“Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütün Yetişdirmə Mərkəzindəki istixanalarda tütün şitilləri yetişdirilib. Şitillərin əraziyə köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.
Muxtar respublikanın Kəngərli rayonunun ərazisindəki istixanalarda 50-55 gün ərzində əkilən toxumlar şitil halına gətirilib. Bu şitillər bir neçə gün sonra sahələrə köçürülərək əkiləcək.
2,6 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Mərkəzində şitil yetişdirmək üçün 2200 kvadratmetr sahəsi olan 5 istixana, 10 min kvadratmetrdən çox sahədə tütün qurutma yeri yaradılıb. Hazırda istixanalarda tütün şitillərinə qulluq edilir, mütəmadi olaraq suvarılır. Əkin zamanı yerli iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur.
Qeyd edək ki, 2018-ci ildə etibarən muxtar respublikada hovuzlarda tütün şitillərinin yetişdirilməsinə başlanılıb. Sınaq məqsədilə ərazidə Virginia toxumu əkilib, 35 ton quru tütün əldə olunub. Bu ildə tütün əkilməsi üçün hovuzlar hazır vəziyyətə gətirilib. Artıq toxumlardan şitil əldə olunub. Hazırda şitillərdə seyrəltmə işləri görülür. Cari ildə 40 hektar sahədə "Virginia" növ tütün əkiləcək. Mərkəzdə yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcək. Eyni zamanda, burada və Babək rayonunun Cəhri kəndində ötən il yaradılan tütün qəbulu məntəqəsində tütün qəbulu həyata keçirilir.
Tütün Yetişdirmə Mərkəzinin icraçı direktoru Nürəddin Qəhrəmanovun verdiyi məlumata görə, bu il fermerlərdən alınan tütünün qiymətində iki dəfə artım olub. Bunun da əsas məqsədi tütünçülüklə məşğul olan fermerlərin gəlirlərinin artırılması və Naxçıvanda tütünçülüyün inkişafına stimul verilməsidir.