22 Dekabr 2024, Bazar

Dünyanın iqtisadi inkişafı sənayenin üzərində qurulub. Son iki yüz ildə sənaye sektoru müxtəlif mərhələləri keçərək elm və texnoloji yeniliklərin nəticəsində həyatımızın bütün sahələrində öz əksini tapıb. Hazırda isə sənaye sahəsi özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Elmi dairələrdə bu yeni dövrü IV sənaye inqilabı dövrü adlandırırlar. Son bir ildə dünyanın mötəbər elmi mərkəzlərində, araşdırma dairələrində tez-tez səsləndirilən bu yeni dövr haqqında müzakirələr mühüm aktuallıq kəsb etdiyindən biz də bu haqda araşdırdığımız bəzi məlumatları oxucularımızla bölüşmək istəyirik.

         Qeyd edək ki, son iki əsr ərzində dünyada müxtəlif sənaye inqilabları baş verib. I sənaye inqilabı 1784-cü ildə ilk buxar mühərrikinin ixtirası ilə başlayıb. Gəmilərdə, dəmiryolu və avtomobil nəqliyyatının hərəkətində istifadə olunan buxar mühərrikləri qısa müddətdə bütün dünyada yayılaraq sənayenin, ticarətin inkişafında mühüm rol oynayıb. II sənaye inqilabı isə bundan 90 il sonra  –  1870-ci illərdə meydana çıxıb və əsas təsiredici faktoru elektrikləşmənin yayılması ilə bağlıdır. Bu dövr, eyni zamanda kütləvi istehsal anlayışının başlanğıcı kimi qəbul edilir. III sənaye inqilabı da özündən əvvəlki inqilabdan təqribən 100 il sonra formalaşıb. Belə ki, 1969-cu ildən başlayaraq elektronikanın inkişafı, informasiya texnologiyalarının yaranması sənayedə avtomatlaşdırılmış istehsal dövrünün əsasını qoyub. Hazırda yaşadığımız dövr isə IV sənaye inqilabının astanası hesab edilir və əvvəlki mərhələlərdən fərqli olaraq bu sənaye inqilabının gətirdiyi yenilikləri gözləmək üçün daha 100 il vaxt lazım olmayacaq. Bundan əvvəlki sənaye inqilabının əsas hərəkətverici qüvvələrindən olan elektronikləşmə və informasiya texnologiyalarının sürətlə yayılması, həyatın bütün sahələrində tədbiqinin daha çox müsbət nəticələrlə özünü göstərməsi və ən əsası da digər sferalarla bütünləşməsi bu transformasiyanın daha tez baş verəcəyinə sübütlar kimi irəli sürülür.

         IV sənaye inqilabına keçid dövrünün başlanmasını hələ 4 il bundan əvvəl –  2016-ci ildə Davosdakı Dünya İqtisadi Forumunun təsisçisi və rəhbəri Klaus Martin Şvab bəyan edib. Bu sənaye inqilabının işartıları və dünyanın iqtisadi xəritəsini necə dəyişdirəcəyi haqqında bir azdan bəhs edəcəyik, lakin burada ölkəmizlə bağlı bir neçə məqamı qeyd etmək yerinə düşər..

