəsilə nağdsız həyata keçirilməsi məqsədəuyğundur.
Qeyd edim ki, POS-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatlar aparmaq mümkündür. Yəni, ödəniş kartını ticarət obyektinin kassirinə təqdim etmədən yalnız POS-terminala yaxınlaşdırmaqla ödəniş aparmaq olur.
Digər tərəfdən vergi ödəyiciləri öz vergilərini, icarə, məcburi dövlət sosial sığorta haqlarını və digər büdcə ödənişlərini Mərkəzi Bank tərəfindən yaradılmış “Hökümət Ödəniş Portalı”nda ödəniş kartları vasitəsilə banka getmədən, ödəniş terminallarına yaxınlaşmadan evdən, ofisdən, mobil telefonlardan ümumiyyətlə istənilən internet məkan olan vasitələrdən istifadə etməklə öz ödənişlərini apara bilərlər.
Son söz...
Bu gün bu sahənin daha da sürətli inkişafinda mövcud infrastrukturun qurulması ilə yanaşı, vətəndaş fəallığının rolu danılmazdır. Aparılan islahatlar o zaman yüksək nəticə verəcəkdir ki, əhali görülən işlərin bir başa iştirakçısına çevrilsin.
Məhz bu baxımdan vətəndaşlarımız gündəlik həyatlarında ödənişlər apararkən daha rahat olan nağdsız ödəniş növünü seçmiş olarlarsa, onlar ilk növbədə öz rahatçılıqlarını təmin etməklə yanaşı, vergidən yayınmaların qarşısının alınmasında da köməkliklərini göstərmiş olurlar.
Rəşad Əliyev
Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu
və Audit” kafedrasının müəllimi