Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.
Ticarət kompleksinin ikimərtəbəli əsas binasında və kompleksə daxil olan tikililərdə 228 standart ölçüyə malik ticarət obyekti və kənd təsərrüfatı məhsulları bazarı fəaliyyət göstərir.
“Cahan” Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı qat-qat artmış, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranmışdır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnmiş, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin aprel ayından kompleksin ərazisində 8750 kvadratmetr torpaq sahəsi ayrılmış, 350 mağazanın və digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi ikimərtəbəli yeni korpusun inşasına, cari ilin iyun ayından isə “Cahan” Ticarət Mərkəzinin əsas binasında yenidənqurma işlərinə başlanılmışdır.
İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan” İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunmuşdur. Yeni korpusda dəmir konstruksiya və hörgü işləri vaxtında başa çatdırılmış, ayrı-ayrı mağazalara avtomatik qapılar quraşdırılmışdır. Həmçinin yeni korpus və ayrı-ayrı mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilmiş, hər bir mağazaya telefon xətti çəkilmiş, POS-terminallardan istifadə üçün əlverişli şərait yaradılmışdır. Hər bir sahibkara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara şifrəsiz internetdən istifadə etmək imkanı yaradılmışdır. Ayrı-ayrı mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılacaqdır. Bundan başqa, ticarət mərkəzinin əsas binasının fasad hissəsi dizayn elementləri ilə zəngin olan tikinti materialları və travertin üzlük plitələrlə bəzədilir. Dairəvi mağazalarda isə daha müasir istilik sistemi quraşdırılacaq, ticarət mərkəzinin avtomobil giriş yollarına asfalt-beton örtük salınacaq, burada avtomobil dayanacağı istifadəyə veriləcəkdir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan ticarət mərkəzinin yeni korpusunda müxtəlif sahələrdə nümunəvi xidmət göstərilməsi ilə yanaşı, 550 nəfərdən çox fiziki şəxsin biznes fəaliyyəti ilə məşğul olmasına əlverişli şərait yaradılacaqdır.
Onu da qeyd edək ki, əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalına hərtərəfli şərait yaradılmış, aqrar bölmənin inkişafı üçün güzəştli kreditlər ayrılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermişdir. Hər il sahələrdə bol məhsul yetişdirilir. Həmin məhsulların ticarət mərkəzində rahat şəkildə satılması üçün lazımi şərait yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların artan müraciətləri nəzərə alınaraq, ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da yeni müasir korpusun tikilərək sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.
Yenidənqurma işlərindən sonra istifadəyə veriləcək “Cahan” Ticarət Kompleksi yeniləşən Naxçıvan şəhərinin müasir memarlıq üslubuna yeni çalarlar qatacaq, nümunəvi xidmət baxımından daha müasir məkana çevriləcəkdir.
Kərəm HƏSƏNOV