22 Dekabr 2024, Bazar

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin ilk rübündə də davam etdirilmişdir.

 2020-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 548 milyon 388 min 900 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1192,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,3 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,3 faiz təşkil etmişdir.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 2,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 2,1 faiz artmışdır.


Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları göstəricisi

Sənaye

Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.
2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada 251 milyon 769 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 94,9 faizi malların, 5,1 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

2020-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 35 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 45 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-mart aylarında 7 milyon 260 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 71,6 faiz çoxdur.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-mart aylarında 41 milyon 377 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin yanvar-mart aylarında Naxçıvan şəhərində iki qərargah binasının, iki əsgər yataqxanasının, istirahət parkının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilmiş, istirahət parkının tikintisinə, yataqxananın əsaslı təmirinə başlanılmışdır.
Babək rayonunda beş avtomobil saxlancının əsaslı təmiri başa çatdırılmış, vertolyot meydançasının tikintisi davam etdirilir.
Culfa rayonunda retranslyasiya məntəqəsinin tikintisi, Sədərək rayonunda tabor mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır.
Şahbuz rayonunda üç anqarın tikintisi davam etdirilmiş, yaşayış binasının tikintisinə başlanılmışdır.
Şərur rayonunda 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılmış, Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 189 milyon 403 min 700 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Vəsait qoyuluşlarının 177 milyon 216 min 500 manatı və ya 93,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur.
2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada 68 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 169 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2020-ci ilin ilk rübündə 1 kənd mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin inşası davam etdirilmiş, 4 kənd mərkəzinin inşasına başlanılmışdır.
Muxtar respublikada 5 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilmiş, 4 yaşayış binasının yenidən qurulmasına başlanılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması hazırda davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 809 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.
Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılmış, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun və Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi davam etdirilmişdir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.

Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.
Muxtar respublikada əkinçiliyin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən qurulması başa çatdırılmışdır.

Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2500 ton olan 1 soyuducu anbar yaradılmış, 1 soyuducu anbar genişləndirilmişdir. 1 soyuducu anbarın yaradılması davam etdirilmiş, 1 soyuducu anbarın yaradılmasına başlanılmışdır. Bundan əlavə, 2 istixana təsərrüfatı yaradılmış və 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası davam etdirilir.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 96-sı 2020-ci ilin yanvar-mart aylarında olmaqla, ümumilikdə, 2835 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2020-ci ilin ilk rübündə 70 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 2 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 9008,3 ton mineral gübrə ilə təmin olunmuşdur.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ilin ilk rübündə də diqqətdə saxlanılmış, 16 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 12 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə yanvar-mart aylarında 3 milyon 152 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 93,7 faiz çoxdur.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Cari ilin ilk rübündə heyvandarlıq təsərrüfatlarında 2543 baş inək, düyə və camış süni yolla mayalandırılmış, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 3246 baş sağlam bala alınmışdır.

1 aprel 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 123 min 51 baş, qoyun və keçilərin sayı 767 min 814 baş olmuşdur ki, bu da 1 aprel 2019-cu il tarixə olan göstəriciləri 1,5 və 1,7 faiz üstələmişdir.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir.
2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6330,5 ton ət, 13060,7 ton süd istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 və 1,8 faiz çoxdur.

Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Cari ilin ilk rübündə bu sahədə müvafiq tədbirlər görülmüş, 5 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılmış, 3 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir. Təsərrüfat subyektlərinə 2020-ci ilin ilk rübündə 77 min 800 manat kredit verilmişdir. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı artırmışdır.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmiş, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir. Bundan əlavə, Ordubad rayonunun Vənənd kəndində istifadəyə verilən kənd mərkəzində baytarlıq məntəqəsi üçün müasir iş şəraiti yaradılmışdır.

Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 3 milyon 592 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 82,4 faiz çoxdur.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,5 faiz çox, yəni 29 milyon 652 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

 

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2020-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Bu dövrdə meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, Şahbuz rayonunun Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmışdır.
Şərur rayonunda bir subartezian quyusunun tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının tikintisi hazırda davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2020-ci ilin ilk rübündə 30,1 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 22 min ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

2020-ci ilin yanvar-mart aylarında Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində, Şərur rayonunda Şərur şəhərinə giriş və Muğancıq-Mehrab kəndində avtomobil yollarının yenidən qurulması davam etdirilmiş, Şərur rayonunun Qarabürc, Culfa rayonunun Camaldın, Babək rayonunun Nəcəfəlidizə kəndlərində avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır.

Naxçıvan Beynəlxalq HavaLimanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılmışdır. Hazırda Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi davam etdirilmiş, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulmasına başlanılmışdır.
Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz, sərnişin daşınması 0,9 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 11 milyon 991 min 400 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur.

2020-ci ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 1 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 1 avtomat telefon stansiyası quraşdırılmışdır.
Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün bina istifadəyə verilmişdir. Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilmiş, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisinə başlanılmışdır.

2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələyərək 13 milyon 380 min 100 manat olmuşdur. Ümumi xidmətlərin 80,2 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artmışdır.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması məqsədilə Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Kəngərli rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur şəhərində “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada 11,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 7 transformator yarımstansiyası quraşdırılmışdır.
Şərur rayonu ərazisində maye qazdoldurma və Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi başa çatdırılmışdır.
1 aprel 2020-ci il tarixə muxtar respublikada 87 min 588 əhali abonenti təbii qazla təmin olunmuşdur.

Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək qəsəbəsində və Şərur şəhərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 12 milyon 167 min 500 manat kredit verilmişdir. Verilmiş kreditin 7 milyon 306 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 4 milyon 861 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 14 hüquqi və 697 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

2020-ci ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqının məbləği 504,5 manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 16,5 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
2020-ci ilin birinci rübündə muxtar respublikada 188 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, bərbər, xalçaçı peşə hazırlığı və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər ixtisasartırma kurslarına, ümumilikdə, 92 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 615 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə iştirak edərək uğur qazanmış 62 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 65, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə isə 8 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2020-ci ilin ilk rübündə muxtar respublikanın istehlak bazarında əhaliyə 358 milyon 48 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,8 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.

Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Ordubad rayonunun Vənənd kəndində xidmət mərkəzinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilmiş, Babək rayonunun Babək qəsəbəsində bazarın, Şərur rayonunun Qarabürc kəndində xidmət mərkəzinin tikintisinə, Şəhriyar kəndində xidmət mərkəzinin yenidən qurulmasına başlanılmışdır.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2020-ci ilin birinci rübündə muxtar respublikanın xarici ticarət dövriyyəsi 70 milyon 998 min 400 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 53 milyon 530 min 700 ABŞ dollarını ixrac, 17 milyon 467 min 700 ABŞ dollarını idxal təşkil etmiş və 36 milyon 63 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına yeni imkanlar yaratmışdır.
1 aprel 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 86352-yə çatmışdır ki, bunun da 75794-ü və ya 87,8 faizi aktiv hesablardır. 2020-ci ilin ilk rübündə açılmış 9418 bank hesabının 9415-i aktiv hesablar olmuşdur.

2020-ci ilin ilk rübündə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 49 milyon 419 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,9 dəfə çoxdur. Verilmiş kreditlərin 7 milyon 264 min 200 manatı və yaxud 14,7 faizi qısamüddətli, 42 milyon 155 min 500 manatı və yaxud 85,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.

1 aprel 2020-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1285-ə çatdırılmışdır.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayonlarında inzibati binalarının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilmiş, aqrar sahənin potensial risklərdən zərər görmədən dayanıqlı inkişafının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondu yaradılmışdır.
Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 2020-ci ilin ilk rübündə 2 milyon 56 min 300 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 47,7 faiz çoxdur. Bir il öncəyə nisbətən könüllü sığorta daxilolmaları 2,3 dəfə artmışdır.

