22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq tədbirlərinin böyük bir hissəsini təhsil müəssisələrinin tikintisi təşkil edir. Son 18 il ərzində regionda 200-ə yaxın məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib. Ali təhsil müəssisələrinin də yenidən qurulmasına, maddi-texniki bazalarının təkmilləşdirilməsinə böyük diqqət yetirilib. Son illərdə Naxçıvan Dövlət Universitetində tədris korpuslarının, Tələbə evinin, Tələbə Sosial Xidmət Mərkəzinin inşası və ya müasir səviyyədə yenidən qurulması, eyni zamanda muxtar respublikanın pedaqoji kadrlara ehtiyacını ödəyən Naxçıvan Müəllimlər İnstitutu binasının əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilməsi təhsilə göstərilən böyük diqqətin nəticəsidir. Görülən işlərdən bu il muxtar respublikanın özəl ali təhsil müəssisəsi olan Naxçıvan Özəl Universitetinə də pay düşüb.

Naxçıvan Özəl Universiteti 1994-cü ildə filial kimi yaradılıb, 1999-cu ildən isə müstəqil fəaliyyət göstərir. Hazırda bu təhsil ocağında 865 tələbə bakalavr, 7 nəfər isə magistr pilləsində təhsil alır. Təhsilin müasir tələblər səviyyəsində qurulması, həmçinin müəllim və şagirdlərin hərtərəfli imkanlardan yararlanması üçün cari ilin mart ayından burada yeni tədris korpuslarının, rektorluq binasının və tələbə yataqxanasının tikilməsinə başlanılıb. Tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
İş icraçısı Rəşad Əliyevin verdiyi məlumata görə, əsas korpus zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. Hazırda burada qəlib-beton işləri görülür. Zirzəmi hissədə müəllim və tələbələr üçün yeməkxana, laboratoriya otaqları və anbarlar yerləşəcək. Digər mərtəbələrdə isə mühazirə zalları, elektron lövhəli siniflər, kompüter və müəllimlər otaqları, fənn kabinələri, auditoriyalar fəaliyyət göstərəcək.
Xarici dillərin tədrisi üçün nəzərdə tutulmuş tədris korpusu isə zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Binanın zirzəmi hissəsində və birinci mərtəbədə qəlib-beton işləri görülür. Bina hazır olduqdan sonra burada tərcümə və imtahan mərkəzləri, mühazirə və konfrans zalları, kompüter və sinif otaqları yerləşəcək.
Rektorluq binası isə zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada 1-ci və 2-ci mərtəbələrdə arakəsmə işləri yekunlaşıb, 3-cü mərtəbədə isə bu işlər davam etdirilir.
Universitet ərazisində tikintisi sürətlə aparılan binalardan biri də tələbə yataqxanasıdır. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan yataqxana binası 240 çarpayılıq nəzərdə tutulub. Zirzəmi hissədə camaşırxana, bərbər və gözəllik salonu (tələbə qızlar üçün), dərzi və digər məişət xidməti bölmələri, 1-ci mərtəbədə yeməkxana, nəzarətçi və tibbi müayinə otaqları, digər mərtəbələrdə yataq otaqları olacaq. Yataqxana binasında əsas tikinti işləri yekunlaşdırılıb. Hazırda elektrik xətlərinin çəkilişi aparılır, çardaq hissənin qurulmasına başlanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR