Muxtar respublikanın Culfa rayonunda tikintisinə 2019-cu ildə başlanan Darıdağ arsenli su müalicə və istirahət kompleksində quruculuq işləri davam etdirilir.
Hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb. Həmçinin kommunikasiya xətlərinin çəkilməsi başa çatdırılıb, dam örtüyü vurulur.
Dörd mərtəbədən ibarət olan əsas korpusda otel və xidmət sahələri olacaq, qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq.
Kompleksə gedən yollarda da yenidənqurma işləri aparılır, yol yatağı genişləndirilir.
Culfa Rayon Təhsil Şöbəsi üçün tikilən yeni inzibati binada da işlər sürətlə davam etdirilir. İki mərtəbə və üç korpusdan ibarət olacaq binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinə tabe olan məktəbdənkənar müəssisələr, texniki yaradıcılıq və uşaq yaradıcılıq mərkəzləri, ikinci mərtəbəsində isə Təhsil Şöbəsinin iş otaqları yerləşəcək. Hazırda binada suvaq işləri görülür, elektrik xətləri çəkilir.
Rayonun Camaldın kəndində də quruculuq işləri aparılır. Kənddə həkim ambulatoriyası, kənd mərkəzi və xidmət mərkəzi inşa olunur, məktəb binası əsaslı şəkildə yenidən qurulur.
Hazırda Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün tikilən binada da işlər davam etdirilir.