İnsanın ən təməl ehtiyaclarından biri olan qidalanma və sağlam həyat tərzi ərzaq təhlükəsizliyinin kifayət qədər təmin edilməsi ilə mümkündür. Bu gün dünyada ərzaq təhlükəsizliyi məsələsi çox geniş və son dərəcə vacib əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyi nədir? Bir ölkənin ərzaq təhlükəsizliyi iqtisadi və milli təhlükəsizlik siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkə əhalisinin ərzaq məshulları ilə təmin edilməsi dövlətin ən mühüm sosial-iqtiasdi siyasət istiqamətlərindən biridir. Ərzaq təhlükəsizliyi balansı pozularsa ölkədə aclıq və yoxsulluq baş verməsinin əsasını qoyur. Ona görə də biz bu gün ölkəmiz də ərzaq təhlükəsizliyi və bu sahədə mövcud olan qanunvericilik bazasından söhbət açmağı məqsədə uyğun hesab edirik.
Əvvəla onu qeyd etmək lazımdır ki, insanoğlunun həyatda qala bilməsi üçün gündəlik sağlam və kifayət qədər qidalanması gərəklidir. Ərzaq qıtlığı aclığa və yoxsulluğa gətirib çıxarır. Ərzaq problemi insanlıq tarixi qədər qədimdir və əsrlər boyu bu problem də öz xüsusiyyətlərini dəyişərək bu günə gəlib çıxmış və insan həyatında önəmli olaraq var olmuşdur. Ərzaq təhlükəsizliyi məsələsi nəinki iqtisadi təhlükəsizliyinin, eləcə də ekoloji və siyasi təhlükəsizliyinin də ayrılmaz parçasıdır.
Bir də vacib məqam odur ki, bu gün dünyada ərzaq təhlükəsizliyi problemi ayrı-ayrı ölkələrin şəxsi problemi yox, artıq qlobal, bütün dünyanın ortaq probleminə çevrilmişdir ki, bunun da baçlıca səbəbi müasir dövrdə iqtisadi münasibətlər sürətlə qloballaşır və ölkələrin sərhədlərini aşır. Buna görə də bu gün, BMT yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çoxsaylı dövlətlərin iqtisadi təcrübəsində ərzaq təhlükəsizliyi və onun hədlərini təhlil edərək, beynəlxalq ümumiləşdirmələr aparır. Bu təçilatın 1979-cu ildə keçirilən konfransında hər il oktyabr ayının 16-sının “Ümumdünya Ərzaq Günü” olaraq keçirilməsi qərara alınmışdır. Bu tarix həm də BMT yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranma günüdür. Bununla yanaşı, 1974 - cü ildə “Ümumdünya Ərzaq Şurası” yaradılıbdır. Bu şura ümumdünya ərzaq proqramı təşkilatı kimi fəaliyyət göstərir.
Ərzaq çatışmamazlığı dünya üzrə çox ciddi problemdir. Baxın, BMT-nin hesablamalarına görə bu gün dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Kifayət qədər qidalanmama cəmiyyətə çox baha başa gəlir və müxtəlif formalarda təzahür edir. Dünyada beş yaşından aşağı hər dörd uşaqdan biri aclıqdan əziyyət çəkir. Bu o deməkdir ki, kifayət qədər qidalanmayan 165 milyon uşaq həyat boyu tam fiziki və əqli inkişafdan geri qalacaqdır. Təxminən 2 milyard əhali sağlam həyat üçün zəruri olan vitamin və mineral maddələrin çatışmazlığı ilə üzləşmişdir. Ona görə də zəncirboyu, yəni, ərzağın nəqli, saxlanması, super - marketlərdə və evdə ərzaq itkisinin qarşısının alınması yolları öyrənilməsi bu baxımdan çox vacib məsələdir. Təbii ki, bu da bu sahənin mütəxəxssislərinin məşğul olduğu sahədir.
Ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanda həyata keçirilən siyasət təbii ki hüqiqi təməllər üzərində inşa edilmişdir. Qeyd edək ki, 2000 - ci ilin iyun ayında Azərbaycan hökuməti Avropa komissiyasının ərzaq təhlükəsizliyi proqramına qoşulmaq üçün memorandum imzalamışdır. Bunun ardınca Ulu Öndər Heydər Əliyevin ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşdirilməsini, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə 2 mart 2001-ci il tarixdə 640 saylı sərəncamı ilə “Azərbaycan Respublikasının Ərzaq təhlükəsizliyi Proqramı”nı təsdiq etdi. Ölkəmizdə ərzaq təhlükəsizliyinin bazasınıtəşkil edən həmin sərəncamda qeyd edilir ki, ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikası Hökumətinin mühüm vəzifələrindən sayılır.
Ərzaq təhlükəsizliyi hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi deməkdir. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır.
«Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsində öhdəlik və məqsədlərini əhatə edir. Bu proqramın dövlətin maliyyə öhdəlikləri və büdcə imkanları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Ərzaq təhlükəsizliyi proqramının məqsədləri aşağıdakılardan ibarətdir:
-yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə saxlanmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
-kəskin ərzaq qıtlığı hallarına yol verilməməsi sisteminin yaradılması.
Ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin başlıca məqsədi Azərbaycanın kənd təsərrüfatının gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasını, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmasını nəzərdə tutur. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq istehlakı vəziyyətinin yaxşılaşdırılması hesabına təmin edilməlidir.
Buna nail olmaq üçün aşağıdakı dörd əsas istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
-ərzaq təhlükəsizliyi ilə bağlı idarəetmə mexanizmlərinin möhkəmləndirilməsi;
-fermer təsərrüfatlarının kommersiya və bazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsi, kənd təsərrüfatı və ərzaq sektorları üçün müəyyən olunan güzəştlərin mərhələlərlə məhdudlaşdırılması;
-ölkədə ərzaq məhsulları növlərinin istehsalının inkişafı və kənd təsərrüfatının rəqabət qabiliyyətinin təmin edilməsi;
-kənddə infrastrukturun inkişafına kömək edən dövlət investisiya siyasətinin aparılması.
Qeyd edilən proqramda ölkəmizdə kənd təsərrüfatı inkişaf strategiyası, torpaq islahatı, meliorasiya və irriqasiya sisteminin yenidən qurulması, ərzaq istehsalı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinə yardım, sağlam qidalanma və ərzağın keyfiyyətinin yaxşılaşdırılması, sosial müdafiə mexanizmləri, fövqəladə vəziyyətə hazırlıq və. s kimi kompleks addımlar müəyyən edilmişdir ki, ötən illərdən bu günə kimi bunların demək olar ki, böyük əksəriyyətinə nail olunmuşdur.
Bütün bunlarla yanaşı ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 avqust 2008-ci il tarixli 3004 saylı sərəncamı ilə “2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Sərəncamda torpaqdan və sudan istifadə, bitkiçilik məhsullarının istehsalı və emalı, heyvandarlıq məhsullarının istehsalı, emalı və damazlıq işi, ət və süd məhsullarının emalı, aqrar bölmənin maddi-texniki bazası, gübrə və bitki mühafizəsi vasitələri ilə təminat, dövlət fitosanitar nəzarəti kimi sahələrin inkişaf etdirilməsi müəyyən edilmişdir.
Sərəncamda həmçinin, ərzaq təminatı ilə bağlı sahibkarlıq fəaliyyəti də qeyd edilmişdir. Əhalinin etibarlı ərzaq təminatında sahibkarlıq mühüm rol oynayır. Bununla əlaqədar olaraq, ölkədə işgüzarlıq mühitinin davamlı yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkədə həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı günü-gündən artır. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə dövlətin maliyyə dəstəyi uğurla həyata keçirilir. Dövlət başçısının imzaladığı bütün bu sərəncamlar ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasını təşkil edir.
Azərbaycan Respublikasında son illər ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması sahəsində xeyli işlər görülmüşdür. Bakı şəhərində, Naxçıvanda və ölkənin digər regionlarında yüksək maddi-texniki bazaya və kadr potensialına malik müasir tipli laboratoriyalar yaradılmışdır. Həmin laboratoriyalarda bir sıra ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq orqanoleptik, fiziki-kimyəvi, toksiki, mikrobioloji müayinələri aparılır və müvafiq rəylər verilir.
Ərzaq təhlükəsizliyi sahəsində görülən işlərin bəlkə də ən faydalı və real göstəricilərinə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən işləri nümunə göstərməliyik. Çünki, muxtar respublikada ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişafı, dövlət investisiyalarının aqrar bölməyə, onun infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldilməsi, meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi kimi bir çox məsələlərin uğurlu həlli öz bəhrəsini verməkdədir. Nəticədə bu gün muxtar respublikada ərzaq təhlükəsizliyi tam təmin olunub. Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır.Əhalinin etibarlı, ən əsası isə yerli məhsullarla təminatı üzrə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Bununla yanaşı, bildiyimiz kimi 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili elan edildi. Bu təkcə elan edilib sənəd üzərində qalmır, bu yöndə ardıcıl lazımlı işlər görülür. Ailə təsərrüfatı kənd təsərrüfatının bir sahəsi kimi ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə yönəlmiş fəaliyyətdir. Çünki bu təsərrüfat növünün elə ilk məqsədi birinci növbədə ailənin öz istehlak tələbatının ödənilməsidir. Bu tələbat ödənildikdən sonra ailə təsərrüfatları öz məhsullarını satmaq və ya dəyişdirmək üçün sərbəst bazaar çıxarır. Ona görə də ərzaq təhlükəsizliyindən danışarkən muxtar respublikada ailə təsərrüfatlarına yanaşılan həssaslıq, dövlət tərəfindən hər cür dəstəyi də qeyd etmək və qiymətləndirmək lazımdır.
Sonda onu demək istəyirəm ki, dövlət siyasətində insan amilini əsas prioritet kimi qarşıya məqsəd qoyan Azərbaycan Respublikasında, eləcə də muxtar respublikamızda insanların istənilən vaxt aktiv və sağlam həyat fəaliyyəti üçün başlıca meyar olan ərzaq təhlükəsizliyi daim diqqətdə saxlanılır. Bu sahədə görüləcək olan işlər təkcə sərəncamlarda qanunlarda yazılmaqla qalmır real olaraq uğurlu şəkildə həyata keçirilməklə öz faydalı bəhərsini də verir.
Elvin ZEYNALOV
Sədərək rayon prokurorluğunun
müstəntiqi I dərəcəli hüquqşünas