Təhsil, səhiyyə, sosial təminat,mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Ordubad rayonunun Vənənd kəndində 432 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Muğancıq- Mehrab kəndində məktəb binasının yenidən qurulması davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin binasının, Şərur rayonunun Şəhriyar, Culfa rayonunun Camaldın, Ordubad rayonunun Nüsnüs kəndlərində məktəb binalarının və Ordubad şəhərində 1 nömrəli məktəb binasının yenidən qurulmasına, Şərur rayonunun Qarabürc və Babək rayonunun Nəcəfəlidizə kəndlərində məktəb binalarının tikintisinə başlanılmışdır.

Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulmasına başlanılmışdır. Bundan əlavə, Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasının yenidən qurulması işləri davam etdirilir.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Ordubad rayonunun Vənənd kəndində həkim ambulatoriyası binasının tikintisi başa çatdırılmışdır. Şərur rayonunun Məmmədsabir və Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmiş, Şərur rayonunun Şəhriyar, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyası binalarının tikintisinə başlanılmışdır. Bundan əlavə, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilir.
Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanası yaradılmış və səhiyyə müəssisəsi üçün binanın yenidən qurulmasına başlanılmışdır.

Sosial layihələr çərçivəsində 2020-ci ilin ilk rübündə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 19 cərrahi əməliyyat aparılmışdır.
Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin yanvar ayından Naxçıvan şəhərində, 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2020-ci il 5 fevral tarixdə Sərəncam imzalanmışdır.

2020-ci ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 412 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 5 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik olunmuşdur. Bundan əlavə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 4 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ Lifan - 330” markalı minik avtomobilləri təqdim edilmişdir.

Muxtar respublikada 53 aztəminatlı ailənin hər birinə yanında balası olan inək, 9 ailənin hər birinə yanında balası olan 10 baş qoyun, 1 ailəyə yanında balası olan 10 baş keçi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin ilk rübündə 65 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir.
Rüb ərzində 218 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 61 nəfər stasionar, 30 nəfər ambulator olmaqla, 91 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində stasionar və ambulator olmaqla, 88 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 41 nəfər sanatoriya-kurortlara yollayışlarla, 94 nəfər texniki, 69 nəfər köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş, 99 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 8,8 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 19 fevral tarixdə Sərəncam imzalanmış və müvafiq mərkəzin tikintisinə başlanılmışdır.

Muxtar respublikada arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun artırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və icrasına başlanılmışdır.

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi öz növbəsində demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 3,5 min nəfər artaraq 1 mart 2020-ci il tarixə 460,1 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2019-cu ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,5 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir.

Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2020-ci ilin ilk rübündə pensiya və müavinətlərin ödənilməsinə 45 milyon 311 min manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 25,9 faiz çoxdur.
Muxtar respublikada idmanın inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Müvafiq Dövlət Proqramının icrasına başlanılmış, Naxçıvan şəhərində idman festivalı keçirilmişdir.

Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
2020-ci ilin ilk rübündə Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin bərpası başa çatdırılmış, Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası hazırda davam etdirilir.
Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Şərur Rayon Mədəniyyət Sarayının, musiqili fəvvarənin tikintisi, Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın yaradılması davam etdirilir.

Naxçıvan şəhərində və Culfa rayonunun Qazançı kəndində hər birində bir məscidin tikintisi, Şərur şəhərində Mərasim evinin və dini icma üçün iş otaqlarının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 2020-ci il 28 yanvar tarixdə Sərəncam imzalanmışdır.

Cari ilin ilk rübündə muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nəzdində Televiziya və Radio Verilişləri Redaksiyası yaradılmış və redaksiyanın fəaliyyəti təşkil olunmuşdur.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. 2020-ci ilin ilk rübündə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 45 min 512 turist gəlmişdir.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunmuş, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi, Culfa rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının yenidən qurulması işləri davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bütün sahələrdə əldə olunmuş uğurlar muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR