Babək rayonunda 50-dən çox emal və istehsal müəssisəsi fəaliyyət göstərir
Sahibkarlıq elə bir fəaliyyət sahəsidir ki, inkişaf etmiş ölkələrdə bu sahəyə qayğı ciddi önəm verilən vəzifəyə çevrilib. Çünki ölkə iqtisadiyyatını bunsuz təsəvvür etmək mümkün deyil. Bu sahəyə daim qayğı ilə yanaşan, respublikamızın sosial-iqtisadi inkişafını sahibkarlıq fəaliyyəti ilə çox sıx şəkildə əlaqələndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və onun bir hissəsi olan sahibkarlıq prosesinin yaranması və inkişaf etdirilməsi asan bir şey deyildir. Bizim hamımız birlikdə on illərlə mərkəzləşmiş dövlət iqtisadiyyatı şəraitində yaşamışıq. O dövrdə heç bir sahibkarlığa imkan verilmirdi. Və insanlar nəsildən-nəslə sahibkarlığın nə olduğunu unudurdular. İndi sahibkarlığı yenidən bərpa etmək, insanları buna alışdırmaq, onlarda sahibkarlıq keyfiyyəti yaratmaq, insanlarda sahibkarlıq xüsusiyyətləri tərbiyə etmək, yüksəksəviyyəli sahibkarlar hazırlamaq, milli sahibkarlar yaratmaq – bunlar vaxt tələb edir. Bunlar eyni zamanda dövlətin qayğısını tələb edir”.
Ümummilli liderin tövsiyə xarakterli bu fikirləri bu gün ölkəmizdə reallığa çevrilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə sistemində və iqtisadi sahədə aparılan uğurlu islahatlar sahibkarlığın formalaşmasına böyük stimul olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Naxçıvanda bacarıqlı sahibkarlar sinfi formalaşıb. Muxtar respublikada istehsal olunan məhsulların keyfiyyətinə görə xarici ölkələrdə mükafatlara layiq görülməsi təqdirəlayiqdir. Bunların sayını artırmaq üçün isə daha çox çalışmaq lazımdır”.
Bu gün muxtar respublikamızın hansı bölgəsinə üz tutsaq, sahibkarların hərtərəfli qayğı ilə əhatə olunduğunu görərik. Bu sahənin fəaliyyətinə yaşıl işıq yandırılanda emal və istehsal müəssisələri Naxçıvan şəhərində, rayon mərkəzlərində yaradılırdı, indi kənd yaşayış məntəqələrində də sahibkarlıqla məşğul olunur. Sahibkarların sayı gündən-günə artır. Bu artım günün tələbi kimi diqqəti çəkir. Yaxşı hal həm də ondan ibarətdir ki, belə sahələrin artması rəqabətədavamlı məhsul istehsalına şərait yaradır. Bunu Babək rayonunun timsalında da görmək mümkündür. Rayon Vergilər İdarəsindən aldığımız məlumata görə, bölgədə un, qənd, şirniyyat, çörək, ət, su, quşçuluq məhsulları, kərpic, dəri emalı və istehsalı ilə məşğul olan 50-dən çox müəssisə var. Onların bir neçəsinin fəaliyyəti ilə yaxından tanış olduq.
Nehrəm kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsinə Tərifə Əlirzayeva rəhbərlik edir. Sahibkarlığa Kömək Fondundan 15 min manat kredit götürülərək müəssisənin qurulmasına sərf olunub. Müasir avadanlıqlar alınıb. 6 nəfər nehrəmli burada özünə daimi iş yeri tapıb. Burada hazırlanan məhsul kənddə və rayonun digər yaşayış məntəqələrində özünə xeyli alıcı qüvvəsi toplayıb. Müəssisədə çalışanlar üçün hərtərəfli iş şəraiti yaradılıb, onlara sağlamlıq kitabçaları açılıb, işçilərlə əmək müqaviləsi bağlanılıb. Həftədə bir dəfə müəssisədə sanitariya günü keçirilir. Sahibkarlıq obyektində çalışanlar rəqabətədavamlı və yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün yaradılmış şəraitdən səmərəli istifadə edirlər.
Araz kəndində də emal və istehsal müəssisələri çoxdur. Onlardan biri də “Təchizat” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 2011-ci ilin əvvəllərində fəaliyyətə başlayıb. 6 hektar əraziyə malik olan obyektin 1000 kvadratmetr sahəsində istehsal sexləri tikilib. Bu sexlərin birində dəri emal olunur, digərində yumurta taraları istehsal edilir. Müəssisənin rəhbəri Arzu Dünyamalıyevdən öyrəndik ki, burada istifadə olunan avadanlıqlar İtaliyadan və Türkiyə Respublikasından alınıb. Avadanlıqlar yüksək texnoloji göstəricilərə malikdir. Dəri emalı sexində xammal aşılanma prosesindən keçir, qurudulur, emal “xrom” adlanan prosesə qədər davam etdirilir. Sonra aşılanmış dəri Türkiyə Respublikasına ixrac edilir. İndiyə qədər kəsilən heyvanların dərilərindən səmərəli şəkildə istifadə olunmurdu. Bu müəssisənin yardılmasından sonra həmin problem aradan qaldırılıb. Gələcəkdə isə istehsal sahəsinin genişləndirilməsi, aşılanmış dəridən müxtəlif məmulatlar hazırlanması nəzərdə tutulub.
Rayonun Cəhri kəndində 13 emal və istehsal müəssisəsi, xidmət sahələri fəaliyyət göstərir. Bunlardan biri un dəyirmanıdır. 2001-ci ildə yaradılan müəssisədə bir gündə 10 ton buğda üyüdülür. Burada istifadə olunan avadanlıqlar Türkiyə Respublikasından gətirilib. Dəyirmanda bütün işlər mexanikləşdirilib, 2 nəfər işlə təmin olunub. Ötən illərdə dəyirman istehsal sahəsini genişləndirib. Burada çörəkbişirmə sahəsi fəaliyyətə başlayıb. Daha 4 nəfər cəhrili isə bu müəssisədə özünə iş yeri tapıb.
Müəssisə rəhbərinin sözlərinə görə, muxtar respublikada taxılçılığın inkişafına göstərilən qayğı, ilbəil taxıl əkini sahələrinin genişləndirilməsi onların da boş dayanmasının qarşısını alıb. Dəyirmana təkcə Cəhri kəndindən deyil, qonşu yaşayış məntəqələrindən də üyüdülmək üçün buğda gətirilir.
Cəhridə daha bir obyektdə olduq. Bu, “Rahib” şirniyyat müəssisəsidir. 2011-ci ildə yaradılan müəssisə işini elə qurub ki, yaradılarkən Sahibkarlığa Kömək Fondundan götürülmüş 10 min manat kredit vaxtından əvvəl qaytarılıb. Sahibkar Tahir İsmayılov bildirdi ki, istehsal sahəsində müxtəlif şirniyyatlar hazırlanır. Müəssisənin istehsal sahələrini genişləndirməyə hazırlaşırlar. Bu o deməkdir ki, müəssisəyə göstərilən qayğıya əməli işlə cavab verilir. Qayğı artdıqca yeni sahələrin yaradılması zərurəti meydana çıxır ki, bu da, öz növbəsində, yeni iş yerlərinin yaradılması ilə nəticələnir.
Bu yazımızda muxtar respublikanın ən böyük bölgələrindən biri olan Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq müəssisələri, bu sahənin inkişafına göstərilən qayğı hesabına qazanılan uğurlar barədə qısaca da olsa, bəhs etdik. Onu bildirmək istəyirik ki, rayonda belə müəssisələrin sayının artması daxili bazarda yerli məhsulun xüsusi çəkisinin artmasında başlıca amildir. Yerli məhsul bolluğu isə muxtar respublikaya xaricdən gətirilən və baha qiymətə başa gələn məhsulların qarşısını alır. Qürurverici hal həm də ondan ibarətdir ki, bu gün özümüzün istehsal etdiyimiz məhsullar ixracyönümlüdür. Həmin məhsulların ixracı isə muxtar respublika iqtisadiyyatına əlavə gəlir gətirir.
Muxtar MƏMMƏDOV