Çinin iri müəssisələri yeni koronavirus epidemiyası ilə uğurlu mübarizə nəticəsində öz işlərini tam bərpa edib.
Bu barədə Çinin Dövlət Statistika İdarəsinin rəsmi nümayəndəsi Mao Şenyun məlumat verib.
“Çin müəssisələrinin fəaliyyətinin bərpa prosesi uğurlu alınıb, iri kompaniyalar öz işlərini 100 faiz bərpa edib. Kiçik və orta kommersiya təşkilatlarında da vəziyyət gözləniləndən yaxşıdır: onların göstəricisi 80 faizdən yuxarıdır”, - deyə Mao Şenyun mətbuat konfransında bildirib.
Məmurun sözlərinə görə, xarici bazarlardakı vəziyyət daha mürəkkəb inkişaf etdiyi, daxili istehlak isə zəiflədiyi üçün Çin müəssisələri tələbat və sifariş azlığı ilə üzləşirlər. Belə bir vəziyyətdə hökumət cavab tədbirləri, məsələn, vergiləri və müxtəlif dövlət yığımlarını azaltmaq, biznesə əlavə maliyyə dəstəyi göstərmək, istehsalatın bərpası üçün müəssisələrə yardım etmək kimi məsələlər üzərində işləməyə məcburdur.