22 Dekabr 2024, Bazar

 

  

Əsası Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf etmiş, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaratmışdır.

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsində sənaye və kənd təsərrüfatı sahələri xüsusi əhəmiyyət kəsb edir.

Müstəqilliyin bərpasından sonrakı illərdə ölkə regionlarının iqtisadi və sosial inkişafı Azərbayacan dövlətinin diqqət mərkəzində olmuşdur. Milli iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan regional inkişafa isə 2003-cü ildən sonra xüsusi diqqət yetirilmişdir. Mövcud təbii ehtiyatlardan və əmək resurslarından tam və səmərəli istifadə etmək əsasında regionların iqtisadi inkişafını sürətləndirmək və miqyasını genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, rəhbərliyi və nəzarəti ilə dövlət proqramları qəbul olunmuş və həyata keçirilməsi ardıcıl təmin edilmişdir.

 Regional dövlət proqramlarının icrası digər regionlarda olduğu kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında da mühüm mərhələ olmuşdur. Keçən dövr ərzində muxtar respublikada genişmiqyaslı infrastruktur layihələri gerçəkləşdirilmiş, iqtisadiyyatın bütün sahələri üzrə islahatlar aparılmış, yeni təsərrüfatçılıq sistemi formalaşdırılmışdır.

İqtisadiyyatın sənayeləşməsini sürətləndirmək yolu ilə muxtar respublikanın güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi öz nəticəsini verməkdədir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, bunun nəticəsində yeni iş yerləri yaradılıb. Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini verməkdədir. Sənaye məhsulları istehsalının ilbəil sürətlə artması da bu sahədə nəzərəçarpan inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirilir. İqtisadi inkişafın mühüm göstəricisi olan ümumi daxili məhsulun tərkibində sənayenin ilk yeri tutması da bunu bir daha sübut edir. Belə ki, muxtar respublikada 2020-ci ilin ilk rübündə ümumi daxili məhsul istehsalı 548 milyon 388 min 900 manat olmuşdur. Bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1192,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,3 faiz təşkil etmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 2,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 2,1 faiz artmışdır. Ötən dövrlər ərzində muxtar respublikada qəbul olunmuş mühüm dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın diversifikasiyasına, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına nail olunmuşdur. Muxtar respublikada növbəti mərhə­lədə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

Sevindirici haldır ki, muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi kənd təssərüfatı sahəsinə də əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bu gün muxtar respublikada sənaye sahəsi ilə yanaşı kənd təsərrüfatı sahəsi də yüksək səviyyədə inkişaf etməkdədir. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verib, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Bu isə həm də təşəbbüskarlığın artması, fərdi təsərrüfatçılığın inkişafı deməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi muxtar respublika iqtisadiyyatını gücləndirmiş, kənd təsərrüfatının kompleks inkişafını təmin etmişdir. Həyata keçirilən tədbirlər əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbinə, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət şərait yaratmışdır. Bu inkişafı stastistik rəqəmlərə nəzər saldıqda daha aydın şəkildə görmək mümkündür. Belə ki, muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,5 faiz çox, yəni 29 milyon 652 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6 min 330,5 ton ət, 13 min 60,7 ton süd istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 və 1,8 faiz çoxdur. Etibarlı ərzaq təminatı sisteminin yaradılması öz növbəsində ixrac potensialını da artırıb. 2020-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. Aparılan təhlillər onu deməyə əsas verir ki, bu gün muxtar respublikada iqtisadiyyatın bütün sahələri üzrə davamlı və dayanıqlı inkişaf təmin edilib. Bu isə öz növbəsində muxtar respublikada həyata keçirilən düşünülmüş uğurlu iqtisadi siyasət, qəbul olunmuş dövlət proqramlarının, azad rəqabət mühitinin yaradılmasından irləli gəlir. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin arzuladığı kimi Naxçıvanın uğurlu sosial-iqtisadi tərəqqisi nəticəsində mümkün olub. Beləliklə, muxtar respublikanın uğurlu sosial-iqtisadi inkişafı ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yer tutur ki, bu da gələcəkdə ölkəmizin beynəlxaq təşkilatların reytinqində daha da yüksək nailiyyətlər qazanmasına müsbət şərait yaradır.

Nihad MEHBALIYEV

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR