Muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri genişləndirib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2020-ci ilin ötən dövründə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsi 3 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak edib, muxtar respublikada istehsal olunan ərzaq məhsulları Rusiya Federasiyasında keçirilən “ProdExpo-2020”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood-2020” sərgilərində nümayiş olunub.
Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişləndirilib. Belə ki, cari ilin ötən dövrü ərzində 4 ixrac əməliyyatı üzrə dəyəri 7 min manatdan çox ixrac təşviqi sənədi verilib.
Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 2020-ci ilin yanvar-mart ayları ərzində 8 ölkəyə ixrac olunub, muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə 35 halda mənşə sertifikatının verilməsi təmin edilib.