         Haşıyə çıxaraq bildirək ki, bu iqtisadi forum dünyanın ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Mindən artıq üzvü olan bu təşkilat hər il dünyada gedən iqtisadi, siyasi, texnoloji proseslər, o cümlədən də iqlim və ətraf mühitlə bağlı məsələləri ən nüfuzlu iş adamları, dövlət başçıları və digər sanballı insanların iştirakı ilə müzakirələr edir. Hər il burada olduqca qlobal məsələlər haqqında həm açıq, həm də qapalı məsləhətləşmələr təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyev də hər il forumun təşkil etdiyi tədbirlərə dəvət olunur və panel müzakirələrdə çıxış edir. Azərbaycan Respublikası ilə Dünya İqtisadi Forumu arasında yaradılmış əməkdaşlığın, eyni zamanda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mahiyyətinin nəticəsidir ki, Azərbaycan Respublikası 2018-ci ildə ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutmuşdur. Dünya İqtisadi Forumunun hazırladığı inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları dəqiq əks etdirir. Ötən il isə ölkə başçısının Davosa növbəti cəfəri çərçivəsində Azərbaycan hökuməti ilə dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu və  Forumun prezidenti ilə əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Prezident İlham Əliyev görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək qeyd etdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirdi. Bununla yanaşı, əvvəlki illərdə Fondun icraçı direktoru Klaus Şvab da Azərbaycan Prezidenti ilə görüşlərində, eləcə də ölkəmizə səfəri zamanı Azərbaycanın sürətli inkişafından, həyata keçirilən iqtisadi islahatlardan, Şərqlə Qərb arasındakı beynəlxalq əlaqələrin əsas təminatçısı kimi oynadığı mühüm roldan məmnunluğunu dilə gətirmiş, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd etmişdi. Elə bu önəmin nəticəsidir ki,  öz tarixi fəaliyyəti dövründə qurumun hər il ənənəvi olaraq təşkil etdiyi tədbir indiyədək yalnız iki dəfə Davosdan kənarda keçirilib. Bizim üçün qürurverici hal odur ki, bu dünyəvi forum ABŞ-dan əlavə yalnız Azərbaycanda – Bakı şəhərində təşkil edilib. 2013-cü ildə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq” mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu dünyəvi qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi qiymətləndirilir.

         İndi isə IV sənaye inqilabı haqqında. İxtisasca iqtisadçı olan  Klaus Martin Şvab yeni dövrün başlanğıcını zəruri edən səbəbləri belə göstərir ki, iqtisadi artımı çox yaxın gələcəkdə texnoloji dəyişikliklər təmin edəcək və onların təsiri XIX və XX əsrlərdəki sənaye inqilablarındakından daha əsaslı, nəticələri isə daha tutarlı olacaq. Bu dəyişikliklər təkcə iqtisadi strukturlara deyil, insan həyatının bütün sahələrinə sirayət edəcək. Buna görə də, bütün sahələrin başdan-başa dəyişə biləcəyi ehtimalı daha çoxdur. Məsələn, ABŞ-ın “Uber Technologies İnc” taksi şirkəti yarandığı dövrdən ötən illər ərzində dünyanın 60-dan çox ölkəsində öz fəaliyyətini genişləndirməyi bacarıb. Ekspertlər bu böyümənin Google və Facebook-dan da sürətli olduğunu bildirirlər. MDB ölkələri içərisində isə bu xidmət Rusiyadan sonra 2015-ci ildən Azərbaycanda tətbiq olunur. Artıq hamımıza məlumdur ki, smartfon istifadəçiləri taksi xidmətinə ehtiyac duyduğunda əvvəlcədən telefona yüklədiyi uberproqram sayəsində bir toxunuşla mərkəzə xəbər göndərir və sürücü ilə istifadəçi arasında mobil uzlaşma yaradılır. Ünvanı söyləməsə belə, GPS sayəsində mərkəz müştəriyə yaxın olan taksini ona tərəf yönləndirir, eyni zamanda telefona gələn məlumatda avtomobilin modeli, naviqasiya üzrə hərəkəti, sürücünün fotosu və ona aid olan məlumatları, sürücülük reytinqi, gedəcəyi yolun tarif qiyməti və sair qeyd olunur. Bundan əlavə, Klaus Şvabın verdiyi məlumatlara əsasən,  3D çapı bütün sənaye istehsalını dəyişəcək, yəni təminatçılar (provayderlər) şəbəkəsi ya tam yoxa çıxacaq, ya da tamamilə başqa bir şəkil alacaq. Çeviklik hər şeyi həll edəcək. Bu sənaye inqilabının əsas özəllikləri ondan ibarətdir ki, yaxın gələcəkdə çox sayda yeni texnologiyalar yaranacaq. Bu texnologiyalar iqtisadiyyata təsir göstərən fiziki, digital və bioməhsulların əvəzləyicisi rolunda çıxış edəcək.  Yəni biz artıq texnologiyanın daha üstün bir mərhələsini yaşayacağıq və bu da təbii ki, iqtisadiyyata, texnoloji rəqabətə yenidən təsir edəcəkdir, dəyişikliklərə yol açacaqdır.

         IV sənaye inqilabının başlanğıc göstəricilərindən bəzilərinin artıq meydana çıxdığını deyə bilərik: onlayn təhsilin getdikcə yayılması, yenilənəbilən enerjinin istifadəsinin artması, avtonom nəqliyyat, pilotsuz təyyarələr və sair. Süni zəkanın tətbiq olunduğu robotlaşdırma insanlara saysız-hesabsız xidmətər göstərməyə malikdir. Məsələn, bu gün dünyanın inkişaf etmiş hərbi sənaye komplekslərində bir çox hərbi texnikaların məsafədən idarəsi üçün çoxsaylı tətbiqlər işlənilir. Əvvəllər düşmən ərazilərində  hədəfi məhv etmək üçün istifadə edilən hərbi texnikanın idarə olunmasında ən azından bir insanın olması mütləq idisə, hazırda canlı itkiyə yol vermədən bütün texniki vasitələrin robotlaşdırılması (məsələn, dronlar) üzərində iş gedir. Və yaxud son bir neçə ilin ən mükəmməl elektromobili kimi özünü sübut etmiş “Tesla” bundan sonra sahibinə bütün lazımi imkanlardan yararlanmağa imkan verəcək. Belə ki, istehsalçı şirkətin tətbiq etdiyi hər bir yenilik avtomobillərdə quraşdırılmış intellektual proqram sayəsində həmin an sürücünü məlumatlandıracaq. Sürücü isə bütün yenilikləri yeni model almadan öz avtomobilində tətbiq edə biləcək. Başqa bir misal. İşdən çıxıb evə gedən insanlar evdə heç kim olmasa belə, hansı ərzaqları alacaqlarını vaxt itirmədən soyuducularda quraşdırılmış süni zəka sayəsində mobil telefonlarının ekranında görə biləcəklər. Digər tərəfdən onlayn idarəetmənin sayəsində sənaye müəssisələrini işə getməməklə də idarə etmək mümkün olacaq. Hansı ki, Google, Facebook, Yahoonun timsalında bunun bir qismi hazırda da tətbiq olunur.

         Təbii ki, IV sənaye inqilabı III sənaye inqilabına əsaslanır. Bu sənaye inqilabının əsas özəlliyi onun rəqəmsal olmasıdır. Bizim bu gün dünyada qarşılaşdığımız bir çox problem var ki, onlar IV sənaye inqilabının baş verməsini zəruri edir. Bu, bəşəriyyət üçün, insanlar üçün tamamilə yeni bir dövrdür və biz artıq bu yeni dövrün tam başlanğıcındayıq. Eyni zamanda  IV sənaye inqilabı baş vermiş digər 3 sənaye inqilablarından fərqlənir. Əsas özəllikləri ondan ibarətdir ki, bu yeni dövrdə texnologiyalar iqtisadiyyata təsir göstərən fiziki, digital və bioməhsulların əvəzləyicisi rolunda çıxış edəcək.  Yəni biz artıq texnologiyanın daha üstün bir mərhələsini yaşayacağıq və bu da təbii ki, iqtisadiyyata, texnoloji rəqabətə yenidən təsir edəcəkdir.

         Lakin üstünlüklərlə yanaşı, IV sənaye inqilabının mənfi tərəfləri də vardır. Bilirik ki, bundan əvəlki sənaye inqilablarına da tənqidlə yanaşan, texnologiyanın çevik inkişafına, insan həyatında tutduğu mövqeyə sərt mövqe ortaya qoyan  insanlar var idi. Bu gün də belədir. Belə insanlar düşünürlər ki, IV sənaye inqilabı daha çox əmək bazarına mənfi təsir edəcək, insanların həyatdakı rolunu azaldacaq, nəticədə insanlar arasında qütbləşmə daha geniş şəkildə özünü göstərəcək. Belə bir vəziyyətin yaranacağı gözləniləndir. Ancaq bilinən odur ki, elm və təhsilin inkişafı bu dəyişikliklərin tətbiqində mühüm rol oynayacaq. Məsələ heç də 4-5 il və ya daha artıq oxuyub diplom almaqla həll olunmayacaq. Yalnız innovativ düşüncəyə, yaradıcı qabiliyyətə, emosional zəkaya, insanlar arasında əlaqələr qurmağa və onların nə istədiklərini həll etməyi bacaran, şəffaf və sistemli iderəetməyə meyilli olan kadrlara daha çox ehtiyac duyulacaq. Ekspertlər tərəfindən verilən proqnozlardan və çıxarılan nəticələrdən belə məlum olur ki, istehsal sənayesi olmayan, texnoloji yeniliklərlə ayaqlaşa bilməyən ölkələr öz müstəqilliklərini belə itirəcəklər və nəticədə qlobal robot korporasiyaları tərəfindən idarə olunacaq ərazilərə çevriləcəklər.

         Qeyd edək ki, IV sənaye inqilabı ilə bağlı müzakirələr qlobal çağırışların qapımızın astanasında olmasından xəbər verir. Əgər III sənaye inqilabı kütlənin daha ucuz məhsullar və xidmətlərlə təminatını nəzərdə tuturdusa, istehlakçıya diqqət yetirmirdisə, yeni sənayenin inkişafı daha çox fərdiliyin üzərində inkişaf edəcək. Bu gün Avropa ölkələri arasında yeni sənayeninin inkişafına ən çox pul xərcləyən Almaniyadır, yəni hardasa ümumi Avropa ölkələrinin xərclədiyi pulun üçdə bir hissəsini təkcə almanlar təşkil edir. Bu isə almanların yeni sənaye inqilabının önündə gedəcəyini göstərir. Görünən odur ki, bundan sonra iqtisadi artım, hərtərəfli inkişaf təbii sərvətlərlə deyil, insan zəkası və innovasiyalardan asılı olacaq. Sonda bunu da vurğulayq ki, yeni sənaye inqilabı bir çox peşələri təxirə salsa da, yeni peşələr də yaranacaq. Məsələn, Günəş və külək enerjisi üzrə texniklər, gen mühəndisliyi, kosmos üçün turizm bələdçiləri, iqlim mühəndisliyi, beyin implantı üzrə mütəxəssislər, kibertəhlükəsizlik və nanotexnologiyalar üzrə mühəndislər, uzaqdan səhiyyə xidməti və sair. Bunlar bizim təxmin edə biləcəyimiz peşə sahələridir, lakin bilmədiklərimiz bundan da çoxdur, hansı ki, yeni iqtisadiyyat bunu tədricən bizə “təqdim edəcəkdir”. Bəzən əbəs yerə demirlər ki, indi uşaq bağçasına gedənlərin üçdə ikisi gələcəkdə indi bizə məlum olmayan peşələr üzrə işləyəcəklər.

Sonda bunu da qeyd edək ki, IV sənaye inqilabı ümumilikdə dünya, qlobal iqtisadiyyat üçün faydalı, inkişafın yeni mərhələsi üçün əsas istiqamət olacaqdır. Hərçənd insanlar robotlaşmağa bəzən nə qədər tənqidi yanaşsalar da, unutmayaq ki, elə robotları da, sənaye inqilablarını da yaradan məhz insandır, insan beynidir. İnsan öz beyninin məhsulunu yaradırsa, ondan faydalanmağın da ən mümkün yollarını axtaracaqdır.

 P.S. Məşhur “Ford” avtomobilinin yaradıcısı Henri Ford deyirdi: “Biz hər kəsə istədiyi rəngdə qara avtomobil verə bilərik”. Bu, III sənaye inqilabının şüarı idi. IV sənaye inqilabında isə, “Mən düşündüyüm üçün mövcudam…” – deyən robot insanlara istehza ilə baxdı (Ayzek Əzimov).

Səbuhi HƏSƏNOV

 

  

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR